Bakıda yeni sərnişin nəqliyyatı - REPORTAJ
Bizi izləyin

İqtisadi gündəm

Bakıda yeni sərnişin nəqliyyatı - REPORTAJ

Paytaxtın sərnişindaşıma sistemində fərqli bir nəqliyyat növünün fəaliyyətə başlayacağı gözlənilir. Tezliklə Bakıda bir neçə istiqamət üzrə metrobuslar istifadəyə veriləcək. Lakin, ilk metrobuslar "Avroviziya"nın finalınadək "Azneft"dən Bayraq meydanınadək bulvar boyu hərəkətə başlayacaq.

Bulvarda metrobusları xəttə hazırlayan ustalarla söhbətimizdə bildirdilər ki, bu maşınlar 4 vaqonlu formada hərəkət edəcək. Metrobusun hər vaqonu 40 sərnişin tutur. Bu maşınlar ilk olaraq Dənizkənarı Milli Parkda yerləşən Əl Oyunları Sarayının yanından Dövlət Bayrağı Meydanınadək hərəkət edəcək. "Avroviziya"nın keçiriləcəyi "Kristal Holl"a onlarla rahat getmək olacaq.

Xatırladaq ki, ilk dəfə metrobuslar 1958-ci ildə Kanadanın Nyufoulend və Labrador vilayətində istifadəyə verilib. Metrobuslar dünyanın bir cox meqapolislərində mövcuddur və intensiv istifadə olunur.

Metrobus bir-biri ilə birləşdirilmiş 2-5 avtobusdan ibarət olub, onun üçün xüsusi ayrılmış yolla hərəkət edən nəqliyyat vasitəsidir. Bu nəqliyyat növü Avropada və Cənubi Amerikada geniş yayılıb.

Səmərəliliyinə görə metrobuslar artıq çoxdan metro ilə rəqabət aparır- pik saatlarında onlar maneəsiz olaraq maksimum sərnişin daşımaq qabiliyyətinə malikdirlər. Yeri gəlmişkən, metrobus xətlərini adətən o şəhərlərdə açırlar ki, yerin quruluşu metro tikməyə imkan vermir.

Yeri gəlmişkən, Bakı şəhər İcra Hakimiyyəti də paytaxtda bir neçə metrobus xətləri açmağı planlaşdırır. Onlardan biri Azadlıq meydanından, Nobel prospektindən və Zığ qəsəbəsindən keçəcəkdir. Digər xətt metronun "28 may" stansiyasından başlayıb, Heydər Əliyev prospektindən keçməklə Binə aeroportuna gedəcək. Üçüncü xətt metronun "20 yanvar" stansiyasını, Dərnəgül qəsəbəsini və metronun "Koroğlu" stansiyasını birləşdirəcək.

Bakıdan Sumqayıta da metrobus xəttinin açılması planlaşdırılır. Bunun üçün yalnız bir sıra texniki məsələləri həll etmək qalıb.

Sovet dövründə Azərbaycanın iri şəhərlərində tramvaylar və trolleybuslar var idi, lakin təəssüf ki, sonradan istifadədən çıxarıldı. Metrobuslar belə demək olarsa, müasir trolleybuslardır. Lakin trolleybuslar elektriklə işləydiyindən daha səmərli idi, ekologiyanı korlamırdı, metrobuslar isə yanacaqla işləyir və daşınma xərci də baha başa gəlir.

Ekspertlərin rəyinə görə, Bakının hazırda metrobuslara heç vaxt olmadığı qədər ehtiyacı var. Paytaxt metropoliteni artıq sərnişin axınının öhdəsindən gələ bilmir.

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov hesab edir ki, nəqliyyatın intellektual idarəetmə sistemi deyidldiyi kimi düzgün işləsəydi, bu effektli ola bilərdi:

"Əvvəlcə şəhərdə tıxac problemi həll edilməli, yolların əsaslı təmiri bitirilməli, yalnız bundan sonra intellektual sistemi işə salmaq lazım idi. Hazırda Bakıda əksər yollar təmir olunduğundan, istər-istəməz tıxaclar yaranır və sistem effektiv işləmir".

Ekspertin fikrincə, müvafiq qanunlara riayət edilməsə, şəhərdə sərnişindaşımada və tıxaclarla bağlı problemlər kompleks həll edilməsə, metrobusların da tətbiqi istənilən effekti verməyəcək".

M.Rüstəmov deyir ki, xeyli sayda yeraltı, yerüstü keçidlər tikilməli, dayanacaqlar səliqəyə salınmalı, sərnişindaşıma sistemli təşkil olunmalıdır:

"Bunlar həyata keçirilsə, metrobusların da tətbiqi yaxşı nəticə verər, nəqliyyatda sıxlıq da aradan qalxar".

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm