Milyon yarım mənimsəyənlərin cəzası yüngülləşdirildi
Bizi izləyin

İqtisadi gündəm

Milyon yarım mənimsəyənlərin cəzası yüngülləşdirildi

Bu gün Gəncə Apelyasiya Məhkəməsində "Dəmirbank" ASC-nin "Gəncə-2" filialının müdiri vəzifəsində işləmiş Fərid Qurbanov, filialın xəzinədarı Zabil Həsənov və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.Az xəbər verir ki, ittihama görə, "Dəmirbank" ASC-nin "Gəncə-2" filialının 2008-ci il yanvarın 1-dən 2009-cu il iyulun 7-dək olan dövrdə fəaliyyəti bankın kredit və daxili audit departamentinin auditorları tərəfindən yoxlanılarkən plastik kart vasitəsilə kreditlərin verilməsi prosesində, biznes və digər məqsədlər, eləcə də avtomobil almaq üçün kreditlərin verilməsi zamanı külli miqdarda pul vəsaitinin talanması faktları aşkar edilib.

İstintaq müəyyən edib ki, "Dəmirbank" ASC-nin "Gəncə-2" filialının müdiri vəzifəsində işləyən Fərid Qurbanov 2006-cı ildə filialın xəzinədarı Zabil Həsənov və dostu, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynovla qabaqcadan cinayət əlaqəsinə girərək sonuncunun icarəyə götürüb işlətdiyi çoxsaylı mağaza və iaşə obyektlərinə işə götürdüyü, eləcə də qohumluq və tanışlıq münasibətində olduqları şəxslərin, yaxud əvvəllər filialın xidmətlərindən istifadə etmiş şəxslərin adlarına 2006-2009-cu illərdə kredit verilməsinə dair saxta müqavilələr və digər rəsmi sənədlər tərtib edib.

Bundan əlavə, vətəndaşların qanuni şəkildə götürdüyü kredit hesabına apardıqları ödəmə pullarını uçotdan gizlədərək ələ keçirib və bununla da "Dəmirbank" ASC-yə məxsus 1 milyon 678 min 255 manat məbləğində nağd pulu talayıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Qurbanov və Malik Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Zabil Həsənov isə 10 il 6 ay müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Baş Prokururluq apelyasiya protesti verib. Prokurorluq protestində Zabil Həsənovun da həbs edilməsini istəyib. Təqsirləndirilən şəxslər isə apelyasiya şikayəti verərək, cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Çingiz Məmmədovun sədrliyi ilə keçən prosesdə qərar elan edilib. Baş Prokurorluğun Zabil Həsənovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.

Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti isə qismən təmin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.

Hökmə görə, Fərid Qurbanov 5 il 6 ay, Malik Hüseynov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Zabil Həsənov isə 2 il şərti cəza alıb.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm