• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İlham Əliyev: “Enerji təhlükəsizliyini tam şəkildə təmin etmişik”

İlham Əliyev: “Enerji təhlükəsizliyini tam şəkildə təmin etmişik”

"Əminəm ki, bu limanın fəaliyyəti nəticəsində Azərbaycanın inkişafı daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcək".

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışındakı çıxışında deyib.

İ.Əliyev xatırladıb ki, təxminən 4 il bundan əvvəl - 2010-cu ilin noyabrında bu limanın təməli qoyulub: “Məqsəd ondan ibarət idi ki, Azərbaycan öz tranzit imkanlarından tam şəkildə istifadə etsin. Mütləq bizə yeni böyük ticarət limanı lazım idi və dövlət bu məqsədlərə böyük həcmdə investisiya ayırmışdı. Nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik. İki gün bundan əvvəl Bakıda tarixi hadisə baş vermişdir - “Cənub” qaz dəhlizinin təməl daşı qoyulub. Enerji təhlükəsizliyi məsələləri əlbəttə ki, hər bir ölkənin milli təhlükəsizlik məsələləridir. Biz bu sahədə ardıcıl surətdə apardığımız fəaliyyət nəticəsində Azərbaycanın enerji təhlükəsizliyini tam şəkildə təmin etmişik və bundan sonra onilliklər ərzində bu, ölkəmizə həm maddi, həm siyasi dividendlər gətirəcək, eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi öz rolunu daha da böyük həcmdə oynayacaq. Biz hazırda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəal işləyirik və demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac imkanlarımız yaranır. Bir sözlə, növbə çatıb ki, biz nəqliyyat təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Dövlət başçısı qeyd edib ki, artıq neçə ildir ki, bu istiqamətdə fəal iş aparılır: “Bu limanın açılışı da bax, bu böyük işlərin tərkib hissəsidir. Bu gün bu böyük limanın birinci mərhələsinin birinci hissəsi istifadəyə verilir. Birinci mərhələ gələn il tam şəkildə başa çatacaq. Bu limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Yəni, Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirəcəyik”.

İ.Əliyev yaxın günlərdə Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşü keçiriləcəyini bildirib: “Keçən Zirvə görüşü Bakıda keçirilmişdir. Hesab edirəm ki, yeni Zirvə görüşü ərəfəsində Xəzərdə ən böyük ticarət limanının istifadəyə verilməsi bizim ümumi işimizə bir töhfədir. Eyni zamanda, bu limanın fəaliyyəti nəticəsində Ələt qəsəbəsində də müsbətə doğru daha böyük dəyişikliklər olacaq. Mən dəfələrlə demişəm, bütövlükdə Azərbaycanın bir neçə sənaye mərkəzi vardır ki, onlardan biri Qaradağ rayonudur. Burada yaradılan yeni sənaye müəssisələri - bu yaxınlarda ölkəmizin ən böyük sement zavodunun, metal konstruksiyalar zavodunun, Səngəçal terminalının və bu limanın fəaliyyətə başlaması Qaradağ rayonunun inkişafına da bir töhfədir. Eyni zamanda, burada minlərlə yeni iş yeri açılacaqdır ki, Ələt qəsəbəsinin sakinləri bundan istifadə edəcəklər. Yüksək maaş veriləcək və bu liman gələcəkdə bu ərazidə infrastrukturun genişlənməsinə xidmət göstərəcək. Bizim böyük planlarımız var və hesab edirəm ki, bu, bölgənin, bu zonanın inkişafına yeni təkan verəcək. Eyni zamanda, biz bu layihəni planlaşdıranda, əlbəttə ki, şəhərimizin ekoloji vəziyyətini də nəzərə alırdıq. Çünki biz hesab edirik ki, bu gün Bakıda icra edilən quruculuq, abadlıq işləri mütləq ekoloji tədbirlərlə dəstəklənməlidir. Biz bu işləri paralel şəkildə aparırıq. Bakının yaşıllaşdırılması, milyonlarla ağacın əkilməsi, bəzi köçürmələrin həyata keçirilməsi və o ərazilərdə ictimai yerlərin, parkların, istirahət zonalarının yaradılması bizim siyasətimizin təzahürüdür. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz gözəl şəhərimizi öz işimizlə daha da gözəlləşdiririk. Hazırda şəhərimizin mərkəzində yerləşən ticarət limanı əlbəttə ki, oradan köçürülməlidir və o zona bizim bulvara birləşdirilməlidir. Beləliklə, Bakıda yeni bir gözəl istirahət məkanı yaranacaq”.

Dövlət başçısı xatırladıb ki, Bakı bulvarı artıq 100 ildən bir qədər çoxdur ki, mövcuddur: “ Onun ilkin uzunluğu 3,5 kilometrdir. Biz əlavə tədbirlər nəticəsində Bakı bulvarının uzunluğunu böyük dərəcədə artıra bilmişik. Yeni bulvar tikilibdir, artıq fəaliyyətdədir. Yeni bulvardan sonra Bayraq Meydanı Bulvarı artıq fəaliyyətə başlayıb. Bayraq Meydanından bu istiqamətə idman şəhərciyi tikilir. Orada da bulvarın uzadılması artıq icra edilir. Əks istiqamətə - Dəniz vağzalından Zığ, “Ağ şəhər” istiqamətinə “Ağ şəhər” bulvarı tikilir və artıq “Ağ şəhər” istiqamətinə çatıbdır. Beləliklə, bu ilin sonuna qədər Bakı Bulvarının uzunluğu 16 kilometrdən çox olacaq. Yüz il bundan əvvəl 3,5 kilometr, müstəqillik dövründə 16 kilometr. Hazırda şəhərin mərkəzində yerləşən ərazisində ictimai yerlər, parklar, istirahət zonaları olacaq. Beləliklə, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün yeni imkanlar yaranacaq”.

İ.Əliyev limanın fəaliyyətə başlamasının böyük dəyişikliklərə gətirib çıxardığını vurğulayıb: “Yenə də deyirəm, ilk növbədə, bizim nəqliyyat infrastrukturumuz daha da gücləndiriləcək. Bu istiqamətdə son illərdə böyük işlər görülübdür. Keçən il, - düz bir il bundan əvvəl, - 2013-cü il sentyabrın 20-də Bakıda gəmiqayırma zavodu istifadəyə verilib. Bu da dövlət siyasətinin tərkib hissəsi idi. Çünki biz yük daşımalarını artırmaq üçün indi böyük səylər göstəririk. Son 10 il ərzində 17 gəmi alınmışdır - tankerlər, yük gəmiləri, bərələr. Biz fikirləşdik ki, onsuz da donanmamızı yeniləşdirməliyik. Ona görə, Bakıda gəmiqayırma zavodu tikmək qərarına gəldik ki, artıq xarici istehsalçılardan asılılığımız olmasın. Xarici şirkətlərlə əməkdaşlıq başlamışdır. Keçən il istifadəyə verilmiş gəmiqayırma zavodunda artıq hazırda gəmilər inşa edilir. Həm ölkə daxilindən, həm neft konsorsiumu tərəfindən sifarişlər verilib. Eyni zamanda, biz gözləyirik ki, Xəzəryanı ölkələrdən sifarişlər olacaq. Bizim gəmiqayırma zavodumuzda bütün növ gəmilər istehsal oluna bilər. Bax, budur bizim siyasətimizin əsas istiqamətləri. Bu siyasət konkret nəticələrə gətirib çıxarır. Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdı. Gəmi təmiri zavodu olmuşdu, gəmiqayırma olmamışdı. Biz xaricdən asılı idik".

Prezident qeyd edib ki, liman Xəzər dənizində ən böyük ticarət limanıdır və bütün Xəzəryanı ölkələrə xidmət göstərəcək: “İlk növbədə, Azərbaycana xidmət göstərəcək. Bizim ərazimizdən daşınan tranzit yüklərin həcmi artacaq, onsuz da artır. Bu ilin göstəricilərinə görə tranzit yüklərin həcmi artıb. Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizə imkan verir ki, gələcəkdə tranzit imkanlarımızı daha da genişləndirək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycan ərazisindən keçir. Amma əgər burada müasir logistika, nəqliyyat infrastrukturu olmasa, biz bu imkanlardan istifadə edə bilmərik. Ona görə, hazırda Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə də Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə birlikdə reallaşır. Bu layihənin tarixi əhəmiyyəti var. İlk dəfə olaraq Azərbaycan dəmir yolu vasitəsilə Avropa ilə birləşir. Azərbaycan Avropa ilə Asiya arasında bir dəmir yolu körpüsü olacaq. İndi ehtimal edirik ki, bu layihə fəaliyyətə başlayandan sonra ən azı əlavə 10 milyon ton yük bizim ərazimizdən keçəcək. Bu yükü daşımaq üçün yükaşırma qabiliyyəti olmalıdır. Bu limanın da tikintisinin məqsədi məhz bundadır. Yəni, bütün bu nəqliyyat infrastrukturunun seqmentləri bir-biri ilə bağlıdır. Əgər bu liman olmasa, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bizə o qədər də böyük səmərə verməz. Bu dəmir yolu ilə 10 milyon ton, ondan sonra 20 milyon ton yük daşınacaqdır. Ancaq bu yükü qəbul etmək, aşırmaq lazımdır. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Gəmiqayırma zavodu bizə imkan verəcək ki, yükləri öz gəmilərimizlə daşıyaq. Liman şərait yaradacaq ki, yükaşırma imkanlarımız genişlənsin. Yəni, bu, təbiidir. Sadəcə olaraq, bunu deməklə qeyd etmək istəyirəm ki, bugünkü hadisə böyük proqramın tərkib hissəsidir”.

İ.Əliyev qeyd edib ki, Azərbaycanı bütövlükdə nəqliyyat, logistika mərkəzinə çevirmək üçün çox fəal işlər görülür: “Avtomobil yolları tikilir, Bakı-Gürcüstan sərhədi avtomobil yolu istifadəyə verilib, Bakı-Rusiya sərhədi avtomobil yolunun böyük hissəsi tikilib. Bakı-İran sərhədi avtomobil yolunun tikintisi davam edir. Yəni, avtomobil yolları, dəmir yollarının reabilitasiyası, tikintisi, dəniz nəqliyyatı, gəmiqayırma zavodu, ticarət limanı, aviasiyamız, xüsusilə yük aviasiyamız inkişaf edir. İndi bizim böyük yük təyyarələrimiz var. Yeddi aeroport tikilib, onlardan beşi beynəlxalq aeroportdur. Artıq o aeroportlardan sərnişinlər başqa ölkələrə uçurlar. Azərbaycan bu mərkəzdə, bu regionda hava nəqliyyatı, hava yük nəqliyyatı üzrə liderliyini təmin edir. Bir sözlə, bütün bu işlər artıq deməyə əsas verir ki, biz öz nəqliyyat infrastrukturumuzu ən müasir səviyyədə yaratmışıq, işlərin böyük hissəsi artıq başa çatıb. Bu liman çatışmayan bir seqment, element idi. Biz indi onu da istifadəyə veririk. Tam gücü ilə iki il bundan sonra çalışacaqdır. O vaxta qədər biz yeni yükləri Azərbaycana gətirməliyik. Burada çox düşünülmüş tarif siyasəti aparılmalıdır ki, tərəfdaşlarımız Azərbaycan üzərindən yükdaşımalarını daha da böyük həcmdə göndərsinlər və biz də bundan fayda görək”.

Dövlət başçısı bildirib ki, görülən bütün işlərin məqsədi Azərbaycanı daha da gücləndirməkdir, Azərbaycanın önəmini artırmaqdır: “İki gün bundan əvvəl təməlini qoyduğumuz “Cənub” qaz dəhlizi ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Çünki biz Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində çox böyük addım atmışıq. Azərbaycan bu istiqamətdə əvəzolunmaz ölkəyə çevrilir. Bu limanın tikintisi də bizim önəmimizi artırır. Çünki Xəzər dənizində buna bənzər ikinci liman yoxdur və bu liman bizim iqtisadi gücümüzü artıracaq. İqtisadiyyat da artır, inkişaf edir. Bu yaxınlarda dünyanın iqtisadi məsələlərlə məşğul olan ən mötəbər Forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Biz bir pillə də artmışıq və dünya miqyasında bu sahədə 38-ci yeri tutmaq əlbəttə ki, böyük nailiyyətdir, böyük uğurumuzdur. Ölkəmiz inamla irəliyə gedir, bizim konkret planlarımız var, bu planlar reallaşır. Bugünkü hadisə bir daha onu göstərir ki, bizim nəzərdə tutduğumuz bütün məsələlər keyfiyyətlə, vaxtında icra edilir. Eyni zamanda, bu limanın tikintisi beynəlxalq əməkdaşlığın təzahürüdür. Bu böyük, nəhəng infrastruktur obyektinin layihələndirilməsini Hollandiya şirkəti icra edib. Əlbəttə, bu, bizə şərait yaradır ki, Azərbaycan belə gözəl infrastruktur imkanlarına malik olsun. Azərbaycanda beynəlxalq əməkdaşlıq sürətlə inkişaf edir. Əgər enerji sahəsində beynəlxalq əməkdaşlıq olmasa idi, biz öz zəngin neft-qaz resurslarımızı dünya bazarlarına çıxara bilməzdik. Azərbaycan investisiyalar üçün açıqdır. Azərbaycanda minlərlə xarici şirkət fəaliyyət göstərir, işləyir, dövlətdən kontraktlar alır, o kontraktları icra edir. Bizim xarici şirkətlər qarşısında qoyduğumuz əsas şərt keyfiyyətdir və ən müasir standartlardır. Biz burada bunu görürük. Ona görə, bu limanın layihələndirilməsində, tikintisində iştirak etmiş bütün şirkətlərə, insanlara, həm xarici vətəndaşlara, Azərbaycan vətəndaşlarına minnətdarlığımı bildirirəm. Əminəm ki, limanın fəaliyyəti uğurlu olacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR