20 Yanvar – Milli Qürur Günümüz! - FOTOLAR, VİDEO (YENİLƏNİB)
Bizi izləyin

İqtisadi gündəm

20 Yanvar – Milli Qürur Günümüz! - FOTOLAR, VİDEO (YENİLƏNİB)

Bu gün 20 Yanvar hadisəsindən 25 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu ağır cinayətin məqsədi dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə qalxmış xalqımızın milli azadlıq hərəkatını susdurmaq idi.

1990-cı ilin 20 yanvarında keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıqla müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, Sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə, onun sayı 35 min nəfərə çatırdı) "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

1989-cu ilin sonunda Azərbaycanın cənub regionlarında əhali İranla sərhəddə olan qoruyucu barrikadaları dağıdaraq sərhədi kütləvi şəkildə keçirdilər. SSRİ rəhbərliyi İrana gedən azərbaycanlıların Azərbaycana silah daşımasından qorxuya düşərək Bakıda yerləşən hərbçiləri cənub regionlarına göndərmişdi. Ona görə də 1990-cı ilin yanvarında Bakıda hərbçilərin sayının az olmasından istifadə edən təxribatçılar bir çox iğtişaşlar törədirdilər.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.

Yanvarın 19-dan 20-ə keçən gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.

Bakıda Salyan kazarmasında 20 yanvar gecəsində döyüşlər başlayır. Orada azərbaycanlı zabitlər, əsgərlər gürcü, osetin, çeçen, inquş və başqa millətlərin nümayəndələri ilə birləşib orduya qarşı vuruşurlar.

20 yanvardan sonrakı dəfn mərasimindən sonra 23 yanvarda Azadlıq meydanında mitinq oldu. Mitinqdə Salyan kazarmasında Sovet ordusuna qarşı vuruşan adamların sayı barədə məlumat verilmişdi: 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus. Həmin gecə Bakı radiosu ilə Bakının komendantı general Dubinyak çıxış edib bildirdi ki, 83 nəfər həlak olub, 14-ü əsgərdir.

"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.

Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışılmalıdır.

"Şit" təşkilatı ekspertlərinin hesabatından

Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü.

Adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
"Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir…

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı Sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:

"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini Sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır"...

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, Sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək azalması, Sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) "20 Yanvarın "Şəhidlər günü" elan olunması haqqında" qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu.

18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistana qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm