İŞİD təhlükəsi, NATO faktoru və güc balansının qorunması – müdafiə nazirinin Moskva səfəri
Bizi izləyin

İqtisadi gündəm

İŞİD təhlükəsi, NATO faktoru və güc balansının qorunması – müdafiə nazirinin Moskva səfəri

Bu gün Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclası işinə başlayıb.

Publika.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şuranın iclasını giriş sözü ilə açaraq iclasda təhlükəsizliyin möhkəmləndirilməsi və qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üzrə ölkələrin birgə fəaliyyətindən danışıb.

İclasda bir sıra məsələlər müzakirə olunub. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun da iştirak etdiyi iclasda Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müdafiə nazirləri səviyyəsində təmsil olunur. Moldova, Ukrayna və Türkmənistan iclasa qatılmayıb.


Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.


Bu görüş MDB ölkələrinin növbəti toplantısı olsa da, son geosiyasi vəziyyət baxımından diqqət çəkir. Xüsusilə Qərbdə iclası diqqətlə izləyirlər. Söhbət Ukraynadan sonra Rusiyanın ata biləcəyi addımlarla bağlıdır. Təbii ki, müdafiə nazirimizin iştirak etdiyi görüş bizim üçün də önəmlidir. Lakin Azərbaycan bu görüşə qatılması hansısa cəbhədə yer aldığını nümayiş etdirmir. Rəsmi Bakı Qərb və Rusiya ilə eyni məsafədə müxtəlif sahələr üzrə, o cümlədən hərbi sahədə əməkdaşlığını bərabər şəkildə davam etdirir.


Rusiya Federasiya Şurasının üzvü İqor Morozov isə azərbaycanlı nazirin də iştirak etdiyi iclası regional təhlükəsizlik baxımından yüksək qiymətləndirib. Onun sözlərinə görə, İŞİD təhlükəsi görüşün əsas qayəsini təşkil edir: “Özlərinə “İslam dövləti” deyən qruplaşma Yaxın Şərqdə uğurla irəliləyir. Bu istər-istəməz bizi sərhədlərimizdə belə təhlükə yaranacağı təqdirdə hansı addımı atacağımızı düşünməyə vadar edir. Xüsusilə, Əfqanıstanda vəziyyətin çətinləşdiyi vaxt təhlükəsizlik məsələlərinin birgə müzakirəsi vacibdir”.


İ. Morozov NATO təhlükəsinin olduğunu da iddia edib. Onun fikrincə, Şimal Alyansı son 20 ildə beynəlxalq hüquq normalarını pozaraq post-sovet məkanı üçün təhlükə yaradır: “NATO Rusiya sərhədlərinə doğru hərəkət edir. Xüsusilə Ukraynadakı münaqişəli vəziyyətdən istifadə edərək çox yaxınlaşdı. Bu kontekstdə MDB ölkələrinin silahlı qüvvələrinin müdafiə qabiliyyətinin aktuallığının vacibliyini hesab edirəm. Bunu da yalnız birlikdə müzakirə edib həll etmək mümkündür. Fikrimcə, MDB ölkələri təhlükəsizliklə bağlı bütün məsələləri birgə həll edə bilər”.


Şuranın digər üzvü Valeri Şnyakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının varlığını diqqət çəkərək MDB ölkələri üçün bunu məqbul hərbi birlik adlandırıb.


“İŞİD təhlükəsi və bu gün Əfqanıstanda Talibanın aktivləşməsi beynəlxalq terrorizmi gücləndirir. Əgər Əfqanıstan terrorizmlə mübarizədə MBD-yə müraciət edərsə, biz buna yardım etməliyik”, - deyə o bildirib.


V. Şnyakin MDB ölkələrinin siyasi və hərbi sahədə birgə iştirakının təhlükəsizlik baxımından vacib olduğunu deyib.


Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında müdafiə naziri Zakir Həsənovun iclasda iştirakını protokol qaydası hesab edib: “Azərbaycan aktiv olmasa da MDB-nin üzvüdür və onun iclaslarında müxtəlif formalarda təmsil olunur. Rusiya MDB vasitəsilə post-sovet məkanı bir arada saxlamağa çalışsa da, bu mümkün deyil. Çünki bu qurum sadəcə kağız üzərindədir. Müdafiə nazirinin orda iştirakı da adi etik qaydalara görədir. Sadəcə olaraq indiki məqamda Rusiyaya meydan oxuyub MDB-dən çıxmağımız xeyrimizə olmaz. Amma bu səfərdə ciddi dəyişiklik gözləmirəm. Düzdür, ümumi təhlükələrə, xüsusilə beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq olar. Azərbaycan bu işi təkcə Rusiya ilə deyil, ABŞ-la da, Avropa ilə də aparır”.


Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə MDB-nin mütəmadi iclasının keçirilməsini müəyyən müzakirələrin aparılması ilə əlaqələndirir: “Bu iclaslar daha çox müəyyən iqtisadi məsələlər, müxtəlif layihələr, miqrasiya problemləri, sosial, humanitar məsələlər və digərlərinin müzakirə edilməsi müstəvisidir. Azərbaycan daim belə iclaslarda müxtəlif səviyyələrlə iştirak edir. Bu dəfə məsələ müdafiə sahəsini əhatə edir. Xüsusilə beynəlxalq terrorizm məsələsi gündəmdədir. Azərbaycan da buna qarşı olan bir dövlət kimi iclasda iştirak edir”.


Politoloq Qabil Hüseynli isə müdafiə nazirinin iclasda iştirakını Azərbaycanın silah idxalı baxımından önəmli hesab edir. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olan bir dövlət kimi öz ordusunu gücləndirir: “Bu onun haqqıdır. Nəzərə alsaq ki, Rusiya işğalçı Ermənistana hərbi baxımından da yardım edir, bizim Moskva ilə bu sahədə əməkdaşlığımız vacibdir. Təbii ki, biz pulumuzu verib silah alırıq. Amma regionda güc balansının işğalçının xeyrinə dəyişməməsi üçün buna məcburuq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm