Ombudsman Parisdəki terrorla bağlı bəyanat yaydı
Bizi izləyin

İqtisadi gündəm

Ombudsman Parisdəki terrorla bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Parisdə törədilmiş terror aktları ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnən bu beynəlxalq cinayətə qarşı dünya dövlətlərinin, habelə milli insan hüquqları təsisatlarının səylərinin birləşdirməsinin zəruriliyi qeyd edilir.

Bildirilir ki, son vaxtlar dindən siyasi spekulyasiyalar, o cümlədən terrorizmi əsaslandırmaq məqsədilə istifadə edilir. Təəssüf ki, bəzən bu, İslam dini ilə əlaqələndirilir. Lakin unudulmamalıdır ki, İslam sülh dinidir, terrorizmin və zorakılığın əleyhinədir. Terrorizmin hər hansı dini əqidə ilə bağlanması əsassız və yolverilməzdir. Birmənalıdır ki, terror aktını törədənlərin milliyyəti, vətəni olmadığı kimi, dini mənsubiyyəti də yoxdur.

Bəyanatda, həmçinin qeyd olunur ki, bu gün bəzi Avropa ölkələrində müsəlmanların öldürülməsinə edilən çağırışlar olduqca təhlükəli və əsassızdır. Kütləvi qırğınlara təhrik edən belə cəhdlərin qarşısı dərhal alınmalıdır.

Vurğulanır ki, Azərbaycan xalqı bu hadisələrlə bağlı fransızların ağrı-acısını yaxşı anlayır, çünki Azərbaycan terrordan ən çox əziyyət çəkən ölkələrdəndir. Azərbaycan torpaqlarının işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə erməni separatçıları dinc əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan, o cümlədən ahıllar, əlillər, qadınlar, uşaqlar həlak olub və bu hüquqazidd əməllər hələ də davam etməkdədir.

Qeyd edilir ki, terror əməli nəticəsində ilk növbədə ən vacib hüquq olan yaşamaq hüququ kütləvi şəkildə pozulur. Məhz buna görə, beynəlxalq birlik terrorizmlə mübarizə aparmaq üçün öz səylərini birləşdirməlidir. Yalnız bu yolla insan hüquq və azadlıqlarının kobud pozulmasına səbəb olan belə beynəlxalq cinayətlərə qarşı səmərəli mübarizə aparmaq və qarşısını almaq olar.

Qeyd edək ki, Fransanın insan hüquqları üzrə müvəkkili Jak Tubon Azərbaycan ombudsmanı Elmira Süleymanovaya Parisdəki “Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumu ilə əlaqədar məktubla müraciət edib.

Terror aktının Fransa xalqında böyük kədər doğurduğu bildirilən müraciətdə bu əməlin pislənməsinə, həmrəyliyin nümayiş etdirilməsinə çağırış öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm