"Nalbandyan beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır"
Bizi izləyin

İqtisadi gündəm

"Nalbandyan beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır"

"Ermənistan tərəfi dərk etməlidir ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fiziki mövcudluğu münaqişənin həlli prosesinə, regional sülh və sabitliyə başlıca təhdiddir".

Axar.az Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Avstriya xarici işlər naziri ilə birgə brifinqdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

E. Abdullayev qeyd edib ki, E. Nalbandyanın Uelsdə NATO dövlətləri tərəfindən qəbul edilmiş qərara qarşı mövqe sərgiləməsi Ermənistanın çarəsiz durumunun təzahürüdür:

“NATO-nun 4-5 sentyabr tarixində Uelsdə keçirilmiş sammitində NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçıları qəbul etdikləri yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini ifadə edərək, Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin məhz bu prinsiplər əsasında həllinə çağırıblar.

Bu bir daha onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı beynəlxalq birlik tərəfindən qəti şəkildə dəstəklənir.

NATO-ya üzv dövlətlərin qərarını şübhə altına almağa cəhd göstərən Ermənistan xarici işlər naziri bir daha ölkəsinin beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Tamamilə ziddiyyətli və başını itirmiş Ermənistan rəhbərliyinə xas olan bir tərzdə Ermənistanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır.

Öz ənənələrinə sadiq qalaraq, Ermənistanın xarici işlər naziri ölkəsinin rüsvayçı işğalçılıq siyasətini etiraf etmək və buna son qoymaq əvəzinə beynəlxalq ictimaiyyəti və ilk növbədə Ermənistan cəmiyyətini çaşdırmaq, Ermənistanın diplomatik məğlubiyyətinə uğursuz şəkildə bəraət qazandırmaq məqsədi güdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm