Ai-95 markalı benzinin istehsalı dayandırılarsa, nələr olacaq? – Açıqlama
Bizi izləyin

İqtisadi gündəm

Ai-95 markalı benzinin istehsalı dayandırılarsa, nələr olacaq? – Açıqlama

Ai-95 markalı benzinin istehsalı dayandırılarsa, nələr olacaq? – Açıqlama

Dövlət Neft Şirkəti Nazirlər Kabinetinə Ai-95 markalı benzinin istehsalını dayandırılmasını və yerli bazarda bu markalı benzinin satışının Ai-98 markalı benzində olduğu kimi sərbəst şəkildə həyata keçirilməsini təklif edib.

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, neft emalı zavodlarında benzin istehsalı artıq ona olan tələbatı ödəmək səviyyəsinə çata bilmir: “İllik benzinə olan tələbat 10-11% artır. Ai-95 markalı benzinin idxalı ilə ölkə bazarında parakəndə neft məhsulları satışı ilə məşğul olan şirkətlər məşğul ola bilərlər”.

R.Abdullayevin açıqlamasını şərh edən iqtisadçı-ekspert İlham Şaban Publika.Az-a bildirib ki, neft emalı zavodunun tikintisinin 10 il sonrayadək təxirə salındığı halda Neft Şirkəti tərəfindən bu ən doğru addımdır: “Niyə? Ona görə ki, Heydər Əliyev adına NEZ-da reallıqda Ai-92 markalı benzin istehsal edilir. Sonra aşqarlar və digər qarışıqlar hesabəma benzinin oktan dərəcəsi artırılaraq 95-ə çatdırılırdı.

Yəni bu bir növ “təmiz istehsallı” Ai-95 markalı benzin olmurdu. Çünki bunun üçün zavodda lazımi texnoloji avadanlıq yox idi, onların quraşdırılması isə külli miqdarda kapital qoyuluşu tələb edirdi. Ancaq nəzərə alanda ki, bu zavod yenisi ilə əvəz olunacaq, təbii ki, SOCAR belə xərclərə gedə bilməzdi”. İ.Şaban qeyd edib ki, ölkə bazarında istehlak olunan benzinin təqribən 8-9%-i Ai-95 markasına aiddir: “İstehlakçıların bir qismi ona görə bu markalı benzindən istifadə etmirdilər ki, onun şəhərdaxili istifadəsi zamanı heç bir keyfiyyət parametrlərini hiss etmirdilər.

Bu baxımdan da istehlakçılar arasında aşağı oktanlı benzinə üz tutmaları nəticədə texniki baxımdan Ai-95 markalı benzinə hesablanmış avtomobilin daha çox yanacaq sərfiyyatına səbəb olur, həm də son nəticədə vaxtından əvvəl texniki nasazlıqlara gətirib çıxarırdı”. Onun sözlərinə görə, SOCAR-ın təklifi qəbul olunarsa, artıq yüksək keyfiyyətli “Avro-4” standartından aşağı ekoloji keyfiyyət parametrlərinə malik olmayan Ai-95 markalı benzin idxal olunacaq: “İstehlakşılar daha keyfiyyət məsələsində tərəddüd edə bilməyəcəklər.

Ancaq bir incə məsələ var. Qiymətin sərbəstləşdirilməsi. 2014-cü ilin aprelində SOCAR H.Əliyev adına Zavodda yenidənqurma işlərinə start verəcək və aşağı oktanlı benzin istehsal edəcək yeni qurğu tikəcək. Onun gələcəkdə maksimum illik istehsal gücü 450 min ton ətrafında olacaq. Hazırda Azərbaycanın daxili bazarında 1,3 milyon ton benzin istehlak edilir.

Yəni hökumətin ciddi cəhdləri (qiymətlərin artımı, avto kreditləşmənin sərtləşdirilməsi, avtomobil qayda pozuntularına görə cərimələrin dəfələrlə artırılması, parkinqlərdə qiymətlərin baha olması, gömrük tariflərinin bahalılığı və sair) hesabına benzinə olan artım səviyyəsini əgər 4-5% cıvarında saxlamasaq, onda 2020-ci ilə qədər yenə daxili bazarda gərginlik yarana bilər. Bunun tənzimlənməsinin ən effektiv yolu isə qiymətlərin sərbəstləşdirilməsidir. Təbii ki, burada hökumətə verilən təklifdə söhbət Ai-95 markalı benzindən gedir.

Onu çox güman ki, Rumıniyadan və Rusiyadan idxal edəcəklər. Və yerli bazarda artıq Ai-95-in qiyməti aprelin 1-dən (həmin tarixdən H.Əliyev adına NEZ modernizasiya işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracaq) 1 AZN-dən aşağı olmayacaq.

Ancaq buna nə dərəcədə qiymətlərin sərbəstləşdirilməsi demək olar? Ölkəyə 2011-ci ildən idxal edilən Ai-98 markalı benzində müşahidə etdik ki, onun qiyməti də Tarif Şurası tərəfindən təyin edilir.

Belə olan halda hökumət qarşısında məsələ qaldırılmalıdır ki, idxalçılara imkan verilsin – heç bir monopolist cəhdlərə yol verilmədən parakəndə yanacaq satanlar özləri yüksək oktanlı benzini ölkəyə idxal edib və istədikləri qiymətə müştərilərə təklif etsinlər.

Həqiqətən ilk zamanlar yüksək qiymətlər psixoloji cəhətdən müştərilərdə şok effekti yaratsa da, ancaq sonradan azad rəqabət gec-tez özünü göstərməlidir”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm