• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

AŞPA-da Xocalı Soyqırımından danışılıb

AŞPA-da Xocalı Soyqırımından danışılıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının ikinci iş günündə Xocalı Soyqırımı haqqında məsələ qaldırılıb.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, “Neonasizm təzahürlərinə qarşı əks tədbirlər” mövzusunda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov Ermənistanın cəmiyyətə zidd dövlət siyasətinin müxtəlif aspektlərini təhlil edib, bu ölkənin neonasizmin yeni qorxulu nümunəsinə çevrildiyini bildirib: “Acı tarixi təcrübədən insanlara faciəli dərsləri bəlli olan ideologiyaların təzədən küçələrə, meydanlara çıxması bir tərəfdən qorxuludursa, digər tərəfdən düşündürücüdür. Əgər hansısa cərəyanın, siyasi məfkurənin insanlığa vurduğu dəhşətli zərbələr, tökülmüş qanlar, verilmiş saysız itkilər bəllidirsə, bəs necə olur ki, onlar yenidən dirçələ bilirlər. Bunu kim edir, necə yönəldir, niyə belə halların yenidən təzahür etməsinə cəmiyyətin müqaviməti kifayət qədər olmur, sadəcə baş vermiş hadisəni qeydə almağa gücümüz çatır?

Nasizm Avropada və dünyada yeni libasda, yenidən baş qaldırırsa, həm də gənclər bu səmtə daha çox cəlb edilirsə, buna heç kim biganə qalmamalıdır. Çünki söhbət hər birimizin və ortaq yuvamızın – dünyamızın gələcək taleyindən gedir. Neonasizmə qarşı bütün istiqamətlərdə mübarizə həm də ona görə vacibdir ki, bu məfkurə açıq şəkildə, öz adı ilə baş qaldırdığı kimi, həm də bir çox başqa təzahürlərdə də meydana çıxmaqdadır. Məsələn, indi AŞPA üzvü olan Ermənistan sovetlər dövründə çoxmillətli bir ölkə idi. Lakin 1980-ci illərin sonlarından Ermənistanda etnik təmizləmə prosesləri başlandı. 1988-1989-cu illərdə 300 mindən artıq azərbaycanlı Ermənistandan, tarixən yaşadıqları ərazilərdən zorla çıxarıldı. Bundan əvvəl də Ermənistandan azərbaycanlıların XX əsrdə 3 böyük deportasiyası baş vermişdi. Bu sonuncu təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadı. Sonra bu siyasət digər formalarda Ermənistanda yaşayan başqa xalqlara tətbiq edildi. Ruslar, yəhudilər, yunanlar, kürdlər və digər milli azlıqlar tədricən ölkədən kənarlaşdırıldı. Və indi Ermənistan monoetnik bir ölkəyə çevrilmişdir və bu baxımdan da Avropa Şurasındakı heç bir normal ölkəyə bənzəməyən unikal bir üzvdür. Bütün dünyada sərhədlərin açıldığı, ölkələrin, xalqların bir biri ilə qaynayıb-qarışdığı bir dövrdə belə xətt yürütmək, bunu dövlət siyasəti olaraq gerçəkləşdirmək rasizmin də, nasizmin də bariz nümunəsi deyilmi?”.

Müzakirəyə çıxarılan məruzədə bundan sonra Avropada ənənəvi olaraq qeyd edilməli anım günü ilə bağlı təklifə münasibət bildirən Rafael Hüseynov deyib: “2001-ci il iyulun 22-də Norveçdə neonasistlərin törətdiyi qəddarlıqlar unudulmayıb. İndi həmin tarixin Avropada nifrətdən törədilmiş cinayətlərin qurbanlarının anım günü elan edilməsi təklifi irəli sürülür. Erməni hərbi qüvvələrinin daha öncə Qarabağda, Xocalıda 1992-ci il fevralın 26-da yüzlərlə günahsız, dinc insanı qocasına, qadınına, uşağına baxmadan məhz azərbaycanlı olduqları üçün məhv etməsi, bütöv bir şəhərin əhalisinin ucdantutma yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə amansızlıqla öldürülməsi soyqırımının danılmaz nümunəsi olmaqla yanaşı, həm köhnə, həm yeni nasizmin də əyani ifadəsidir. Bəlkə nifrətdən törədilmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü olaraq Xocalı faciəsinin törədildiyi həmin 26 fevralı qəbul etmək daha münasibdir!

Siyasətlər, rejimlər keçəridir, xalqlarsa qalır. Məkrli siyasətlər isə bəzən xalqlara uzun illər davam edəcək düşmənçiliyi miras qoyur. Neonasizm aşağılarda, təbii olaraq yaranmış bir proses deyil, onu törədənlər, dirçəldənlər, irəliyə aparanlar və sıralarını genişləndirənlər siyasətin sükanı arxasında olanlar, siyasəti idarə edənlərdir. Ona görə də belə hallar ikiqat, üçqat təhlükəlidir. Bu isə sağ ekstremizmə qarşı dünyanın bütün mütərəqqi qüvvələrinin müştərək mübarizə aparması zərurətini yaradır. Nasistlərin emblemi olan svastika artıq bir çox nəsillərin nəzərində qorxu rəmzinə çevrilib. Lakin bu rəmz 1930-cu illərdə yaranmayıb, onu nə Hitler, nə də onun ətrafı ixtira edib. XX əsrdə dəbə salınmış bu simvol eramızdan 1000 il əvvəl mövcud idi, alimlər onun yaranma tarixini qədim neolit dövrünə aid edirlər. Həmin qədim zamanlarda isə svastika günəşin, həyatın rəmzi kimi qavranılıb. Görün qara siyasətlər həyat, günəş rəmzini necə ölüm və qaranlıq timsalına çeviriblər. İşığı zülmətə çevirməyə qadirliyi arxada qalan zamanlarda sübuta yetmiş nasizmin neo libaslarda baş qaldırmasına qarşı mübarizələrdə hamının, bütün dövlətlərin, bütün siyasi qüvvələrin əl-ələ olması, yekdilliyi həyatımızın, günümüzün tələbidir”.

Agentliyin yaydığı xəbərər görə, Rafael Hüseynovun çıxışında toxunduğu məsələlər və irəli sürdüyü təklif rəğbətlə qarşılanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR