• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Azərbaycanla Türkiyə İŞİD-ə qarşı birləşə bilər” - İddia

“Azərbaycanla Türkiyə İŞİD-ə qarşı birləşə bilər” - İddia

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərindən sonra söz verdiyi kimi xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etdi.


Publika.az xəbər verir ki, dünya mətbuatının bir çox nüfuzlu nəşrləri Ərdoğanın səfərinə xüsusi diqqət ayırır.

Rusiya mediası yazır ki, Prezident İlham Əliyevin türkiyəli həmkarı ilə NATO-nun sammitində iştirak etmək üçün Uelsə gedib-getməyəcəyi maraq doğurur. Şərhlərdə Ərdoğanın Bakıda nadir qonaq olmadığı, cəmi 5 ay öncə baş nazir statusunda Azərbaycana gələrək enerji məsələlərini müzakirə etdiyi xatırlanır.


İndiki səfər zamanı isə hər iki lider ilk növbədə Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib. Güman ki, Ankara və Bakı üçün gələcək təhlükəsizlik məsələsi olan Ukraynanın şərqindəki hərbi-siyasi vəziyyət də diqqət mərkəzindədir. “Son zamanlar erməni-türk ticarət əlaqələrinin genişlənməsi fonunda Ərdoğanın Bakı səfərinin gərgin keçəcəyi hesab olunurdu. Lakin Türkiyə Prezidenti Azərbaycanın ərazi bütövlüyü məsələsində əvvəlki qəti mövqeyini bir daha bəyan etdi və sərhədlərin yalnız bu münaqişənin həll olunacağı təqdirdə açılacağını bildirdi”, - rus mediası yazıb.


İkinci ən mühüm məsələnin isə İraq və Suriyada davam edən münaqişələrin olduğu bildirilir: “Qonşu ölkələrdəki vəziyyət Türkiyənin maraqlarına toxunur. Faktiki olaraq, Suriyadan İraqa keçən radikal İŞİD dəstəsi Türkiyənin marağında olan və sərhədlərinə yaxın ərazilərdə döyüşür. İŞİD-in dünyəvi Türkiyəyə qarşı təhdid olduğunu Ankarada anlayırlar. Həmçinin dünyəvi Azərbaycan da sərhədlərinə yaxın regionda radikal ekstremistlərin güclənməsinə qarşıdır. Məhz bu kontekstdə Azərbaycanla Türkiyə İŞİD-ə qarşı birləşə bilər”.


Rusiya mediası yazır ki, İran prezidenti Həsən Ruhaninin şəxsində bu ölkənin rəhbərliyi tərəfindən Azərbaycana pozitiv münasibət göstərilməsi də təsadüfi deyil: “İraqda olan hadisələrə müdaxilə etmək üçün İran öz müttəfiqlərini toplamaq istəyir. Yaxud da region ölkələrinin bu münaqişəyə neytrallığına nail olmaq istəyir. Olduqca mürəkkəb vəziyyət yaranıb. Yaxın Şərq böhranında Azərbaycan ən azı enerji resurslarının təchizatçısı olaraq əhəmiyyətli ölkədir. Türkiyə istehlak etdiyi qazın 16 faizini Azərbaycandan alır. Yaxın gələcəkdə, xüsusilə də Ukrayna böhranına görə NATO-nun Rusiya ilə münasibətlərinin sərtləşdirdiyi bir vaxtda bu olduqca vacibdir. NATO əsas üzvlərindən olan Türkiyənin Qara dəniz regionunda sabit gücə malik olmasında maraqlıdır. Burada son vaxtlar Moskva ilə isti münasibətlərə malik Bakının Ankaraya kömək edə biləcəyi bəllidir”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR