Günəşin “nizələrindən“ necə qorunmalı? - İSTİ AYLAR ÜÇÜN...
Bizi izləyin

İqtisadi gündəm

Günəşin “nizələrindən“ necə qorunmalı? - İSTİ AYLAR ÜÇÜN...

Son günlər cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti anomal isti keçir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın bildirdiyinə görə, iyunun 13-də Bakı və Abşeron yarımadasında orta sutkalıq temperatur iqlim normasından 6,5 dərəcə yuxarı olub.

Yaxın 2 gündə yağmursuz və anomal isti hava davam edəcək. Bakı və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 35-38 təşkil edəcək, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək yüksələcək.

Bəzi rayonlarda maksimal temperatur 35-40 dərəcə intervalında dəyişəcək.

İyunun 17-dən hava şəraitinin dəyişiləcəyi gözlənilir. Belə ki, iyunun 17-dən başlayaraq temperatur tədricən enəcək. Nisbətən sərin hava iyunun 20-dək davam edəcək. Bəzi rayonlarda leysan xarakterli yağışlar gözlənilir.

Günvurmanın ilk qurbanı

İyunun 13-də Azərbaycanın Xaçmaz rayon sakini, 52 yaşlı Bəhram Cəlilov günvurmadan dünyasını dəyişib. Qəfil halı pisləşən Bəhram Cəlilovu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Rayon xəstəxanasında onun günvurmadan öldüyü bildirilib.

Qizmar günəş altında 15 dəqiqədən artıq qalmaq qorxuludur

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Suqra Bəşirova tövsiyə edir ki, yay aylarında günün qızmar vaxtlarında 15 dəqiqədən artıq gün altında qalmaq olmaz.

Həkim günvurmanı belə əlamətləndirdi: "Halsız olmaq, ürəkbulanma, qusma halları baş verə bilər. Günvurma orta və ağır dərəcəli olduqda isə qıcolma, ürəkdöyünmə əlamətləri ortaya çıxa bilər, dəridə quruluq yaranır.

Günvurma hadisəsi olubsa, həmin adamı kölgəyə çəkmək, sərin maye vermək və ətrafında sıxlıq yaratmamaq lazımdır. Oksigenin daxil olmasına imkan verilməlidi.

Günvurma yuxarıda qeyd etdiyim əlamət üzrə orta və ağır dərəcədədirsə, mütləq həkimə müraciət etmək lazımdır. Bu hadisə yüksək təzyiqlilər, tosqun-kök adamlar üçün daha qorxuludur. Ahıl yaşlı, azyaşlılar və hamilə qadınlar da risk qrupuna daxildir. Həmin adamlar gündən xüsusən qorunmalıdırlar".

Təbii sərinləşdirci mayelərə üstünlük verin

İsti aylarda sərinləşdirici mayelərə üstünlük verilməyin vacib olduğunu deyən mütəxəssis yayda çox soyuq maye və qida qəbulunu da tövsiyə etmədi:

"Uşaqlar yayda şirin tərkibli mayeləri daha iştahla qəbul edirlər. Yaxşı olardı ki, bu mayelər təbii tərkibli olsun. Amma mineral sulara üstünlük vermək daha məqsədəuyğundur. Ümumiyyətlə, çox soyuq maye içmək məsləhət deyil. Yağlı xörəklərin, zülalların qəbulunu yay mövsümündə azaltmaq lazımdır".

Həkim günvurmaya məruz qalan insanlara da çox soyuq su verməyi məsləhət bilmir:

"40 dərəcədə günvurmaya düşən adamı soyuducudan su götürüb vermək olmaz".

Suqra Bəşirova bu yay mövsümündə günvurma ilə əlaqədar onlara hələlik müraciət edilmədiyini bildirdi:

"Təcili yardımın işləri mövsümə uyğun qurulur. Yay mövsümündə günvurma ilə əlaqədar müraciətlərimiz artır. Təcrübəmizdə belə hallar çox olsa da, yay mövsümü hələ yeni başlayıb, günvurma ilə əlaqədar müraciət olmayıb".

Sevil Ünal

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm