Zamanı uğura çevirən lider
Bizi izləyin

İqtisadi gündəm

Zamanı uğura çevirən lider

Dünən ölkəmizdəki son prezident seçkisindən bir il keçdi. Bir il öncə, həmin tarixdə İlham Əliyev seçicilərin 3 milyon 126 min 612 nəfərinin, yaxud 84,55 faizinin səsini qazanaraq yenidən ölkə prezidenti seçildi.

Bu ilin oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının səsləndirdiyi fikirlərə istinad etdikdə də, deməliyik ki, son 9 ayın nəticələri bu ilin tarixdə uğurlu il kimi qalacağını deməyə əsas verir. Prezident bildirib ki, son illər aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin edib. Bu ilin əvvəlindən ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. Dövlət başçısı ölkə həyatının bütün sahələri ilə bağlı fikirlərini bildirib və bu fikirlərdə ölkənin yüksək inkişaf tempi konkret rəqəmlərlə əks olunub. Bəs, prezident İlham Əliyevin ötən bir ildəki fəaliyyəti nə cür qiymətləndirilir? Millət vəkilləri və ictimai-siyasi xadimlər bu barədə nə fikirləşirlər?

Musa Quliyev: "Yeni iş yerləri açıldı, yoxsulluğun səviyyəsi daha da aşağı düşdü"

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ümumiyyətlə, Azərbaycan prezidentinin 2003-cü ildən indiyə qədərki fəaliyyətində sosial siyasət prioritet istiqamət təşkil edib. Onun sözlərinə görə, prezident İlham Əliyev sosial sahəyə, əhalinin sosial rifah halının yaxşılaşmasına hər zaman yüksək qayğı və diqqət göstərib: "Heç də təsadüfi deyil ki, 2003-cü ildə "mən bütün azərbaycanlıların prezidenti olacağam" söyləyəndə cənab prezident məhz bunu nəzərdə tuturdu ki, bütün azərbaycanlıların istər sosial müdafiəsi, istərsə də digər problemləri cənab prezidentin problemidir. Bu, mənada cənab prezidentin fəaliyyətinin ötən bir ilini ayrıca kontekstdə götürüb müzakirə etmək doğru olmazdı. Ötən bir ildə, əslində, cənab prezident 10 ildə gördüyü işlərin davamını həyata keçirib. Bu, böyük bir siyasi xətdir və qarşıya qoyulub ki, 2020-ci ildə Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olsun".

M.Quliyev qeyd edib ki, ötən bir ildə də Azərbaycanda əhalinin istər sağlamlığı, istərsə sosial müdafiəsi baxımından kifayət qədər işlər görülüb: "Yeni tibb müəssisələri açıldı, əsaslı təmir olundu, Tibb Universitetinin yüksək standartlara cavab verən Tədris-Terapevtik Klinikası açıldı. Bakı şəhərində böyük müalicə-diaqnostik kompleks - Bakı Sağlamlıq Mərkəzi açıldı. Rayonlarımızda da bu cür yüksək səviyyəli tibb ocaqları istifadəyə verildi. Əhalinin sağlamlığının qorunması ilə bağlı məhz cənab prezidentin birbaşa göstərişi olaraq əhalinin icbari dispanzerizasiyası həyata keçirildi. Hansı ki, sovet dönəmindən bu yana Azərbaycanda icbari dispanzerizasiya həyata keçirilməmişdi. Uşaqların sosial müdafiəsi ilə bağlı qanunlar daha da təkmilləşdirildi, konkret olaraq "Uşaqların icbari dispanzerizasiyası haqqında" qanun qüvvəyə mindi. Valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət hesabına təhsil alması ilə bağlı sərəncam oldu. Qarabağ əlillərinin və şəhid ailələrinin övladlarının Azərbaycanın bütün təhsil müəssisələrində dövlət hesabına təhsil alması ilə bağlı dövlət başçısı sərəncam imzaladı. Növbədə dayanan Qarabağ əlillərinin, demək olar ki, hamısı minik avtomobilləri ilə təmin olundular. Şəhid ailələri, Qarabağ əlilləri, qaçqın və məcburi köçkünlər üçün mənzil tikintisi işi davam etdirildi və yüzlərlə ailələr yeni mənzillərlə təmin olundular. Əhalinin sosial müdafiəsini artırmaq məqsədilə ayrı-ayrı kateqoriyadan olan insanların əmək haqları, pensiya və müavinətləri 10 faiz artırıldı. İnflyasiya, demək olar ki, nəzarət altındadır və birrəqəmli həddə saxlanıldı. Bundan əlavə, dövlət büdcəsində sosial xərclər azalmadı, baxmayaraq ki, dünya maliyyə-iqtisadi böhranı çərçivəsində dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş Avropa Birliyi ölkələrində də sosial xərclər, əməkhaqları azaldıldı. Yeni-yeni iş yerləri açıldı, yoxsulluğun səviyyəsi daha da aşağı düşdü".

Vahid Əhmədov: "İlham Əliyev ötən bir ildə də iqtisadi və siyasi sabitliyi qoruyub saxladı"

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanıb və bu müqavilənin ölkənin müstəqilliyinin qorunub saxlanılmasında böyük rolu olub: "Çünki Azərbaycana külli miqdarda - yüz milyard dollarlarla investisiyalar qoyuldu, iri şirkətlər Azərbaycana girdi, Azərbaycan böyük dövlətlərin marağında oldu. O cümlədən 2013-cü ilin dekabrında prezident İlham Əliyev tərəfindən Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi ilə bağlı saziş imzalandı. Bu ilin sentyabrın 20-də isə TANAP-ın təməli qoyuldu. Bu da 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" kimi bir layihədir. Çünki 45 milyard dollar investisiya qoyulacaq, o cümlədən Azərbaycan qazı Avropaya çıxarılacaq. Bu, layihənin iqtisadi tərəfidir. Amma məsələnin siyasi tərəfi ondan ibarətdir ki, artıq Avropa dövlətləri Azərbaycanın marağındadırlar ki, ölkəmizdə sabitlik olsun. Bununla da Azərbaycanın müstəqilliyinə xələl gəlməsin. Bu müqavilə məhz İlham Əliyevin üçüncü dövr prezidentliyinin birinci ilində baş verdi".

V.Əhmədov qeyd edib ki, ötən dövrdə dünyada çox ciddi təlatümlər, Rusiyanın Krımı ilhaqı, Ukraynaya müdaxiləsi baş verdi. Amma Azərbaycan rəhbərliyi ölkədəki stabil vəziyyəti qoruyub saxladı: "Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətlilik indeksi üzrə 144 ölkə arasında Azərbaycana 38-ci yeri verdi. Yəni, prezident İlham Əliyev ötən bir il ərzində də iqtisadi və siyasi stabilliyi qoruyub saxladı. Ən əhəmiyyətlisi odur ki, Azərbaycan bu gün iqtisadi müstəqilliyə nail olub. Azərbaycan bu gün iqtisadi cəhətdən müstəqildir. Bu, bizim üçün çox önəmlidir. Çünki bir dövlət iqtisadi cəhətlərdən müstəqildirsə, deməli, o özünün xarici siyasətini də müstəqil apara bilər".

Oktyabrın 8-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasına da münasibət bildirən deputat qeyd edib ki, doqquz ayın yekunlarına görə, Azərbaycan iqtisadiyyatına 19 milyard investisiya yatırılıb. Bunun da təxminən 11 milyardı daxili, 8 milyardı isə xarici investisiyaların payına düşür: "Vaxt var idi ki, Azərbaycan sərmayə axtarışında idi, xarici bazarlara çıxmaq üçün yollar axtarırdı. Lakin indi Azərbaycan özü Gürcüstana, Türkiyəyə, İsveçə və digər dövlətlərə yatırımlar edir. 19 milyardın 11 milyardının daxili investisiyaların payına düşməsi əsas vurğulanacaq məsələlərdən biridir. Bu, ölkənin öz daxili resursları hesabına qoyulan sərmayələrdir. Onlar da həm qeyri-neft sektorunun, həm də digər iri layihələrin həyata keçirilməsinə yönəlib. 2013-2014-cü illərdə Sumqayıtda, Gəncədə, o cümlədən Qaradağ rayonunda sənaye banklarının yaradılması məhz bu investisiyaların hesabına meydana gəlib".

Elman Nəsirli: "Xarici siyasət məsələləri də bir il ərzində uğurlu həllini tapıb"

Dövlət İdarəçilik Akademiyasının Geosiyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli isə bildirib ki, 2013-cü ilin 9 oktyabrında keçirilən seçkidə cənab İlham Əliyevin növbəti dəfə xalqın etimadını qazanması təsadüfi deyildi. O qeyd edib ki, xalqın İlham Əliyevin lehinə səs verməsi, əslində, cənab prezidentin 10 illik prezidentliyi dövründə həyata keçirdiyi islahatlara verilən qiymət idi: "Cənab prezident seçki ərəfəsində özünün hədəflərini bir daha açıqladı və növbəti beş il ərzində bütün addımlarının xalqın sosial rifahının, həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edəcəyini bəyan etdi. Heç şübhəsiz, cənab prezidentin yürütdüyü uğurlu daxili siyasət xarici siyasət məsələlərində də öz inikasını tapır. "Xarici siyasət daxili siyasətin davamı və onun tamamlanmasıdır" məntiqi ilə məsələlərə qiymət versək, deməliyik ki, ötən bir il ərzində xarici siyasət məsələləri də öz uğurlu həllini tapıb. Azərbaycan dünyada etibarlı tərəfdaş statusuna malikdir, ölkəmizin dostlarının sayı artıb. Çox mühüm layihələr həyata keçirilib. Xüsusilə, biz bu bir il ərzində cənab prezidentin enerji siyasətinin nəticələrini gördük".

E.Nəsirli qeyd edib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında ötən bir ildə də müxtəlif dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanılması və inkişafı istiqamətində çox böyük addımlara imza atıb: "Bir neçə gün öncə ölkəmizdə çox mühüm tədbir - sayca dördüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Azərbaycan bununla dünyaya sübut etdi ki, bir sıra ölkələrdə multikulturalizmin qəbul olunmamasına, dinlər arasında təfriqələrin olmasına, mədəniyyətlərin bir-birini təcrid etmək istəyinə baxmayaraq, birgə yaşayışın alternativi yoxdur. Bakıda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirildi. Azərbaycan bu gün həm Avropa ailəsinin, həm də İslam dünyasının mühüm bir hissəsidir. Azərbaycanın bu unikal təcrübəsindən başqa dövlətlərin də istifadəsinə böyük ehtiyac var".

Politoloq bildirib ki, bütövlükdə ötən bir il ərzində prezident İlham Əliyevin yürütdüyü daxili siyasət ölkənin iqtisadi mövqelərini gücləndirib, əhalinin sosial rifahı daha da yaxşılaşıb, dünya meridianlarında Azərbaycanın inkişafı çox yüksək qiymətləndirilir: "Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə, bu templə artıq yaxın vaxtlarda Davos Dünya İqtisadi Forumu reytinq cədvəlində ilk onluğa düşmək imkanına da malikdir. Bunun üçün ölkəmizin potensialı var. Azərbaycanın beynəlxalq mövqeləri güclənib, bizi dəstəkləyən dövlətlərin sayı daha da artıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm