Neftin büdcədə qiyməti aşağı salınmalıdır
Bizi izləyin

İqtisadi gündəm

Neftin büdcədə qiyməti aşağı salınmalıdır

Dünya bazarlarında neftin qiymətinin enməsi ixracının əsas hissəsini bu növ məhsul təşkil edən bir çox ölkələr kimi, Azərbaycanı da narahat etməyə bilməz. Ötən həftə – avqustun 25-29-da Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 1 barelə görə 103,27 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,12 dollar çox edib.

Avqust 25-29-də AZERI LT-nin qiyməti maksimum 103,4, minimum isə 103,15 dollar təşkil edib. Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiymətisə 100,1 dollar təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,2 dollar çoxdur. Ötən həftə URALS-ın qiyməti maksimum 100,24, minimum isə 99,93 dollar olub.

Doğrudur, ciddi təlaş keçirməyə ehtiyac yoxdur: qiymətlər dövlət büdcəmizdə müəyyən edilən 100 dollar həddindən hələ aşağı düşməyib. Lakin cari il üçün dövlətimizin əsas maliyyə sənədinin icra vəziyyətinə nəzər saldıqda sözügedən məhsulun dünya bazarlarındakı real qiymət səviyyəsi ehtiyatlı olmağı tövsiyə edir.

Çünki ilin sonuna vəziyyət ciddiləşə bilər.

Məsələ ondadır ki, bu il büdcəyə yenidən baxılmadı. Belə ki, 2009-cu il istisna olmaqla, hər il büdcəyə yenidən baxılsa da, başqa sözlə desək, qeyd olunan ili çıxmaq şərti ilə hər il Milli Məclisin yaz sessiyasının sonuna yaxın dövlətin əsas maliyyə sənədinin icra vəziyyətinə nəzər salınaraq gəlir və xərclər hissəsindəki rəqəmlər dəyişdirilsə də, keçən il olduğu kimi, bu il də buna əməl edilmədi.

Düzdür: əslində, bu, müsbət haldır. Ancaq narahatlıq doğuran məqam odur ki, bayaq da qeyd etdiyimiz kimi, dövlət büdcəmizdə neftin 1 barelinin qiyməti 100 dollar götürüldüyündən, müəyyən problemlər yarana bilər. O baxımdan ki, 2014-cü ilə dair büdcəmiz əvvəlki illərin büdcələrindən fərqli olaraq heç də möhkəm sütunlar üzərində dayanmayıb. Bütövlükdə cari ilin dövlət büdcəsinin icrasının asan başa gəlməyəcəyi qabaqcadan vurğulanıb ki, buna da səbəb Dövlət Neft Fondundan (ARDNF) transfertin 17,7 % azalmasıyla bahəm, Neft Şirkəti (ARDNŞ) tərəfindən də mədaxilin yerinə yetirilməsi havadan asılı vəziyyətdə sayılmasıdır.

Üstəlik, qiymət 100 dollardan aşağı düşsə, təbii ki, vəziyyət lap qəlizləşəcək.

Düzdür, ARDNŞ-dən büdcəyə ödəmələr pis vəziyyətdə deyil. Neft Şirkəti bu ilin iyulunda büdcəyə 149 milyon 294 min manat vəsait ödəyib ki, bu da 2013-cü ilin iyulu ilə müqayisədə 15 milyon 208 min manat və ya 111,3 faiz çoxdur.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında büdcəyə 1 milyard 117 milyon 603 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 milyon 969 min manat və ya 121,5 faiz çox sayılır.

Fakt bundan ibarətdir ki, cari ilin birinci yarısı ərzində dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 9338,9 milyon manat təşkil edib ki, xərclər isə 0,1 faiz azalaraq 8723.9 milyon manat olub. Büdcənin profisiti 615 milyon manat və ya ümumi daxili məhsulun 2,1 faizi səviyyəsində olub ki, büdcə gəlirlərinin 12,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16,4-ü əlavə dəyər, 4,9-u fiziki şəxslərin gəlir, 4,3-ü aksiz, 3,9-u xarici iqtisadi fəaliyyətlə bağlı, 2,6-sı digər vergilərdən daxil olmuş, 55,2 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilb. Sözümüz bunda deyil.

Cari ilin birinci yarısına bahəm (dövlət büdcəsinə yenidən baxılıb, baxılmayacağı müzakirə obyekti olan zaman) yazmışdıq ki, neftin dünya bazarlarında qiyməti qənaətbəxş səviyyədə olsa da, hər halda, yüksək deyil.

Və hər an düşmək ehtimalı vardır.

Odur ki, bu ilin dövlət büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı səviyyədə götürülməli idi. 100 dollar müəyyən edilməsi əvvəldən risk sayılırdı.

Düzdür, büdcədəki qiymət son illər ərzində ARDNF-dən transfertlə əlaqədar ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə verdiyi səmərə ilə zərəri hesablamaq olmur. Üstəlik, keçən ilə qədər ilin ortasında büdcəyə yenidən baxıldığından dəqiq hesablama aparmaq, ümumiyyətlə, çətinləşib.

Odur ki, neftin dövlət büdcəsində müəyyən edilən qiyməti əslində, proqnozdan başqa bir şey deyil və bundan “qorxmaq” lazım gəlmir desək, bəlkə, səhv etmərik. Pis halda, bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər.

Digər tərəfdən, ölkədə maaş və pensiya artımları da sabitdir. Belə ki, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsini gücləndirmək məqsədi ilə büdcədən maliyyələşən orqanlarda çalışanların, həmçinin dövlət qulluqçularının, başqa sözlə desək, 700 min nəfərin aylıq əməkhaqqlarının səviyyəsi keçən il artırıldı.

Bundan əvvəl isə maaş və pensiyaların məbləğləri 2011-ci ilin ikinci yarısında əmək pensiyalarından başlanılmaqla, həmin ilin noyabr və dekabr aylarından bir sıra sosial ödənişlər də daxil, bir sıra büdcə təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının orta hesabla 10 % yüksəldilməsi ilə artırılmışdı.

Demək istədiyimiz budur ki, hökumət bu istiqamətdə ehtiyatlı siyasət yürüdür. Çünki ARDNF-dan transfert olmasa, büdcədən cari xərcləri ödəmək mümkün deyil. Bütün sosial xərclər bunun hesabına maliyyələşir. Başqa sözlə desək, neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa, qeyri-neftdən daxilolmalar cari xərcləri örtməyə imkan vermir. Ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına icra edilir ki, ixracımızın 85-90 faizini xam neft təşkil edir.

Ancaq burada bir təhlükə var: xərclər nə qədər ehtiyatla və düşünülmüş şəkildə həyata keçirilsə də, “obyektiv dirəniş” səbəbindən bir gün hətta sosial ödənişləri belə, “qayçılamaq” zərurəti ortaya çıxa bılər.

Cari ilin dövlət büdcəsində 1 milyard 679 milyon manat kəsir nəzərdə tutulub ki, bu da keçən il üçün proqnoz ediləndən 988 milyon manat çoxdur. Əvvəllər də yazmışıq ki, büdcəyə yenidən baxılması və rəqəmlərin dəyişdirilməsi, xüsusən, iki formada - neftin büdcədə qiyməti müəyyən ediləndən bahadırsa, xərclərin artırılması, əksinə olduqda isə azaldılması və ehtiyac yarandığı təqdirdə, əlavə gəlir mənbələrinin təsbit olunması şəklində baş verə bilər ki, bizdə büdcəyə dəyişiklik praktikasında sonuncuya heç vaxt rast gəlinməyib.

Bu baxımdan, büdcədə neftin qiymətini, hər halda, aşağı salmaq tələb olunur. Düzdür, artıq bu il üçün bu, gecikmiş addım olar. Ancaq unutmaq lazım deyil ki, dünya bazarlarındakı hazırkı qiymət nağd məbləğdə 3 ay sonra ölkəyə daxil olacaq. Bu isə ilin sonu deməkdir. Hər ilin sonundasa hökumət büdcədən xərcləri birdən-birə bir neçə dəfə artırır.

Bu dəfə ehtiyatlı olmaq lazımdır.

2014-cü ilin yanvar-iyun aylarında büdcə vəsaitlərinin 4087,2 milyon manatı (46,8 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 987,4 milyon manatı (11,3 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 904,0 milyon manatı (10,4 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

Xərclərin 21,2 faizini (1853,1 milyon manatını) əhaliyə əməkhaqqı, pensiya və müavinət ödəmələri təşkil edib ki, bu da çox böyük rəqəmdir. Dövlətimizin əsas maliyyə sənədində ümumi məsrəfin 1/5 hissəsindən çoxunu məhz “qayçılanması” mümkün olmayan xərclər təşkil edir.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm