• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əli Həsənov: "Bəzi mətbu orqanlar qardaşlığımızın üzərinə kölgə salmağa çalışır"

Əli Həsənov: "Bəzi mətbu orqanlar qardaşlığımızın üzərinə kölgə salmağa çalışır"

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 11-də Bakıdakı Muzey Mərkəzində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı "Anadolu" agentliyinin və AzərTAc-ın arxivlərində qorunub saxlanılan fotoşəkillərdən ibarət sərginin açılışında Türkiyənin “TRT Avaz” telekanalına müsahibə verib.

Publika.az AzərTAc-a istinadən məlumat verir ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında medianın rolu barədə sualı cavablandıran Ə.Həsənov deyib: “Dövlət başçılarından sonra iki ölkənin münasibətlərinə ən böyük təsiri olan mediadır. Çünki media ölkələrimizin xalqları, ziyalıları, dövlət rəsmiləri arasında təmasların qurulmasında, əlaqələrin inkişafında mühüm rola malikdir. Media xalqlarımızı bir-birinə bağlayacaq əlaqələri ön plana çıxara bilir”.

Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan Ə.Həsənov bildirib: “Azərbaycan ilə Türkiyə qardaş dövlətlərdir. Buna baxmayaraq, bəzi mətbu orqanlar qardaşlığımızın, dostluğumuzun üzərinə kölgə salmağa çalışır. Əlbəttə, biz buna yol verməməliyik”.

Qloballaşma prosesinin müasir mediaya təsirindən danışan Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, indi medianın qarşısında daha mühüm vəzifələr durur: "Əlbəttə, media qurumları arasında rəqabət olmalıdır. Lakin bu rəqabət sağlam zəmin üzərində aparılmalı, milli maraqlara xələl gətirməməli, dəyərləri gözdən salmağa deyil, onları daha da zənginləşdirməyə xidmət etməlidir. Təəssüf ki, böyük güclərə, dünyanı idarə etməyə çalışan mərkəzlərə bağlı olan bəzi transmilli media qurumları hadisələrə bu güclərin və mərkəzlərin mövqeyindən yanaşır, ikili standartlardan çıxış edirlər".

“Türkiyənin TRT kanalının və "Anadolu" agentliyinin Bakı nümayəndəliklərinin fəaliyyətini necə qiymətləndirirsiniz” sualının cavabında Ə.Həsənov deyib: “Əlbəttə, TRT də, "Anadolu" agentliyi də Türkiyə dövlətinə bağlı media qurumlarıdır. Türkiyə dövləti ilə Azərbaycan dövləti arasındakı münasibətlər hazırda dünyada bənzəri olmayan qardaşlıq münasibətləridir. Dövlət başçıları dostluq edirsə, xalqlarımız bir-birinə qardaş deyirsə, vətəndaş cəmiyyəti qurumları, elmi dairələr “bir millət, iki dövlət” prinsipi ilə hərəkət edirsə, media təmsilçiləri də bu işə öz töhfələrini verməlidirlər. Ona görə də Türkiyənin TRT kanalı, "Anadolu" agentliyi, eyni zamanda, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) qardaş ölkələrimizin uğurlarını dünyaya çatdırır və çatdıracaqlar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR