• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Belçikalı diplomat: “Cənubi Qafqazda yalnız Azərbaycanda səfirliyimiz var“

Belçikalı diplomat: “Cənubi Qafqazda yalnız Azərbaycanda səfirliyimiz var“

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri "Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabı işıq üzü görüb.

Publika.Az-ın məlumatına görə, bu gün kitabın təqdimatı və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov Belçika ilə əlaqələrin Azərbaycan üçün önəmli olduğunu bildirib. XX əsrin əvvəllərində Bakıda Belçika səfirliyinin açıldığını xatırladan millət vəkili qeyd edib ki, Azərbaycan müstəqilliyini itirdikdən sonra bu səfirlik də fəaliyyətini dayandırıb.

Elxan Süleymanov Belçikanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu söyləyib:

"Parlamentlərarası əlaqələrin intensivliyi ölkələr arasındakı münasibətlərin daha da inkişafına təsir göstərir. Milli Məclisin dostluq qrupu son iki ildə Belçikaya 2, qarşı tərəf isə Bakıya 3 dəfə səfər edib. Hər iki ölkənin parlamenti ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlar, o cümlədən Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq edirlər.

Şamaxı rayonu ilə Belçikanın Toyin şəhərinin qardaşlaşması məsələsinə baxılır. Diplomatik münasibətlərin yaradılması, hər iki ölkədə səfirliklərin açılması əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. 20 il ərzində əməkdaşlıq qarşılıqlı hörmət, etimad əsasında baş tutub".

Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms da kitabın nəşrinə görə məmnun olduğunu deyib:

"Bu kitab iki ölkə münasibətlərin yaxşılaşmasına kömək edəcək. Ölkələr arasında strateji nöqteyi-nəzərdən yaxınlıq var. Bir-birimizin təcrübəsindən istifadə etməliyik. Belçikanın Cənubi Qafqaz bölgəsində yalnız Azərbaycanda səfirliyi var. Bu da ölkəmizin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir".

Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun keçmiş həmsədri Alan Desteks çıxışnda Azərbaycan son dərəcə əhəmiyyətli dövlətlərdən olduğunu vurğulayıb:

"Azərbaycanın coğrafi mövqeyi bunu deməyə əsas verir. Azərbaycanın bəzi qonşuları var ki, onlarla münasibətlər qurmaq o qədər də asan deyil.

Bir neçə ay əvvəl Belçika parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçirildi. Bu tədbirdə 200-dən artıq adam iştirak edirdi. Dağlıq Qarabağ məsələsinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir. Beynəlxalq hüquqla Azərbaycanın mövqeyi daha möhkəmdir.

Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Artıq uzun illərdir dondurulmuş olan bu münaqişə həllini tapmalıdır. Bu sahədə bizim fəaliyyətimiz yavaş-yavaş da olsa irəliləyir".

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR