• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xanım köşə yazarlarımız qonorarından şikayətçidir

Xanım köşə yazarlarımız qonorarından şikayətçidir

Şəbnəm Karslı: "Mediaya arxalansam, ac qalaram"

Aynur Elgünəş: "Bir yazıya görə 50 manat qonorar alıram"

Mətbuatda xarici yazarların, jurnalistlərin aylıq gəlirlərinin yüksək olması ilə bağlı yazılara tez-tez rast gəlirik. Xüsusən də yaxın qonşumuz Türkiyədə köşə yazarlarının gəlirləri və sahib olduqları daşınmaz əmlakları haqqında fantastik xəbərlər hər kəsi heyrətləndirir.

Məsələn, türkiyəli köşə yazarı Ayşe Armanın 1 ay ərzində yazdığı köşə yazılarına görə aylıq gəliri 60 000 dollardır. Evinin qiyməti isə bir neçə il əvvəl Türkiyə mətbuatını da şoka salmışdı. Bir milyon türk lirəsi qiymət qoyulmuş evin şəkilləri internet portallarda yayılandan bu vaxtadək gün ərzində ən azı 800-900 dəfə həmin fotolar izlənilir.

Ayşə Armanla bizdəki xanım yazarların gəlirləri arasında fərq nədir? Müqayisə üçün köşə yazarlarımıza müraciət etdik.

"Yeni Müsavat" qəzetinin əməkdaşı, tanınmış jurnalist Sevinc Telmanqızı gəlir və yaşayış şəraiti ilə o qədər də razı deyil: " Həyat yoldaşım Zamin Hacı da, mən də işləyirik. İki uşağımız var. Minimal tələbatlarımızı ödəməyə çalışırıq. İki otaqlı, kiçik bir mənzilimiz var. Könül istərdi ki, daha geniş, daha böyük evimiz olsun. Hər uşağın ayrıca otağı, hər ikimizin ayrıca iş otağı olsun. Amma gəlirimizlə arzularımız üst-üstə düşmür. Evsiz həmkarlarımızın durumuna baxanda biz daha şanslıyıq. Ona görə də şikayət etməkdənsə, reallıqla barışmağı tərcih edirəm. Hələ qarşıda çox illərimiz var, ümid edirəm ki, yəqin gələcəkdə mənzil şəraitimizi də düzəldərik."

Köşə yazarı Şəbnəm Karslı isə deyir ki, onun evi Türkiyənin İstanbul şəhərindədir: "Burada kirayədə qalıram. Türk şirkətlərinin birində mühəndisəm, ayda 800 manat qazanıram. Yazarlıq heç vaxt əsas gəlir mənbəyim olmayıb. Mediaya arxalansam, ac qalaram. Köşə yazılarına görə aldığım qonorar elə də yüsək deyil ki, dilə gətirim. Sadəcə, maddi məsələdə həyat yoldaşıma və mühəndislik peşəmə güvənirəm".

Jurnalist Aynur Elgünəş də aylıq gəlirindən razı deyil: "Aylıq gəlirim demək olar ki, çox azdır. Eyni vaxtda çox sayda qəzetlə əməkdaşlıq edəndə gəlirim artır. Bir yazıya görə adətən 50 manat alıram. Otuz manatdan aşağı isə heç vaxt yazmıram. Var gücümlə işlədiyim vaxtlarda isə aylıq gəlirim 600-700 manat civarında dəyişir.

Evim yoxdur. 15 ildir ki, kirayədə yaşayıram. Nə vaxtsa ev alacağıma ümid belə etmirəm"

Günay

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR