• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

“Mehriban Əliyevanın zövqünü Bakının simasında hiss etmək olar”

“Mehriban Əliyevanın zövqünü Bakının simasında hiss etmək olar”

"Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir"

“İnterfaks” informasiya agentliyi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun “Mehriban Əliyeva - xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsini dərc edib.

“Şərqdə insan anadan olarkən ona xüsusi ad vermək ənənə halını alıb. Bunun bütün insan taleyinə təsir edəcəyinə və ya əvvəlcədən müəyyənləşdirəcəyinə ümid edilir. Bu ənənənin real həyatda özünü nə dərəcədə doğrultduğunu bilməsəm də, məhz Mehriban Əliyeva ilə tanışlıq həmin adətin mahiyyətinə inanmağa vadar edir. Bu məqalə adı müasir tarixə təkcə məqsədyönlü və nümunəvi rəhbər kimi deyil, həm də əsl Şərq gözəlliyini təcəssüm etdirən zərif və nəzakətli qadın kimi düşən məhz bu insana, qeyri-adi şəxsiyyətə hörmət və ehtiram əlaməti olaraq həsr edilir.

Elə görünür ki, hərtərəfli və yorulmaz fəaliyyəti təkcə ölkədə deyil, həm də onun hüdudlarından kənarda kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan insan haqqında öz fikrini açıq şəkildə ifadə etməkdən asan iş yoxdur. Onun iş və nailiyyətlərinə saysız-hesabsız məqalə həsr edilib. Hamı Mehriban Əliyevanın yaşından, milliyətindən və dini inancından asılı olmayaraq minlərlə insanın ürəyini necə fəth edə bildiyini anlamağa çalışır. Cavab, əlbəttə ki, asandır. Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.

Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir. Məsələ burada onun ədalətli və xeyirxah davranışlarının təsviri üçün hər hansı söz çatışmazlığında deyil, oxucunun onun haqqında təsəvvürünü formalaşdırmaq şansı əldə edə biləcəyi incə detalı, məğzi unutmaq əndişəsidir. Lakin peşəkar fəaliyyəti uzun illərdir Mehriban Əliyevanın adı ilə ayrılmaz şəkildə bağlı olan bir insan kimi, onun işə və ətrafdakılara münasibəti haqqında təəssüratlarımı bölüşmək qərarına gəldim.

O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. O, ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Mehriban Əliyeva həyatında bir çox şeylərə nail ola bilib: üç uşaq böyütmək və öz həyat yoldaşına etibarlı dayaq olmaqla, dəstəyə ehtiyacı olanlara kömək göstərərək ölkənin ictimai həyatının ayrılmaz hissəsinə çevrilmək.

Hər birimizə aydındır ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yalnız bir sahəyə diqqət ayıra və ya bir çox ölkənin birinci xanımları kimi kənardan müşahidəçi mövqeyi tuta bilərdi. Lakin bu, onun prinsiplərinə cavab vermir.

Tam məsuliyyətlə deyə bilərəm ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Üstəlik, birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.

Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Bundan başqa, onlar Mehriban xanımın simasında təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.

Mehriban Əliyeva ailəsini çox sevir və ailə ənənələrinə böyük hörmət bəsləyir. O, hesab edir ki, əgər evdə qarşılıqlı anlayış, qarşılıqlı dəstək və hörmət varsa, qalan şeylər özü düzələcək. Hazırda İlham Əliyev və Mehriban xanımın birliyi bir çoxları üçün nümunədir. Onların nümunəsi sayəsində milli ailə ənənələri dirçəlir, qarşılıqlı anlayış artır, uşaqlara, uşaqların valideynlərə münasibəti dəyişir.

Protokol baxımından qüsursuz davranış, susqun baxış, boğuq intonasiya özünə daha az diqqət yönəltməyə xidmət edir. Düzdür, bu, həmişə alınmır. Birinci xanımın nöqsansız xarici görünüşü və tərzi xeyli müddətdir təqlid predmetinə çevrilib. Mehriban Əliyeva zəngin mənəvi və intellektual potensiala malik çox maraqlı insandır. O, bütün başlanğıclarda müsbət nəticə qazanmaq üçün qibtəedici qabiliyyətə malik mahir praqmatikdir. O, həqiqətən də, tükənməz enerjiyə malikdir. Deyərdim ki, məhz onun inamı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla yekunlaşmasına daha böyük əminlik verir. Bu insan incə yanaşması və unikal müdrikliyi sayəsində şübhə və bədbinliyi kənara atmaqla istənilən vəziyyətdən çıxış yolu tapa bilər.

Onun yanında işlədiyim illər ərzində iki sadə həqiqəti dərk etdim: onlardan birincisi - Mehriban Əliyevanın fəaliyyətində hər şeyin öz vaxtı var və tələskənlik bu və ya digər layihənin nəticəsinə zərər vura bilər. İkincisi - onun mahiyyəti layihə həyata keçirildikdən sonra anlaşılan ilk baxışdan az əhəmiyyətli görünə biləcək detallara diqqətli yanaşması və dəqiq təhlili. Məhz buna görə də Heydər Əliyev Fondunun uğurları təkcə həmrəy kollektivin yorulmaz işinin nəticəsi deyil, həm də bütün təfərrüatları dəqiq başa düşən, komandanın hər bir üzvü ilə sıx təmasda olmaqla tədbirlərin hazırlanmasında və reallaşdırılmasında iştirak edən tələbkar və məqsədyönlü rəhbərin səyləridir.

Xalq onu sevir və ona inanır, buna görə də Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenantlıq ənənələri canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrinin həmin problemlərin həllində iştirakına can atmasına nail olub. Bununla da Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bu gününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub. Məhz birinci xanım ətrafına gənc əməkdaşları topladıqdan sonra müasirliyin tələblərinə uyğunlaşdırılan dövlət qurumları, ənənəvi olduğu kimi, təkcə “stajı” olan insanları deyil, həm də gənc nəslin nümayəndələrini işə qəbul etməyə başladı.

Mehriban Əliyevanın öz gözəlliyi və səxavətliyi ilə heyran edən dərin mənəvi dünyası haqqında təkcə onunla yaxından tanış olanlar deyil, həm də onunla bir kəlmə söhbət etmək imkanı qazananlar danışa bilərlər. Kənardan müşahidə edərək onun öz diqqəti ilə insanlara verdiyi sərhədsiz sevincə heyran olmamaq mümkün deyil. Bəzən elə görünür ki, Mehriban xanım isti və qayğı dolu bir baxışı ilə isidir, sakitləşdirir və ümid verir.

Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə almış uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.

Onun uşaqlara qarşı xeyirxahlığı, mərhəməti və sevgisini qızları Leyla və Arzu əxz ediblər. Məhz onların uşaq evlərinə və internat məktəblərinə tez-tez baş çəkməsi yeni ənənənin əsasını qoyub - hazırda ictimaiyyət, müxtəlif dövlət strukturları və beynəlxalq təşkilatların nümayəndələri uşaq müəssisələrinin yetirmələrinə mütəmadi baş çəkirlər.

Mehriban Əliyeva 2004-cü ildə əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evinə baş çəkdiyi zaman xəstəlikdən əziyyət çəkən uşaqları ana qayğısı ilə qucaqlayarkən, qollarına alarkən uşaq evinin tərbiyəçilərinin gözündə sevinci, heyranlığı, eyni zamanda, təəccübü xatırlayıram. Onun bu münasibəti ilk dövrlərdə hətta təhlükəsizlik xidmətinin əməkdaşlarını çaşqın vəziyyətə salırdı. Onlar necə davrandıqlarını bilmirdilər; uşaqları Azərbaycanın birinci xanımının yanına buraxmaq olar, ya yox. Onun fiziki qüsurlu uşaqları qucaqladığı videokadrlar ilk növbədə təəccüb doğururdu. Hazırda bu normadır və qarşımızda tamamilə başqa mənzərə var. Biz Mehriban xanımdan nümunə götürərək, sağlamlıq vəziyyətindən asılı olmayaraq, uşaqları cəmiyyətin bərabərhüquqlu üzvləri kimi görməyə başlayırıq.

Dünya birliyinin Azərbaycanın tarixi reallıqları, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı və işğal edilmiş ərazilərimizdəki vandalizm faktları barədə məlumatlandırılması Mehriban xanımın Heydər Əliyev Fondu qarşısında aydın şəkildə qoyduğu əsas tapşırıqlardan biridir.

Dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, eləcə də xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlər, onun təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, Avropa Parlamentinin və YUNESKO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki mənzil-qərargahında silsilə tədbirlərin keçirilməsi bir məqsəd güdür: ölkənin mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq arenada onun imicinin yaxşılaşdırılması.

Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. Ermənistan tərəfindən təcavüzə məruz qalan və işğal altında olan ərazilərdə vandalizm aktları ilə qarşılaşan Azərbaycanın Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və digərlərinin bərpasında aktiv iştirakı haqqında informasiyanı bu gün bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.

O, ətraf mühitin mühafizəsi, o cümlədən ağacların kəsilməsi ilə bağlı problemlərə xüsusi həssaslıqla yanaşır. Onun göstərişi ilə Fondun əməkdaşları dəfələrlə ağacların kəsildiyi yerlərə gedərək nadir növdən olan ağacların məhv edilməsinin qarşısını alıblar. Bu, Bakı sakinləri üçün ətraf mühitin qorunmasına çağırışdır. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildən bütün ölkədə milyonlarla ağac əkilib. Bu fəaliyyət Fondun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoqun (IDEA) təsisçisi və rəhbəri, ətraf mühitin təhlükəsizliyinin təmin olunması və təbiətin mühafizəsi sahəsində gənclərin məlumatlılığının artırılmasına xüsusi diqqət ayıran Leyla Əliyeva tərəfindən də davam etdirilir.

Azərbaycanı dünyaya olduğu kimi, yəni dünyəvi, çoxmillətli və müxtəlif dinlərin mövcud olduğu, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etibara əsaslanan səmimi dostluğun və əməkdaşlıq münasibətlərinin tarixən mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir. Onun təşəbbüsü ilə həyata keçirilən “Tolerantlığın ünvanı. Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini obyektlərdə - Pir Həsən ziyarətgahı, Bakıda Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi və Müqəddəs Məryəm Kilsəsi, Şamaxıda Cümə Məscidi, Gəncədə Həzrəti Zeynəb Məscidindən tutmuş Fransanın müxtəlif regionlarındakı kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, eləcə də Həştərxanda Knyaz Vladimirin abidəsinin ucaldılmasınadək restavrasiya işləri görülüb. Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpası isə beynəlxalq ictimaiyyət tərəfindən müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına töhfəsi kimi qəbul edilir.

Mən dəfələrlə onun xarici ölkələrin tarixi və mədəniyyəti ilə bağlı biliyinin dünya muzeylərinin bələdçi və ekskursiya rəhbərlərini necə valeh etdiyinin şahidi olmuşam. Misal üçün, Mehriban xanım Vatikan Dövlətinə sonuncu səfəri zamanı katakombaların bərpaçıları ilə iki saat ərzində ünsiyyət qurub onların gördükləri işlərin detallarına vararaq, onu müşayiət edən rəsmi şəxslər də daxil olmaqla, ətrafdakıları təəccübləndirdi.

Mehriban Əliyevanın incə zövqünü Bakı şəhərinin dəyişən simasında da hiss etmək olar. Onun məsləhətləri nəticəsində arxitekturanın şərq və qərb üslubları harmonik şəkildə birləşir, bu zaman əbədi gənc paytaxt öz tarixi simasını qoruyub saxlayır.

Onun rəhbərliyi altında xeyli sayda əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mənəvi dəyərlərin qorunub saxlanması və dünyaya təqdim edilməsinə öz töhfəsini verir, istedadlı gəncləri – idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə insana sağlamlığını və ümidini qaytarıb. Bunların hamısı bir məqsədlə - öz xalqının və Vətəninin rifahı naminə xidmət etmək məqsədi ilə həyata keçirilir. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi daimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkədir. İndi isə, demək olar, yüz il sonra bizim birinci xanımımızın simasında Odlar Ölkəsi dünyaya yeni obraz təqdim edir. Əbəs yerə deyil ki, Qərbin kütləvi informasiya vasitələrində dəfələrlə belə bir fikir bildirilib ki, xüsusilə postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun aktivləşməsi bir çox halda Mehriban Əliyevanın sayəsində baş verdi.

Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyir və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır”.

Qafqazinfo.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR