• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müdafiə Nazirliyindən sərt mövqe: Ermənistan bütün həddi-hüdudu aşır

Müdafiə Nazirliyindən sərt mövqe: Ermənistan bütün həddi-hüdudu aşır

"Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə növbəti itki verməsi, guya ermənilərin azərbaycanlının meyitinin çıxarılmasına şərait yaratması, eləcə də erməni çobanın Azərbaycan hərbçiləri tərəfindən öldürülməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatlar tamamilə yalan və uydurmadır. Ermənistan tərəfi təxribat xarakterli bu məlumatlarla yerli və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır və bununla bütün həddi-hududu aşır".

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan KİV-in yanvarın 11-də Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə atışma zamanı guya itki verməsi barədə yaydıqları məlumatlar tamamilə yalandır və həqiqətə zərrə qədər də yaxın deyil: “Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Azərbaycan Silahlı Qüvvələri nəinki məlumatlarda adıçəkilən istiqamətlərdə, ümumiyyətlə, heç bir itki verməyiblər. Ermənilər öz ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyəti də aldadırdırlar. Əvvəla, onların Azərbaycan tərəfinin diversiyası barədə məlumatları ümumiyyətlə, uydurmadır. İkincisi, Azərbaycan Ordusunun itki verməsi həqiqətəuyğun deyil. Üçüncüsü, özlərini humanist göstərərək guya Azərbaycan hərbçisinin meyitinin götürülməsinə şərait yaratdıqları haqqında car çəkmələri isə artıq bütün hədd-hüdudu aşmaq deməkdir”.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Silahlı Qüvvələrimiz cəbhə boyu bütün əməliyyat şəraitinə tam nəzarət edir: “Dünən gecə atışma olub. Ermənilər bizim kəndlərimizi, mülki əhalini atəşə tutublar. Bizim bölmələrimiz də onlara cavab veriblər”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Facebook səhifəsində bildirib ki, yanvarın 11-də guya Ermənistan Silahlı Qüvvələri beynəlxalq humanitar normalardan çıxış edərək Azərbaycan tərəfinin Tavuş rayonu istiqamətində “diversiya hücumları” zamanı həlak olmuş Azərbaycan “diversantı”nın postlararası ərazidən çıxarılmasına şərait yaradıblar.

V.Dərgahlı erməni həmkarının bu iş metoduna özünəməxsus reaksiya verib: “Ovannisyan, deyəsən, artıq Facebook səhifəsində müharibə aparır. Ermənilər artıq gerçəkdə bacara bilmədiklərini virtual formada həyata keçirmək istəyirlər. İstədikləri adamı "öldürür", istədikləri adamın da "ərazidən götürülməsinə" icazə verirlər”.

Polkovnik Ermənistanla sərhəd bölgəsində atışma zamanı erməni çoban S.Sarkisyanın guya Azərbaycan hərbçiləri tərəfindən atılmış atəş nəticəsində ölməsi məsələsinə də münasibət bildirib: “Əvvəla, o çoban sərhəd bölgəsində nə gəzirdi? Onun orada nə işi vardı? Bu anlaşılmazdır. Sual doğur, Ermənistan silahlı bölmələrinin içində olan çobanı kim vurub? Necə vurulub? Əslində ermənilər özləri ona atəş açıb öldürüb, sonra da bizimkilərin üstünə atırlar. İkincisi, onlar 80 yaşlı çobanın qarşılıqlı atışma zamanı öldüyünü bildirirlər. Belə çıxır ki, ermənilər artıq səngərələrdə durmağa adam tapmır, ahılları cəlb edirlər”.

Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycanla sərhəddə atışma zamanı 1935-ci il təvəllüdlü erməni çoban S.Sarkisyanın guya Azərbaycan hərbçiləri tərəfindən atılmış atəş nəticəsində öldüyünü bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR