• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qurultayı Gürcüstanda yox, Sumqayıtda keçirməyə hazırlaşırıq“ - AÇIQLAMA

“Qurultayı Gürcüstanda yox, Sumqayıtda keçirməyə hazırlaşırıq“ - AÇIQLAMA

Müsavat başqanının müavini Tofiq Yaqublu partiyanın qurultay keçirmək üçün Gürcüstan hökumətinə müraciət hazırlaması barədə açıqlama verib.

Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Mustafa Hacıbəyli isə Publika.Az-a belə bir müraciətdən xəbərsiz olduğunu söyləyib. O, bildirib ki, təxminən 10 gün bundan əvvəl qurultay üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətə cavab verilib və həmin tarixdən sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilməyib.

Mustafa Hacıbəyli hesab edir ki, qurultayın xaricdə keçirilməsi real deyil:

"Azərbaycan hakimiyyətinin qonşu ölkələrdə də müəyyən təsir imkanları var. İnanmıram ki, Gürcüstanda bizə qurultay keçirmək imkanı verilə. Dİgər bir çətinlik maliyyə məsələsidir. Səkkiz yüz nəfərə kimi qurultay nümayəndəsinin xaricə aparılması böyük xərc tələb edir. Qurultay nümayəndələrinin əksəriyyətinin xarici pasportu yoxdur".

Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü qeyd edib ki, hakimiyyət Sumqayıt və yaxud respublikanın başqa şəhərində yer versələr, razılaşa bilərlər:

"Hesab edirik ki, Sumqayıt Kimyaçılar Zavodunun akt zalı qurultay keçirmək üçün münasibdir. Oranın tutumu min nəfərdən artıqdır. Müsavat başqanı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə tapşırıb ki, həmin yer üçün danışıqlar aparsın".

Mustafa Hacıbəyli yer problemini həll etmək üçün qurultay nümayəndələrinin sayının azaldılmasını münasib hesab etmir:

"Bu uzun bir prosedur olar. Qurultay nümayəndələri rayon təşkilatlarının konfranslarında seçilir. Onların sayının azaldılması səlahiyyəti də rayon təşkilatlarındadır. Təxminən 70 rayon təşkilatımız konfrans keçirib. Qurultay nümayəndələrinin sayının azaldılması üçün yenidən konfranslar keçirilməlidir".

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının VIII qurultayının keçirməsi üçün Bakıxanov qəsəbəsindəki A. İsgəndərov adına, Maştağa qəsəbəsindəki M. Məmmədyarov adına, Əmircan qəsəbəsindəki S. Bəhlulzadə adına mədəniyyət evlərini və Əhmədli qəsəbəsindəki "Bakı" kinoteatrını təklif edib.

Müsavat Partiyası göstərilən yerlərin heç birini qəbul etmir.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR