20 Yanvar qətliamı ilə bağlı QHT-lər işçi qrupu yaratdı
Bizi izləyin

İqtisadi gündəm

20 Yanvar qətliamı ilə bağlı QHT-lər işçi qrupu yaratdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantı keçirib.

Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müzakirələri açan Şura sədri, millət vəkili Azay Quliyev 20 Yanvar hadisəsinin xalqımızın totalitar Sovet rejiminə qarşı qəhrəmanlıq mübarizəsinin simvolu olduğunu deyib. A.Quliyev Azərbaycan xalqının 20 Yanvar günü göstərdiyi şücaətlə bütün dünyaya müstəqillik uğrunda apardığı haqq davasında nə qədər qərarlı olduğunu göstərdiyini bildirib. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk böyük dəstəyi Azərbaycan xalqının verdiyini deyən Şura sədri, 20 Yanvar qətliamından sonra kommunist rejiminin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyini, ancaq beynəlxalq ictimaiyyətin onu hələ də yetərincə dəyərləndirmədiyini qeyd edib. A.Quliyev bugünkü tədbirin keçirilməsində məqsədin vətəndaş cəmiyyəti institutlarının 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinin cəmləşdirilməsi və beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi olduğunu vurğulayıb.

Toplantıda məruzə ilə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni 1990-cı ilin 20 Yanvar hadisəsini doğuran səbəblərdən danışaraq ölkədəki o zamankı ictimai-siyasi vəziyyəti xronoloji ardıcıllıqla təhlil edib.

Milli Jurnalistika Konqresinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu 20 Yanvar hadisəsinin xalqımız üçün unudulmaz tarixi hadisə və eyni zamanda qəhrəmanlıq nümunəsi olduğunu deyib. N.Yaqublu Azərbaycanın müstəqilliyini bərpa etməsində müstəsna rolu olan 20 Yanvar şəhidlərinin tarixdəki rolunun düzgün qiymətləndirilməsi və daim diqqətdə saxlanılması üçün orta məktəblərin tarix dərsliklərində həmin şəxslərə xüsusi yer ayırılmasının vacibliyini vurğulayıb.

Məruzələr ətrafında Tənzilə Rüstəmxanlı, Məhərrəm Zülfüqarlı, Azər Həsrət, Əliməmməd Nuriyev, İradə Yaqubova, Nazim Əhmədli, Qəmzə Yusifova, Xanım Əhmədzadə, Niyaməddin Orduxanlı, Emin Həsənli, Mahirə Əmirhüseynova, Sevda Tahirli, Çingiz Bayramov, Xanoğlan Əliyev və digər QHT rəhbərləri çıxış edərək 20 Yanvar qətliamına beynəlxalq ictimaiyyətdən ədalətli münasibət gözlədiklərini deyiblər.

Müzakirələr nəticəsində 20 Yanvar hadisəsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün QHT-lərdən ibarət işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. İşçi qrupunun sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin rəhbəri Şahin İsmayılov, üzvləri isə tanınmış QHT rəhbərləri Rauf Zeyni, Sənan Nəcəfov, Mahirə Əmirhüseynova, Məhərrəm Zülfüqarlı, Niyaməddin Orduxanlı, Mais Əliyev, Mehriban Abdullayeva, Azər Həsrət, Xanım Əhmədzadə, Asif Əsgərov, Sevda Tahirli, Məhluqə Rəhimova¸ Nəriman Abbasov, Çingiz Bayramov və Venera Əsgərova seçilib. İşçi qrupun ilk iclasında 20 Yanvar hadisəsinin beynəlxalq ictimaiyyətə tanıdılması üçün müvafiq petisiyanın təşkil edilməsi haqqında razılıq əldə edilib.

Toplantının sonunda QHT-lər 20 Yanvar qətliamı ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan müraciət qəbul edib.

Müraciətdə Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları 20 Yanvar qətliamının 25 illiyi ilə bağlı dünya ictimaiyyətinə müraciət edərək günahsız insanları qətlə yetirənlərin cinayət məsuliyyətinə cəlb edilməsini, onların beynəlxalq məhkəmədə mühakimə olunmasını tələb edir. Eyni zamanda xalqımızın Sovet İttifaqının çökməsinə və bu ona daxil olan respublikaların dövlət müstəqilliyi əldə etməsinə verdiyi böyük töhfənin layiqincə qiymətləndirilməsini istənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm