XİN Rusiya telekanalındakı təhriflə bağlı etiraz edəcək
Bizi izləyin

İqtisadi gündəm

XİN Rusiya telekanalındakı təhriflə bağlı etiraz edəcək

"Rusiyanın 5-ci kanal adlanan televiziya kanalında efirə gedən verilişdə 20 yanvar faciəsi və Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti təhrif edilib". Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.


H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı diplomatik nümayəndəlikləri tərəfindən məsələ ilə əlaqədar kanalın rəhbərliyinə Azərbaycan tərəfinin narazılığını bildirəcək və Rusiyanın müvafiq dövlət qurumlarına müraciət ediləcəkdir.


XİN rəsmisi bildirib ki, obyektivlik və vicdanlıqdan kənar olan və yalnız Ermənistan tərəfinin yalanlarının təşviqinə xidmət edən bu verilişdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində və Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktlarına məqsədyönlü şəkildə yer verilməyib: "Xocalı faciəsindən süjet göstərilsə də, verilişin müəllifi və kanalın redaksiyası özündə cəsarət və vicdan tapıb bunun Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini dilinə gətirməyib. 20 yanvar faciəsi isə məhv olmaqda olan imperiyanı qorumaq üçün Sovet rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətdir".


H.Hacıyev qeyd edib ki, verilişin müəllifi Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında qanununu pozub: "Televiziya kanalının redaksiyası və jurnalist bu kimi qərəzli verilişi hazırlayarkən Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə, işğal və təcavüz hallarını təşviq etdiyinə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hisslərinə hörmətsiz rəftarına görə heç olmasa daşıdığı mənəvi və insanı məsuliyyətini dərk etməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm