“Gənclərin problemləri yoxdur desək...“ - İki baxış
Bizi izləyin

İqtisadi gündəm

“Gənclərin problemləri yoxdur desək...“ - İki baxış

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı "Azərbaycan gəncliyi-2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrasına münasibət bildiriblər.

Publika.Az-ın məlumatına görə, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib ki, "Azərbaycan gəncliyi-2011-2015-ci illərdə Dövlət Proqramı"ndan gözləntilər böyükdür: "Baxmayaraq ki, gənclərlə bağlı Dövlət Proqramı 1 ilə yaxındır qəbul olunub, qısa müddətdə ciddi nəticələr əldə edilib. Gənclər Fondunun yaradılması, Prezident İlham Əliyevin gənc liderlərlə keçirdiyi görüşü təsadüfi sayıla bilməz. Bu gün Azərbaycan gəncliyinə dövlət səviyyəsində yüksək diqqət göstərilir.

Gənclərimiz beynəlxalq səviyyədə Azərbaycanın adını yüksəklərə qaldırırlar. "Eurovision" beynəlxalq musiqi yarışında qələbəmiz, idmançılarımızın ardıcıl uğurları bu sırada qeyd edilə bilər.

Gənclərimiz həm də xaricdə təhsil almaq imkanı əldə ediblər. Dövlət bu məsələdə gənclərə şərait yaradır. İnanıram ki, proqramın icra olunduğu illərdə Azərbaycan gəncliyinin demək olar ki, bütün problemləri öz həllini tapacaq".

Bəzi gənclərin müxalif mövqe tutmasına toxunan Fərid Şahbazlı hesab edir ki, harada iş, fəaliyyət varsa, orada problemlərin olması istisna deyil: "Ölkədə problemin olmadığını iddia eləmək doğru çıxmaz. Harada fəaliyyət varsa, orada çətinliklər də olur. Əsas odur, problemlərin həlli üçün siyasi iradə ortadadır.

Misal üçün, Azərbaycanda təhsil sahəsində problem heç kəsə sirli deyil. Təhsil Nazirliyi üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilmir.

Prezidentin Əliyevin etimadından sui-istifadə edib, vətəndaşları süründürməçiliyə salan məmurlar da olmamış deyil. Onların yaratdığı süni əngəlləri əhalinin bütün təbəqələri, o cümlədən gənclər də öz üzərində hiss edir. Amma bunu bütün sahələrə aid etməyin qərəzdən başqa adı yoxdur".

Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı gənclərlə bağlı Dövlət Proqramının qəbulunu mütərəqqi addım sayır, amma onun icrası ilə bağlı ciddi işlərin nəzərə çarpmadığını bildirib: “Düzdür, Gənclər Fondunun yaradılması ilə bağlı prezident İlham Əliyev sərəncam imzaladı. Bunun özü müsbət addımdır. Biz gənclər arzu edərdik ki, Azərbaycanda yeni nəslin inkişafına diqqət göstərilsin.

Təəssüf ki, Azərbaycanda qanunların qəbulu ilə icrası arasında fərqlər var. Əksər hallarda qəbul edilən qanunlar ya işləmir, ya da bununla bağlı ictimaiyyətə açıqlama verilmir. Yaxşı olardı ki, məsul şəxslər bununla bağlı hesabat hazırlasınlar”.

Azərbaycan gəncliyinin problemlərini sadalayan Ramin Hacılı deyib ki, xeyli gənc işsizlik problemindən əziyyət çəkir. Daha bir problem mənzil şəraiti ilə bağlıdır: “Məhz bu problemə görə, gənclər ailə qura bilmirlər. Rusiyaya, digər dövlətlərlə üz tuturlar ki, normal həyatını təmin edə bilsinlər. Təəssüf ki, orta və ali məktəblərdə gənclərin yüksək səviyyəli təhsil almaq imkanları zəifdir”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm