• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Prezident İlham Əliyev və xanımı yeni parkın açılışında

Prezident İlham Əliyev və xanımı yeni parkın açılışında

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.

AzərTAc xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin istirahətini təmin etmək və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 3a ünvanında hazırda son tamamlama işləri aparılan 7 mərtəbəli yaşayış binasının qarşısındakı ərazidə yeni istirahət parkı salınıb. Birinci mərhələdə akademik Həsən Əliyev, Əlövsət Əbdülrəhimov və Koroğlu Rəhimov ünvanlarındakı istismar müddəti başa çatmış yaşayış binalarının sakinləri müasir tipli yeni binalara köçürülüblər. Sökülən binaların yerində isə parkın birinci hissəsi salınaraq sakinlərin istifadəsinə verilib. Layihənin ikinci mərhələsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrində yerləşən 2 yaşayış binasının sakinləri Atatürk prospektində yeni inşa olunan binalara köçürülüblər. Koroğlu Rəhimov küçəsi 3a ünvanında yeni tikilən yaşayış binasının qarşısında sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3 hektardan artıq ərazidə ikinci park salınıb. Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiq edir ki, Bakıda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması diqqətdən kənarda qalmır.

Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində müxtəlif fəvvarələr quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nərimanov rayonu ərazisində yeni salınan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb.

Dövlətimizin başçısı və xanımı burada yaradılan şəraitlə də tanış oldular. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq “Safe Life” şirkəti tərəfindən ən müasir texniki avadanlıqla təchiz olunub. 24 saat açıq olacaq yeraltı avtomobil dayanacağında təhlükəsizlik sistemlərindən olan su ilə avtomatik söndürmə, ünvanlı yanğın siqnalizasiya, havalandırma və tüstüsovurma, yanğın səsləndirmə və təxliyənin idarə olunması, videonəzarət, park naviqasiya, park ödəmə sistemləri və istiqamət lövhələri qurulub. Bu sistemlərdə dünyanın qabaqcıl şirkətlərinin ən keyfiyyətli avadanlığından istifadə olunub. Yeraltı avtomobil dayanacağına, texniki və xidməti otaqlara vizual nəzarət etmək üçün videonəzarət sistemindən istifadə edilib. Sistem sayəsində dayanacaq ərazisinə və giriş-çıxışa tam nəzarət etmək, insan gözündən yayına biləcək vəziyyətlərə belə diqqət yetirmək mümkün olacaq. Yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR