Qaribaşvili niyə baş əydi? (FOTO)
Bizi izləyin

İqtisadi gündəm

Qaribaşvili niyə baş əydi? (FOTO)

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistanda Çiçernakaberddə "erməni soyqırımı" abidəsini ziyarət edərək ora çələng qoymasından 4 gün ötür.

ANS PRESS-in məlumatına görə, ancaq o hadisə Azərbaycan mediasında bir neçə cümlə ilə işıqlandırıldı. Yəni bilərəkdənmi, yoxsa təsadüfdənmi bu olay geniş müzakirə obyektinə çevrilmədi.

Görəsən niyə? Gürcülərin onlara ən çox investiya yatıran Azərbaycana və bir çox enerji, dəmir yolu layihələrində tərəfdaşı hesab edilən Türkiyəyə qarşı bu sayğısıqlığı nədən qaynaqlanıb. Maraqlı burasıdır ki, Qaribaşvili İrəvana getməzdən öncə rəsmi Bakıya "erməni soyqırımı" abidəsini ziyarət etməmək sözünü veribmiş.

Bilinmir, o söz kimə verilib. Azərbaycanın baş nazirinəmi, Tiflisdəki Azərbaycan səfirliyinəmi, yoxsa kimə? Bəlkə İrakli heç kimə söz verməyib, bu haqda sosial şəbəkələrdə yazıb. Yazıbsa, söz veribsə, ziyarət etməməliydi. Ziyarət edibsə, daha geriyə yol yoxdur.







Onsuz da istər Azərbaycan mediasında, istərsə də siyasi dairələrdə belə bir deyim var ki, rəsmi Tiflis Amerika kamyonlarına bənzər çaladan qurtarmaq üçün Bakıya üz çevirib, çətin anda isə onun üzü İrəvana köklənib. Burda əsas faktor kimi din amilini və Borçalıda yaşayan 500 mindən çox soydaşalrımızı göstərirlər. SSRİ dağılan ərəfədə Borçalı, Laqodexi və digər bölgələrdə yaşayan soydaşlarımıza qarşı köçürmə əməliyyatı heç kəsin yadından çıxmayıb. Elə indinin özündə də azərbaycanlıların yaşadıqları kəndlərdə sosial problemlər xirdəyədəkdir və onların aradan qaldırılması üçün isə yalnız vizual görüntülər həyata keçirilir, dərinlikdə isə rəsmi Bakının və Heydər Əliyev Fondinun köməyi olmasa, ordakı eloğlularımızın aqibətini fərz etmək elə də çətin deyil.



Qaribaşvilinin Ermənistanda soyqırım abidəsini ziyarət etmək prosesi haqda heç rəsmi baş nazirin saytının ingilis və gürcü dillərində də məlumat verilməyib. Deməli, Tiflis bunu bacardığı qədər gizlətmək fikrinə düşüb. Erməni mətbuatı üsə gürcü rəsmisinin bu planını bəlkə də öncədən bildiyindən abidə önünə çələng qoymağı geniş işıqlandırıb və fotolar yayımlayıb. Fakt isə faktlığında qalır. İrakli Qaribaşvili soyqırım abidəsini ziyarət edib.

Azərbaycanda isə düşünürlər ki, problemlər içində çabalayan, torpağı işğal olunun kiçik bir ölkənin başqa çıxış yolu yox idi. Həm də bu, bir protokol qaydasına görə həyata keçirilmişdi.

Protokol qaydalarından söz düşmüşkən, keçmiş SSRİ-nin o vaxtkı rəhbərləri, 1990-cı ilin yanvarında Mixail Qorbaçovun birbaşa rəhbərliyi ilə qana boyanan Bakının qan yaddaşı simvollarından birinə çevrilən Şəhidlər Xiyabanını bütün ölkə liderləri ziyarət edibmi?



Əlbəttə, yox. Burada xüsusilə seçilən Rusiya prezidenti Vladimir Putin olub.



Düzdür, Putin prezident seçiləndən sonra 2001-ci ildə Bakıya ilk rəsmi səfərində Şəhidlər Xiyabanını ziyarət etmişdi, ancaq onun sonrakı ziyarətlərində bu, baş vermədi. Ancaq ondan fərqli olaraq Dmitri Medvedev prezident olanda hər gəlişində Şəhidlər Xiyabanını ziyarət edib.



Rusiya rəsmilərinin Bakıya səfərləri ilə bağlı maraqlı bir məqam da var. Özünü SSRİ-nin sələfi hesab edən Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin bir dəfə də olsun Azərbaycana rəsmi səfərə gəlməyib. Bu, onun Azərbaycana qarşı nifrətinin bariz nümunəsdir.



Deməli, rəsmi səfərlər zamanı tətbiq edilən protokol qaydaları yalnız protokol qaydalarıdır. Onu isə həyata keçirmək ölkə liderlərinin nüfuzundan və bölgədəki təsir dairəsindəm asılıdır.

Rusiyanın forpostu hesab edilən Ermənistana səfər edən İrakli Qaribaşvili dolayısı yolla elə Rusiyanın adamıdır, çünki eks prezident Mixail Saakaşvilini siyasi hakimiyyətdən uzaqlaşdırmaq üçün Kreml tərəfindən Tiflisə göndərilən Bidzina İvanişvilinin varis kimi qoyub getdiyi bir məmur kimin adamı ola bilərki?

Bu sadə sualın cavabı isə hər kəsə bəllidir. Abxaziya və Cənubi Osetiya kimi ərazilərini itirən Gürcüstan, bir tərəfdən Avropa Birliyi ilə assosiasiya sazişi imzalayır, digər tərəfdən isə Kremlin adamı tərəfindən idarə edilir.





Azərbaycanın siyasi klüarlarında isə Gürcüstanın hazırkı baş nazirinin hardan peyda olunması çoxlarını düşündürür. Politoloq Adıgözəl Məmmədovun isə İrakli Qaribaşvili və ümumilikdə Gürcüstan haqda maraqlı araşdırması var.



Onun fikrincə, Gürcüstan bir dövlət kimi mövcud yeni bir mərhələyə daxil olur: “Vətəndaşlar bu ölkəni hiss etmədən yaşayırlar. Görünür, çoxları 2013-cü ilin payızında hansısa dəyişiklikləri gözləyirdi. İndisə Ukraynada alovlanan dəyişikliklərdən ehtiyat edirlər.



Prezident Mixail Saakaşvilinin dövründə ölkə əhalisi möhkəm dayaq üzərində dayanmışdı, ölkə tez bir zaman içində Avropa ailəsinin və NATO-un üzvü ola bilərdi. Nəticədə şimal qonşusuna sübut edə bilərdi ki, o da sərbəst yaşaya bilər. İndi Gürcüstan mümkün avropalaşmanın ərəfəsindədir. İyun ayının 27-də Gürcüstanın Avropa İttifaqı ilə assosiativ üzvlüyün imzalanması mərasimi keçirildi, ancaq avropalaşmanın əleyhinə olanlar küçələrə axışdılar. Bu ərəfədə yeni siyasi fiqurlar, yeni şübhələr, yeni şüarlar üzə çıxdı, həmçinin Gürcüstan arzularını tənqid edənlər də tapıldı”, - deyə siyasi araşdırmaçı bildirib.

Adıgözəl Məmmədov vurğulayır ki, baş nazir İrakli Qaribaşvilinin erməni soyqırımı abidəsini ziyarət etməyində elə də şüuraltı məna yoxdur:



"Rusiyanın adamının adamı oranı ziyarət etməyə bilməzdi: İraklinin soyadının kökü olan “qərib” sözü ərəb dilində yad yerdən gələnə deyirlər. Qısa zaman kəsiyində ölkə siyasətinə “baş vuran” bu qərib insan haqda dünya mediası xeyli yazılar dərc etdi, ancaq yenə də onun şəxsiyyətinin bəzi qaranlıq məqamlarıı hələ də açılmamış qalır. Yeni baş nazirin şəxsi keyfiyyətləri haqqında danışarkən, deyə bilərik ki, onun davranış və xarakteri mahiyyətcə dəyişməyib. Özünü həmişə ciddi aparır, yoldaşlarına qarşı diqqətcildir, ancaq bir az qapalıdır. İrakli başqalarından əməksevərliyi və məsuliyyətinə görə fərqlənir. O, özünə və iş yoldaşlarına qarşı tələbkardır. Bəzən işini ehtiyatla görür. Belə ki, işə gedərkən və qayıdarkən müxtəlif marşrutlardan istifadə edir, tez-tez avtomobilləri dəyişir. İrakli Qaribaşvili yüksək vəzifəli məmurlarla dostluq etməkdən çəkinir, çünki o, hamıya şübhəli baxır və heç kəsə inanmır. Onu tanıyan insanlar bilir ki, İrakli Qaribaşvili heç bir lideri sevmir. Bir çox müasir gürcü rəhbərlərindən fərqli olaraq o, böyük dünyagörüşə malikdir, həm də savadlıdır. Onunla mübahisə etmək və nəyisə inandırmaq olar, ancaq son anda o, həmişə rəhbəri Bidzina İvanişvilinin məsləhətlərinə üstünlük verir.



Çünki bu vəzifəyə çatdığına görə İrakli Bidzinaya minnətdardır və bunu heç vaxt yaddan çıxartmır. Bidzinanın isə İrakliyə görə öz planları var və inanır ki, ona etibarlı olan hazırkı prezident Georgi Marqvelaşvili İrakli ilə ümidləri doğruldacaq”.



Araşdırmaçı hesab edir ki, eks baş nazir Bidzina İvanişvili Qaribaşvilinin köməyilə ölkədə bütün siyasi dairələri nəzarətdə saxlayır: “Bu işdə ona prezident Georgi Marqvelaşvilinin böyük köməyi dəyir. Ancaq buna baxmayaraq Bidzinanın hazırkı prezidentə tam inamı yoxdur, çünki Georgi bir vaxtlar Saakaşvilinin yanında olub, sonralar Nino Burdjanadzenin sağ əli hesab edilib. O, həmçinin gürcü siyasətinin liberal qanadı ilə sıx əməkdaşlıq edib, xüsusilə onun Qiqo Bokeriya, Levan Ramişvili və Qiya Nodiya ilə dostluq əlaqələri yaranıb. Elə baxımdan çoxları hesab edir ki, prezident Georgi Marqvelaşvili ölkənin iqtisadi işlərindən getdikcə kənarlaşdırılır. Ancaq Saakaşvili prezidentliyi dövründə iqtisadi məsələləri yalnız özü həll edirdi. Hazırkı Gürcüstanda isə italiyalı maqnat və siyasət adamı Silvio Berluskoninin idarəetmə modeli həyata keçirilir”.



Qeyd edək ki, İrakli Qaribaşvili Tiflisdə, 1982-ci il iyun ayının 28-də anadan olub. O, 1999-2004-cü illərdə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2002-2004-cü illərdə paralel olaraq Paris Sorbonna Universitetində "Beynəlxalq Əlaqələr" ixtisasına yiyələnib. 2005-ci ildə isə Tiflis Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2004-cü ildən 2012-ci ilədək o, Bidzina İvanişviliyə məxsus olan “Kartu” şirkətinin müxtəlif müəssisələrində yüksək vəzifələr tutub. 2006-cı ildə Gürcüstanda San-Marino Respublikasının fəxri konsulunun şəxsi nümayəndəsi olub. 2012-ci ildə o, “Gürcü arzusu - Demokratik Gürcüstan" siyasi partiyasının qurucularından biri olub. 2012-ci ilin noyabrından isə Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm