• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanla Ukrayna arasında informasiya mübadiləsi müzakirə olunub

Azərbaycanla Ukrayna arasında informasiya mübadiləsi müzakirə olunub

Noyabrın 28-də Ukraynanın Milli İnformasiya Agentliyində (Ukrinform) baş direktor Aleksandr Xarçenko Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüb.

Diplomat səmimi qəbula və ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm tərkib hissəsi olan humanitar əməkdaşlığı daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazır olduğuna görə A.Xarçenkoya minnətdarlığını bildirib, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanovun salamını ona yetirib. Öz növbəsində Ukrinformun baş direktoru azərbaycanlı həmkarı A.Aslanova səmimi salamlarını yetirməyi səfirdən xahiş edib.

Danışıqlar zamanı tərəflər ikitərəfli humanitar əməkdaşlığa, iki ölkə arasında informasiya məkanının daha da genişləndirilməsinə, Ukrinform ilə AzərTAc, habelə Azərbaycanın digər KİV-ləri arasında yaradıcı tərəfdaşlığın möhkəmləndirilməsinə dair kompleks məsələləri müzakirə ediblər.

Diplomatik nümayəndəliyimizin rəhbəri Ukrinformun baş direktorunu 2015-ci il mayın 21-22-də Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Səfir Azərbaycanın xəbər agentliklərindən olan həmkarlarla konkret əlaqələr yaratmaq və birgə layihələr hazırlamaq üçün diplomatik nümayəndəliyimizin dəstəyi ilə Ukrinformun bir qrup jurnalistinin Azərbaycana yaradıcılıq ezamiyyətini təşkil etmək təşəbbüsünü irəli sürüb.

Daha sonra diplomat deyib: “Əminəm ki, jurnalistləriniz ölkə Prezidenti İlham Əliyevin sistemli və ardıcıl daxili və xarici siyasəti sayəsində bütün sahələrdə Azərbaycanın uğurlar qazandığına əmin olacaqlar”.
Azərbaycan diplomatının hər iki təşəbbüsü Ukrinformun baş direktoru tərəfindən məmnunluqla qarşılanıb.

Səfir, həmçinin bildirib ki, yaxın vaxtlarda Ukrayna Milli Kitabxanasında diplomatik nümayəndəliyimizin Ukrayna dilində nəşr etdirdiyi ictimai-siyasi və bədii məzmunlu 16 kitabın təqdimatı olacaq. O, qeyd edib ki, Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası rəhbərliyinin təşəbbüsü ilə Bakıda da belə təqdimat keçiriləcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR