QHT-lərin nəzərinə: “Qrant haqqında” qanuna dəyişiklik edildi
Bizi izləyin

İqtisadi gündəm

QHT-lərin nəzərinə: “Qrant haqqında” qanuna dəyişiklik edildi

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Milli Məclisdən Publika.az-a verilən məlumata görə, Qanuna aşağıdakı dəyişikliklər edilib:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddə üzrə:

1.1. 2-ci hissəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər.”;

1.2. 4-cü hissədən “Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyən” sözləri çıxarılsın;

1.3. 5-ci hissədə “mənfəət götürmək məqsədi güdməyən digər xarici hüquqi şəxslər, eləcə də xarici fiziki şəxslər” sözləri “xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.”;

1.4. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

2. 3-cü maddə üzrə:

2.1. 2-ci hissədə:

2.1.1. üçüncü, dördüncü və beşinci abzaslar müvafiq olaraq dördüncü, beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (müvafiq icra hakimiyyəti orqanları bu maddənin 2-1-ci hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq);”;

2.1.2. beşinci abzasda “şöbələri” sözündən sonra “(həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. 4-cü maddəyə aşağıdakı məzmunda 4-2-ci hissə əlavə edilsin:

“4-2. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm