• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xəzərin səviyyəsi düşür

Xəzərin səviyyəsi düşür

Son illər Xəzər dənizinin səviyyəsi azalır. Son məlumatlara görə, azalma 28 metrə çatıb. Bu, təxminən ötən əsrin 70-ci illərində olan səviyyədir. Trend xəbər verir ki, bunu jurnalistlərə AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi iqlim amilidir. İqlim amilinin özünün də komponentləri var. Yəni bunun su balansı, gəlir və çıxar hissəsi var. Gəlir hissəsi əsasən dənizə axan çaylar və səthinə düşən yağıntılardır. Çıxar hissəsini isə səthdən buxarlanma təşkil edir. Əgər bu nisbət dəyişirsə, səviyyə də dəyişir. Yəni gələn su çoxdursa, səviyyə artır, əksinədirsə, azalır.

R.Məmmədov bildirib ki, Xəzər dənizinin gəlir hissəsinin əsasını Volqa çayı təşkil edir: "Son bir neçə ildə Volqa çayının suyu azalmağa başlayıb. Bu il isə həddindən çox azalıb və ildə 200 kub km-ə düşüb. Adətən bolsulu illərdə bu çayın suyu 300 kub km olur. Məsələn, Xəzər dənizinə 5 kub km su töksək, dənizin səviyyəsi 1 sm qalxar. Təsəvvür edin ki, 100 kub km su gəlmədi. Bu, artıq 20 sm deməkdir. Bundan əlavə, düşən yağıntının miqdarı da azalıb".

İnstitut direktoru qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin həm qalxması, həm də enməsinin mənfi tərəfləri var: "Suyun səviyyəsi qalxanda ətraf əraziləri su basır, azalnda isə ilk növbədə limanlar əziyyət çəkir. Çünki gəmilər limanlara yan ala, onlar üçün düzəldilmiş hidrotexniki qurğulara yaxınlaşa bilmir. Ən əsası isə bioloji məhsuldarlığın həcmi azalır. Yəni bu, həm ekoloji, həm də sosial-iqtisadi baxımdan problemlər yaradır".

Onun fikrincə, Xəzərin səviyyəsinin enməsi heç də həyəcan təbili çalınmasına əsas vermir: "Biz bilməliyik ki, bu təbii su obyektinin belə xüsusiyyətləri var. Buna sadəcə adaptasiya olunmalı, uyğunlaşmalıyıq. Bəzən Xəzərin suyunun təmizlənməsindən danışırlar. Bu da Don Kixotluq kimi bir şeydir. 79 min kub km suyu təmizləmək olarmı? Sadəcə onu çirkləndirməmək lazımdır. Eynilə də onun səviyyəsini də idarə etmək çox çətindir. Bunun üçün gərək bütün

Xəzəryanı ölkələr bir araya gəlsin. Bu da həll olunmayan məsələdir. Sadəcə bu məsələyə uyğunlaşmaq, hansı qurğunu hansı məsafədə tikmək lazım olduğunu bilmək lazımdır. Məsələn, əgər çimərlik çətiri tikirsənsə, onu harada istəsən tikə bilərsən. Amma əsaslı tikintiləri bu qədər yaxın tikə bilməzsiniz. Bakı kəndlərinə fikir verin. Heç bir kənd tarixən dənizin tam qırağında olmayıb. Onlar sonradan böyüyərək dənizə yaxınlaşıblar. Babalarımız elmlə məşğul olmsalar da, bunu bilib, çəkilib kənarda məskən salıblar".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR