Bakıda qar və fəsadları: onlarla yaralı - FOTO, VİDEOLAR
Bizi izləyin

İqtisadi gündəm

Bakıda qar və fəsadları: onlarla yaralı - FOTO, VİDEOLAR

Dünəndən yağan qar özü ilə birlikdə Bakıya müəyyən problemlər də gətirib.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, ötən gecə Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin yolları qəza mənbəyinə çevrilib. Qəsəbəyə gedən marşrutlar saat 20:00-dan sonra işləməyib. Taksilər qiymətləri 5 dəfə artırıb. Ona görə də sakinlər evlərinə piyada getməyə məcbur olublar. Bir nəfərin sürüşüb yıxılması nəticəsində qolunun sındığı bildirilir.

ANS TV-nin məlumatına görə, yolların buz bağlaması səbəbindən hətta Bakı Dairəvi Yolunda da ötən gecə hərəkət dayanıb. Güclü qarla bağlı Dairəvi Yoldan Biləcəri və Badamdar qəsəbəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri yolda qalıb. Yolda olan avtomobillərin bəziləri isə qəzaya uğrayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısından Badamdar şosesinə doğru gedən yolda da hərəkət dayanıb. Burada da yoxuşu qalxmaqda çətinliklə üzləşən bəzi nəqliyyat vasitələrinə yoldan keçən insanlar kömək edib.

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, keçmiş Xutor dairəsində yenicə istifadəyə verilmiş yolötürücü tunelin Azadlıq prospekti istiqamətində olan çıxışında 4 avtomobil toqquşub.

Məlumata görə, Qarayev Söhmən Vaqif oğlunun idarə etdiyi “BMW” markalı minik maşını yolötürücü tuneldən çıxan zaman sürücünün nəzarətindən çıxıb və zəncirvari şəkildə digər nəqliyyat vasitələri ilə toqquşub.

Qəza zamanı “BMW” Mahmudov Kamal Ələkbər oğlunun idarə etdiyi “LIFAN”, daha sonra Ramazanov Azər Zeynalabdin oğlunun idarə etdiyi “VAZ 2171” və “TOYOTA” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2171” markalı avtomobilin sürücüsü Azər Ramazanov sifət nahiyəsindən xəsarət alıb.

Yol qəzasının təfərrüatlarının araşdırılması Nərimanov polisinə həvalə edilib. Müəyyən edilib ki, hadisə “BMW” markalı avtomaşını idarə edən Söhmən Qarayevin hava şəraitini nəzərə almaması səbəbindən baş verib. Yolötürücü tunellə məlum istiqamətdə hərəkət edən sürücü tunelin içərisində asfalt örtüyünün quru olması səbəbindən avtomobilin sürətini artırıb. Tuneldən çıxan zaman isə quru asfaltı buzlu yol əvəz etdiyi üçün onun avtomobili sürüşüb və qəza törədib.

Ziya Bünyadov prospektində qeydə alınan qəzada da bir nəfər yaralanıb.

“Mercedes” markalı avtomobil prospektlə Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkətdə olan zaman iki yolun kəsişməsində işıq dirəyinə çırpılıb. Avtoqəza nəticəsində avtomobilin sürücüsü, 23 yaşlı Elcan Abdullayev və onun onun sərnişini 20 yaşlı Arzu Abdullayeva xəsarət alıb.

Yaralılar avtomaşında sıxılıb qaldıqlarından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilıasediciləri cəlb olunub. Xəsarət alanlar avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, yol buz bağladığından sürücü idarəetməni itirib və maşını dirəyə çırpıb.

Qaradağ rayonunda isə buz bağlamış yolda iki yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb.

Belə ki, Bakı-Ələt magistralında baş verən hadisə zamanı “KamAZ” və “MAN” markali yük maşınları toqquşub.

Yolun buz bağlaması nəticəsində Fəxrəddin Vəliyevin idarə etdiyi “MAN” markalı iritonnajlı yük maşını öz hərəkətini davam etdirə bilməyib və yolun ortasında dayanıb. Bu zaman arxadan gələn Əfqan Babaşovun idarə etdiyi “KamAZ” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı “MAN” markalı avtomaşının sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Eyni səbədən Sabunçuda baş verən qəzada isə 5 nəfər - Valeh Abdullayev, Səlim Qəribəliyev, Şəhla Qəribəliyeva, Nemət Səfərəliyev və Lətiv Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm