• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qubadlının işğalından 21 il ötür

Qubadlının işğalından 21 il ötür

Qubadlının qədim tarixi ilə bağlı problemlərin içərisndə “Qubadlı” toponiminin mənşəyi xüsusi maraq doğurur. Qubadlının işğalı ərəfəsində rayona çox yaxın yerdə, Hacılı kəndi yaxınlığında arxeoloji qazıntılar zamanı Sasani şahı Qubadın (488-531) adından zərb edilmiş gümüş sikkə nümunələri (60-a qədər) tapılmışdır. Dəfinənin olduğu küpün hündürlüyü 10,5 sm. oturacağın diametri isə 6,5 sm-dir.

Nümizmat M. Seyfəddinin bu sikkələrin 521-522 ci illərdə kəsildiyini bildirib. Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsa da, yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Bu mülahizə ilə bağlı t.e.a. prof. İsaq Məmmədovun bildiyi kimi Qubadlı əvvəllər Azərbaycanın şimalında mövcud olan Albaniyanın tərkibində olmuşdur.

Kür-Araz mədəniyyətinin ən parlaq nümunələri Bərgüşad-Həkəri çayları arasında boy atıb ucalmış maddi mədəniyyət nümunələridir.

Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıb. Rayonun ərazisində bu günümüzə qədər gəlib çıxmış abidələr də “əşyayi-dəlil” kimi bu faktı əyani şəkildə təsdiqləyir.

Qubadlı adının yaranması və etimologiyası ilə bağlı bir necə fərziyyə vardır. Bəzi məlumatlara əsasən həmin ad qubadlı tirəsindən yaranıb. Lakin həmin tirə nə vaxt, necə yaranıb və həmin ad haradan götürülüb kimi bir çox suallar ortaya qoyur.

Həmin saytda yerləşdirilən fərziyyələrin digərinə görə Qubadlı adı Sasani şahı Qubadın adından alınmadır. Lakin bu fərziyyə də özünü doğruldmur, çünki Sasani sülaləsinin hakimiyyəti dövründə hunların şimaldan yürüşlərinin qarşısını almaq məqsədi ilə onlar tərəfindən tikilən bir sıra qalalar, o cümlədən möhtəşəm Dərbənd qalası imperiya hökmdarlarının adı ilə tanınmadığı halda, XX əsrə qədər balaca bir kənd olan Qubadlının İran şahının adı ilə tanınması heç cür ağlabatan deyil.

Fərziyələrin birinə əsasən Qubadlı adı ilk dəfə İkiçayarası bölgəsində mixi yazılarda yad edilir. Onun məlumatına görə İkiçayarası ərazisində yerləşən Qubadlı hazırda Beybaxan adlanır. Müəllif yazır ki: “Bu ad türk mənşəlidir. Aşşurbanipal Anşan çarı Tuman-Humban-İnşuşinakın ölümündən sonra onun əmisi oğlu Ortaq İnşuşinakın kiçik oğlu Tummurati Qubadlı şəhərinə hakim qoyulmuşdur. Azərbaycandakı Qubadlı toponiminin və İkiçayarası Qubadlı şəhərinin adındakı eynilik onların eyni köklü olduğunu göstərir”. Lakin burada da müəllif tərəfindən Qubadlı adının izahı verilmir.

M.V.Vəliyev (Baharlının) yazdığına görə I Şah Abbas dövründə şahsevən tayfalarına tezliklə Türkiyədən gələn iki tərəkəmə-səlcuqlu nəsli də qoşuldu. Bunlar bəkdli və ipollı nəsilləri idi. Bəkdili nəslindən də sonra Cilovlu, Çaxarlı və Kobadlı oymaqları yarandı. Məlumatdan aydın olduğu kimi, burada yad edilən bütün tayfalar türk “-lı/-li/-lu” mənsubiyyət şəkilçisi ilə istifadə olunmaqdadır.

Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda məskunlaşmış bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.

Bir çox tədqiqatçılara görə, birinci komponenti təşkil edən “bərgü” sözü qədim türk mənşəli bərq tayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şadsat sözü isə bir növ cəmlik bildirir.

Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri “bərgülərin dağı”, “bərgülərin çayı”, “bərgülərin çökəyi” mənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir.

Gənc tədqiqatçı R.Əlizadənin araşdırmalarında da göstərildiyi kimi, Qubadlılar antropoloji baxımdan Kaspi (Xəzər və ya Oğuz) və Anadolu tiplərinin populyasiyası olmaqla yanaşı monqoloidlərin ən qədim sütunlarından biri sayılan poleosibir tipinə də bənzəyirlər. V.V.Bunakin müəyyənləşdirdiyi ön Asiyada və Balkanlarda formalaşan Qafqaz-Balkan irqinin Kaspi (Xəzər) tipinin-antropoloq və etnoqraf K.K,Məmmədov arxioloji, poleoantropoloji və digər praktiki dəlillərə söykənərək bu tipi Oğuz irqi adlandırmağı təklif edir, bəzi xüsusiyyətləri (başın yarması-dolixokefali) orta boy Şimali Qafqaz tipinə nisbətən bədənin daha çox piylənməyə meyilliyi, 3-cü tük örtüyünə görə dünyada ilk yerlərdən birini tutması, saçın rəngi (tünd və qara və.s) qubadlılar üçün səciyyəvidir. Qubadlıların mənsub olduğu Oğuz tipinin monqoloidlik xüsusiyyətləri Qafqaz_Balkan irqinin digər tipinə nisbətən daha çoxdur.

Beləliklə, tədqiqatçıların rəyinə görə Qubadlı əhalisi etnik tərkibinə görə qədim türklərin Oğuz tipinə mənsubdur.

Qubadlıda uzaq və yaxın keçmişimizlə səsləşən bir çox abidələr məlumdur; Alban kilsəsi- VII əsr Məzrə kəndi, Alban kilsəsi- VII əsr, Yuxarı Cibikli kəndi, Mağara məbədi IV əsr Əliquluuşağı, Gavur dərəsindəki mağara- ibadətgahı IV əsrə aid edirlər. Muradxanlı kəndindəki “Qalalı” qalası V əsr, Daş qoyun fiquru-XV əsr Sarıyataq kəndi, Türbə -XVIII əsr Boyunəkər kəndi, Məscid-XIII əsr Mollalı kəndi, Məscid XIII əsr Məmər kəndi, Məscid- XIII əsr Mirlər kəndi, Məscid qalıqları- XV-XVI əsr Xələc kəndi, Dəmirçilər kəndindəki iki türbə XIVəsr, məscid XIXəsr, Yazı düzü deyilən sahədə yerləşən “Cavanşir qalası” XIV əsr, Gürcülü kəndi yaxınlığındakı “İmamzadə” türbəsi XVII əsr, Xocamsaxlı kəndindəki mağara-ibadətgah XVIII əsr və “Göy qala” türbəsi V əsrin, “Laləzar” körpüsü 1867-ci ilin, Dondarlı kəndindəki məscid və Dəmirçilər kəndindəki Hacı Bədəl körpüsü XIX əsrin yadigarı, daş tarixi kimi bu gün də gözəlliyini, məğrurluğunu, müqəddəsliyini itirməyib. Eyni zamanda, uzaq keçmişimizlə səsləşən köhnə sandıq və qoç qəbirləri son günlərə kimi qorunurdu.

Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir. Azərbaycanın Zəngəzur və Göyçə əraziləri XVII-XVIII əsrlərdə çox təcavüzlərə məruz qalmışlar. Zəngəzurda İran, Türkiyə və Rusiyanın (XIX əsr) maraqları qarşılaşıbdır. Xanlıqların dövründə Zəngəzur ərazisinin əksər hissəsi əvvəl Təbriz xanlığının tərkibində olub. İndiki Qubadlının bir hissəsi – Maltəpədən cənuba qədər olan hissə Qaradağ xanlığının tabeliyində olub.

Qubadlı, Qafan ərazilərində XVII-XVIII əsrlərdə Səfəvilər, Təbriz, Qarabağ xanlıqlarının yaratdıqları bir neçə ərazi idarəetmə xanlıqları-bəylikləri olmuşdur. Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur.

Lakin sonradan Qarabağ xanı Pənahəli xanın sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.

1930-cu il avqust ayının 30-da Azərbaycan SSR-də rayonlaşma aparılarkən Azərbaycan Xalq Komisarları Sovetinin və Mərkəzi İcrayyə Komitəsi birgə qərarı ilə Azərbaycanda I, II, III kateqoriyalı rayonlar yaradılmışdır ki, Qubadlı I kateqoriyalı rayonlar sırasına daxil idi. Qubadlı qəsəbəsi rayonun mərkəzi olub, 1931-ci il noyabr ayınıın 24-də Mərkəzi İcrayyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olub.

1963-cü il yanvar ayının 4-də Qubadlı rayonu bir daha Zəngilan rayonu ilə birləşdirilib, bir ildən sonra 1964-cü il iyun ayının 17-də yenidən ayrılıb müstəqi rayon olmuşdur.

Qubadlılar tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmış, Vətən qarşısında öz borclarını həmişə ləyaqətlə yerinə yetirmişlər. Qarabağ hadisələri başlananda, ermənilər quduzlaşanda, ilk dəfə silaha sarılıb torpaqlarımızın müdafiəsinə qalxan rayonlardan biri də Qubadlı olub. Qubadlı çox böyük bir məsafədən – 120 km-ə qədər Ermənistanla, 40 km isə Dağlıq Qarabağla əhatədə idi.

1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. 30 mindən artıq əhali öz yurd-yuvasından didərgin düşdü. Var-dövləti başdan aşan rayon mərkəzi və 94 kənd qarət edildi, talandı, yandırıldı. Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dənizdən-dənizə böyük Ermənistan yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm Çar, həm də Sovet imperiyasının çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılmışdı. Azərbaycan torpaqlarına, o cümlədən Qubadlıya erməni işğalçıları hücum etmiş, kəndlər yandırılmış, talan edilmiş, dinc əhaliyə divan tutulmuşdur.

Qubadlı torpağı Vətənimiz üçün neçə-neçə adı dillər əzbəri olan qəhrəmanlar, əmək bahadırları, dövlət xadimləri, alimlər, yazıçılar, şairlər, mühəndislər, hüquqşünaslar, idmançılar, mədəniyyət işçiləri, siyasətçilər və s. yetirmişdir. Bu torpaq tarixin müxtəlif döngələrində yetirdiyi mərd insanlara – Qaçaq Nəbi, Həcər, Çingiz İldırım, Qaçaq Baba, Firudin bəy, Qoçu Təhməz, Şahsuvar bəy, Şəmil bəy, Bəhlul Əfəndi və neçə-neçə qorxmaz övladları ilə haqlı olaraq fəxr edir. Görkəmli partiya, dövlət və ictimai xadimlərdən Xəzər Heydərov, Arif Heydərov, Kamran Hüseynov, Məmməd İsgəndərov, Göyüş Məmmədov, Cahanbaxış Abdullayev, Valeh Bərşadlı, Qəzənfər Məmmədov, Misir Cabbarov, Ələkbər Abdullayev və daha neçə-neçə adını çəkmədiyim tanınmış şəxsiyyətlər Qubadlı torpağının yetirmələridir.

Bəli, Qubadlını qoruyan, onun yolunda şəhid olmağa hazır olan oğullar dünən də olub, bu gün də var, sabah da olacaq. Qubadlıların doğma Qubadlıya – cənnətməkan yurd yerlərinə qovuşmalarına çox qalmayıb.

Yazının hazırlanmasında Qubadlı rayon İcra Hakimiyyətinin rəsmi saytı www.qubadli-ih.gov.az və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin http://scwra.gov.az/ saytından istifadə edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR