• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bütün orkestr ifaçılarının ağzı sulandı...

Bütün orkestr ifaçılarının ağzı sulandı...

Gözlərindən yorğunluq sezilsə də, səsinin gurluğuna söz ola bilməzdi. Bakı vağzalının girəcəyində limon satan 73 yaşlı Dəstə nənə çevikliyi və gülərüzlüyü ilə diqqətimi cəlb etdi. Yaxınlaşıb söhbətləşmək istədiyimi dedim.


Limonu borca götürür

Səbətdə göy-göyərtinin limondan çox satıldığını bildiyindənmi, yoxsa başqa səbəbdən "4 dəstəsi 1 manata" sözlərini daha tez-tez təkrarlayırdı: "Bu göyərtiləri Bərdədən gətiririk. Mənim satdığım bir göy dəstəsini 4 yerə bölüb 1 manatdan verirlər. Amma ağıllı müştəri bilir ki, hansı ona daha sərfəlidir".

Elə bu dəm bayaq göyərtinin qiymətindən narazı halda gedən qadın geri döndü, 2 dəstə keşniş alıb uzaqlaşdı.
Dəstə xala deyir ki, limonu Gürcüstandan gələn alverçilərdən alır: "16 ildir alverlə məşğulam. Bir il bundan əvvəl limon satmağa başladım. Bu vaxtlar Lənkəranda limon az olur. Amma Türkiyədən Gürcüstan vasitəsilə gətirib burda satırlar. Biz də qatardan düşən kimi Gürcüstan azərbaycanlılarından 80-100 dənə alıb burda satırıq. Çörək pulumuz çıxır. 6 limonu 1 manata satırıq".

Bu an Gürcüstandan Bakıya limon gətirən xala bizə yaxınlaşır. Anladığım qədər borcunu istəyir: "Tiflisdən, Batumdan limonu kilo ilə alırıq. Sizin pulda biz uduruq. Çünki 2 lari sizin 1 manatınızdır. Amma bu gömrük var ha, anamızı ağladır".

Dəstə xala ilə sağollaşıb gedəndə gürcüstanlı qonaq yenidən borcunu xatırlatsa da, qarşılığında "sən canın, sabah gəl"cavabını aldı. Amma israrla borcunun dalınca bu gün gələcəyini deyə-deyə uzaqlaşdı.

Həmsöhbətim deyir ki, həyat yoldaşı da 28 May metrostansiyasının arxasındakı bazarda alver edir: "Amma orda alver yaxşı getmir. Camaat daha çox şəhərdə təşkil olunan yarmarkalarda alver edir. Daha küçədə limon satan tapmaq olmur. Bəzi arvadlar məcbur olub, Bakı kəndlərində qapı-qapı gəzib limon satırlar. Amma onlar limonun 1-ni bir manata verirlər. Yoldaşımın isə səsi də çıxmır, oturub müştəri gözləyir. Müştərini çağırmaq, cəlb eləmək qabiliyyəti heç vaxt olmayıb".

Dəstə nənə limonun müalicəvi əhəmiyyətindən danışdı: "Təzyiq xəstəsi olduğuma görə tez-tez limon yeyirəm. Çayla birlikdə, yaxud elə burdaca qabıqlı-qabıqlı yeyirəm. Evdə olanda limonu qəşəng-qəşəng doğrayıram, üstünə "pesox"tökürəm. Bunu balaca uşağa da vermək lazımdır, ki sağlam olsun. Mənim qızın limondan üzünə və əlinə maskalar edir".

Dəstə xala deyir ki, özü limondan gözəllik məqsədilə heç vaxt istifadə etməyib. Təvazökarlıqdan uzaq olsa da, əlini şumal üzünə çəkib, dərisinin təravətini yaylığın altından göstərir.

Əlindən buraxmadığı üç limonla yanandakı səbətin yanına çökür. Yorğun olduğu hiss olunur. Gözü hələ də gəlib-keçənlərdədir. Hər yoldan ötən adama alıcı kimi baxır. Artıq danışmaq istəmədiyi çöhrəsindən hiss olunur...
Utandıqlarından üz-gözlərini bağladıqlarını deyən limon satan nənə yavan çörək umuduna ayaq üstə durduqlarını dedilər: "Yayda başımıza gün vursa da, birtəhər dayanırıq. Amma soyuq havada asfaltdan gələn soyuq daha betər olur. Heç olmasa bir piştaxtamız olsa, orada alver edərdik".

Limon satan kişi

Papağı başına elə basıb ki, qulaqlarını da tutub. Ötkəm baxışlarla insanları limon almağa dəvət edir. Heç bir çağırış olmadan gözləri müştərinin yolundadır.

Əlibaba Qardaşbəylinin 53 yaşı var. Cənub bölgəsindən olan Əlibaba bir neçə aydır Bakı küçələrində limon satdığını deyir: "Hər həftə Lənkərana gedib, limon gətirirəm. Həyətimizin məhsuludur. Amma Lənkəranda satmaqla dolana bilmirdik. Ailə başçısıyam, 3 uşağımın çörək pulunu çatdırmaq çətindir".

Limon satıcısı soyuqdan donan əllərini qolunun altında isidir, ancaq əlinə limon alıb nə satdığını göstərmir. Danışmağa meylli adam da deyil: "Burda bir təhər o tanışın, bu qohumun evində qala-qala limon satıb pulumu yığıram və ailəmə göndərirəm. Özüm də xəstə adamam. Ayaqlarımda revmatizm xəstəliyi var, amma məcbur olub qarlı gündə də, yayın cırhacırında da küçədəyik. Balalarımın qarınlarını güclə doyuzdururam. Qohum-əqrəbanın cır-cındırını geyinib evdə otururlar. Böyük qızımı istəyən var. Amma cehiz dərdindən verə bilmirəm".

Səhər saatlarından axşam 22:00-dək küçələrdə limon satdığını deyən Əlibaba polislərdən də gileylidir: "Gəlib bizə deyirlər, küçə ticarəti qadağandır. Mən də onlardan soruşuram, ay başınıza dönüm, bəs bu yazıq camaat harada dayanıb balalarına çörəkpulu qazansın? Bütün günü ağır paketi ora-bura daşımaqdan qıçımız tutulub".

Limonlu faktlar...

Makedoniyalı İsgəndərin döyüşçüləri Hindistandan limonu - Avropada naməlum olan meyvələri gətirdilər. Onları hind almaları adlandırdılar. Baxmayaraq ki, dəhşətli dərəcədə turş idi, eləcə çeynənilirdi.

100 qram limonda 40 mq C vitamini var.

Ceyms Kuk dənizçiləri sinqadan (vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlikdən) limonlarla qorumaq üsulunu fikirləşdiyi üçün Kral cəmiyyətinin qızıl medalıyla mükafatlandırılmışdı.
XVII əsrdə bu delikates sadə rus insanı üçün əlçatmaz idi. Zənginlər limonları Hollandiyadan sifariş edirdilər. Onlara limonları duza qoyulmuş halda çatdırırdılar.

İspan folklorunda limon – acı, aldadılmış sevginin, portağal isə qarşılıqlı sevginin simvoludur.
50-ci illərdə sovet seleksiyaçısı Lapin desert limonunun ayrıca irimeyvəli poliploid növünü əldə elədi. Amma bu növ yayılmadı. Bu barədə bir məmurun sözü dillərə düşdü: " Sovet stəkanlarına yerləşməyən limonlar sovet xalqına lazım deyil".

Bir dəfə limondan nəfəsli orkestrin çıxışını əngəlləmək üçün istifadə edirlər. Bundan ötrü teatrın birinci sırasında limon yeyən uşaqlar əyləşdirirlər. Onların mimikalarını görən orkestr musiqiçiləri ağızlarının suyunu saxlaya bilmirlər, bu isə nəfəsli alətlərdə ifanı çətinləşdirir...

Nailə RÖVŞƏNQIZI

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR