Azərbaycanda bir qaçqına xərclənən vəsait 1170 manat təşkil edir
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda bir qaçqına xərclənən vəsait 1170 manat təşkil edir

“Azərbaycanda 2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edib ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir”.

Publika.az xəbər verir ki, bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 2014-cü ildə 630 milyon manat ayrılıb. Bunun 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir.

Əli Həsənov deyib ki, hesabat ilində Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülüb: “2014-cü il yanvarın 20-də Gəncə şəhərində 1500, avqustun 6-da Ağdam rayonunda 632, noyabrın 14-də isə Gəncə şəhərində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbələrin açılışında şəxsən iştirak etmisiniz.

Maliyyə Nazirliyinin xətti ilə zəruri dövlət ehtiyacları ilə əlaqədar 950, Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə yeni mənzillə təmin olunub.

İl ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınıb, 2288 şagird yerlik 7 məktəb inşa edilib, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilib, 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilib, 75 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb.

Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınıb, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür.

Son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artıb.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib.

Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalıb.

Diqqətinizə çatdırmaq istərdim ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Bu vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunub”.

Ə.Həsənov qeyd edib ki, respublikamızın şimal bölgələrində - Balakən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz rayonlarında 2000 ailə və ya 8500 məcburi köçkün üçün yeni qəsəbələrin salınması məqsədilə 360 hektar torpaq sahəsi ayrılıb. Artıq Balakən, Qəbələ və İsmayıllı rayonlarında işlərin bir qismi icra olunub, Zaqatala rayonunda isə həmin işlərin 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Digər rayonlarda isə müvafiq layihə işləri görülür: “Bununla yanaşı, qeyd etmək lazımdır ki, məcburi köçkünlərin xeyli hissəsi hələ də çətin şəraitdə yaşayır. Ona görə də Sizin tapşırığınıza əsasən bu məqsədlə yeni Dövlət Proqramının layihəsi hazırlanır”.

Ə.Həsənov daha sonra deyib: “Ötən ilin iyul ayında öz əzizlərinin məzarlarını ziyarət məqsədi ilə Kəlbəcərə gedərkən ermənilər tərəfindən girov götürülmüş və beynəlxalq qanunlara hörmətsizlik edilərək mühakimə olunmuş iki məcburi köçkünün azad olunması istiqamətində Soçi görüşündə iştirakçı ölkələrin prezidentləri ilə ciddi müzakirələr apardınız, Ermənistan rəhbərliyinə layiq olduğu qiyməti verdiniz. Mütəmadi olaraq görüşlərdə bu problemi qaldırmağınız, hər 3 ailənin mənzillə təmin olunmasına dair humanist tapşırıq verməyiniz, Şahbaz Quliyevin Rusiya Federasiyasının vətəndaşı olan həyat yoldaşının işlə təmin edilməsi barədə verdiyiniz tapşırığın icrası, ermənilər tərəfindən qətlə yetirilmiş məcburi köçkün Həsən Həsənovun nəşinin qaytarılması - bütün bunlar onların ailə üzvləri və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Tapşırığınıza əsasən, məsələ ilə bağlı başda BMT-nin baş katibi olmaqla, 7 beynəlxalq təşkilata müraciətlər göndərilib. Onların hamısından cavab alınıb. Bəziləri baş vermiş hadisəyə görə sadəcə təəssüfləndiklərini bildirir, bəziləri hətta üzr istəyir, bəziləri isə formal, bürokratik münasibət bəsləyirlər.

Bildirmək istərdim ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərin nəticəsində artıq 8 dövlətin parlamentləri və ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırımı kimi rəsmi qaydada qəbul edib.

Baş nazirin müavini qeyd edib ki, 2015-ci il dünyada çətinliklər ili hesab edilir: “Ancaq biz əminik ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmiz 2015-ci ili də uğurla başa vuracaq.

Sizi əmin edirəm ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı bütün tapşırıqlarınız bundan sonra da vaxtından əvvəl və yüksək keyfiyyətlə yerinə yetiriləcək, onların arasında ictimai-siyasi sabitlik həmişə qorunub saxlanılacaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm