Üzü qapalı, qara örtüklü qadınlar təhlükədirmi?
Bizi izləyin

İqtisadi gündəm

Üzü qapalı, qara örtüklü qadınlar təhlükədirmi?

Bəzi mütəxəssislər bildirirlər ki, bu cür qapalı geyimlər axtarışda olan şəxslərin gizlədilməsinə, ictimai təhlükə törədə biləcək əşyaların gəzdirilməsinə şərait yaradır.

Qeyd edək ki, bu günlərdə Brüsseldə ictimai nəqliyyatda axtarış aparan 2 qadın polis təkcə gözləri görünən qara çarşablı bir şəxsi saxlayıb və üzərində axtarış aparmaq istəyiblər. Həmin şəxs isə buna qəti şəkildə etiraz edib.

Bu hərəkətin dini qaydalara uyğun olmadığını söyləyib. Polislərin fikirlərindən dönməyəcəklərini anlayınca, hər ikisini döyüb. Ətrafdakı insanların üzərinə gəldiyini görüb qaçaraq ərazidən uzaqlaşıb. Bir müddət sonra məlum olub ki, polislərin tələbini rədd edən şəxs uzun müddətdir axtarışda olan cinayətkar Stefani imiş.

Bu hadisə də bəzi mütəxəssislərin iddialarını əsaslandırmağa şərait yaradır.

Bəs hüquq bu tipli geyimlərin istifadəsinə icazə verirmi? Azərbaycanda yuxarıda qeyd etdiyimiz hadisəyə bənzər olay olubmu? Təkcə gözləri görünən qadınların, bürünməkdə onlardan
geri qalmayan kişilərin sayının artması ictimai təhlükə ehtimalının güclənməsinə şərait yaratmır ki?

"Hər bir cinayət hadisəsinə fərdi yanaşılır"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Publika.Az-a bildirdi ki, hər bir cinayət hadisəsinə fərdi yanaşma olmalıdır:

"Cinayətkar müxtəlif üsullarla gizlənə bilər. Bu cür məsələdə digər ölkələrlə müqayisə aparmaq da çətindir. Azərbaycanda bu hal qeydə alınmayıb".

"Qanunvericilikdə konkret olaraq sifətlərlə bağlı maddə yoxdur"

Vəkil Ruslan Vəliyev isə deyir ki, hansısa şəxs cinayət törətməkdə şübhəli şəxs qismində cəlb olunursa, o təbii ki, müəyyən prosessual hərəkətlərə məruz qalmalıdır:

"Bunlardan biri də həmin şəxsin şəkillərinin çəkilməsidir. Belə olan halda müstəntiqin tələbi ilə həmin şəxs cinayət törətmiş şəxslə "eyniləşdirmə"nin aparılması üçün sifətini göstərməlidir.

Qanunvericlikdə konkret olaraq sifətlərlə bağlı maddə yoxdur. Başqa bir məsələ də var ki, onların şəxsiyyətini təsdiq edən sənəddə fotoları varsa, müstəntiq müəyyənləşdirməni aparıb vətəndaşı sərbəst buraxa bilər. Hər halda müstəntiq və ya tədqiqatçı şəxsi müəyyən etmək üçün (müvəqqəti) onun üzünün açılmasını tələb edə bilər".

"Başdan ayağa qara geyinib üzü bağlamaq anti-islamçılıqdır"

İllahiyyatçı jurnalist Cavid Cabbarlı isə hesab edir ki, üzün bu cür örtülməsi vacib deyil:

"İslam qadının örtünməsini tələb edir. Bu Qurani-Kərimdə əksini tapıb. Qadın başını, qollarını (əlləri açıq qala bilər), ayaqlarını topuğa qədər örtməlidir. Lakin, üzün örtülməsi vacib deyil. İslamda elə bir dövr olub ki, müəyyən ərazidə qadınlar üzünü qapadıb. Bu elə də yayılmış hadisə deyil.

İslam gözəllik və xoş niyyətlilik dinidir. Başdan ayağa qara geyinib üzü bağlamaq anti-islamçılıqdır. İslamda ətrafdan neqativ fikirlərə səbəb olan hərəkətlər yolverilməzdir. Qadınların üzlərini qapatması, tamamilə qaraya bürünməsi yaxşı hadisə deyil. Azərbaycanda buna ehtiyac yoxdur.

Ümumiyyətlə İslam əraziyə uyğunlaşmağa, ictimaiyyətdə İslamı müsbət mənada tanıtmağa meyilli dindir. Yaşadığın cəmiyyətdə ifrat dərəcədə dini inancların qabardılması İslama qarşı aqressiya yarada bilər. Əsl İslam buna qarşıdır. Üzün qapadılması, lazımi məqamlarda hətta qadın polis tərəfindən açılmasına icazə verilməməsi hansısa qeyri-ənənəvi İslam təriqətlərinə aiddir. Burda yeganə məqsəd İslama qarşı antipatiya oyatmaqdır.

Onlar açıq şəkildə anti-islamçılıq yayırlar. Çünki dini məlumatı olmayan insanlar üzü tamamilə qapadılmış, qara paltarlı qadını görəndə "İslam budursa, mən istəmirəm" deyəcəklər. İslamın konkret olaraq hansısa geyimi yoxdur ki, ona əsaslanıb küçədə belə gəzə biləsən".

Cavid Cabbarlı onu da söylədi ki, İslamda dinin qanuna qarşı çıxa biləcəyinə dair qayda yoxdur:

"Din heç bir ictimai qanunsuzluğa şərait yaratmır. Qadının üzü qapalıdırsa, polis onun nəinki kimliyini, heç cinsini də müəyyənləşdirə bilməz. Bu şəraitdə polis hansısa müdaxiləni etməlidir. Bu cür hərəkətlər yolverilməzdir. Hansısa qeyri-ənənəvi İslam təriqətinin köməyi ilə anti-islamçı təbliğatlara son qoyulmalıdır".

Günay Muradlı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm