Senat Robert Sekutanın namizədliyini təsdiqlədi (YENİLƏNİB)
Bizi izləyin

İqtisadi gündəm

Senat Robert Sekutanın namizədliyini təsdiqlədi (YENİLƏNİB)

ABŞ Senatı Robert Sekutanı ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Ceyms Uorliq öz “twitter” səhifəsində yazıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi məmnunluqla bildirir ki, dekabrın 16-da ABŞ Senatı Robert F. Sekutanın ABŞ-ın Azərbaycandakı növbəti Səfiri vəzifəsinə sürülmüş namizədliyini təsdiq edib: "Biz cənab Sekutanın Azərbaycana gəlişini və onu Azərbaycan hökuməti və xalqı ilə birgə Azərbaycanda alqışlamağımızı səbirsizliklə gözləyirik. Səfir təyinatı almış Sekutanın Azərbaycana gəlmə tarixi müəyyən deyil, tarix bəlli olanda məlumatı paylaşacayıq".

Xatırladaq ki, R.F.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi R.F.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl R.F.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

R.F.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm