Kimi quş səsi çıxarır, kimi də sazı ayağı ilə çalır - RƏZALƏT
Bizi izləyin

İqtisadi gündəm

Kimi quş səsi çıxarır, kimi də sazı ayağı ilə çalır - RƏZALƏT

Azərbaycan telekanallarında rəzalətdir!.. Bunun başqa adı varsa, lütfən, birisi çıxıb desin. Dünən axşam saatlarında "kor olası gözüm” ATV telekanalında "Səs verməyin” verilişinə sataşdı. Nə görsəm yaxşıdı? Cavad Rəcəbov adlı ötən əsrdənqalma müğənni gah fit çalır, gah quş səsi çıxarır, quş uçurdur, quş tutur... Bu hər nə idisə, normal insanın ad qoya bilməyəcəyi hərəkətlər idi.

Arxada əyləşən həmkarları da bunu rişxəndlə izləyir, aparıcı xanım da uğunmaqdan özünü güclə toparlayırdı. Və "mahnı” bitdikdə, Rəcəbov izah edir ki, bəs, bunu oğlu belə fikirləşib tapıb, "improvizə” edib. "Helyoza” da deməyəsən, qədim Şərqdə qız adıdır. Hə, yadımda ikən bunu da deyim. Rəcəbov oğlunun "improvizasiyasının” ilk bəndlərini Şərq dillərindən birində - səhv etmirəmsə, fars dilində oxuyurdu. Ya bəlkə, talış dilində. Amma buna heç bir şübhəm yoxdur ki, dünyanın heç bir xalqı bu "mahnıya” sahib çıxmaz. Onu özünkü elan etməyi mənliyinə, şərəfinə və milli qüruruna sığışdırmaz. Amma bizim telekanallar bu eybəcər və iyrənc mahnının Azərbaycan efirində səslənməsinə razı olurlar. Səbəb də məlumdur. Pul ödənilir. İstər dünən səhnəyə çıxan, istər srağagündən qalmış boyat müğənnilər, istərsə də, lap "klassiklər” olsun, efirə düşmək üçün səxavət kisələrinin ağzını dartıb açmalıdırlar. Daha efirlərimiz açıq əndamlara da heç belə aludə deyil, nəinki ağzı açıq pul kisələrinə. Onlar üçün fərq etməz. Müğənni sayıb efirə dəvət etdikləri əyninə nə geyinir, necə oturur, necə durur, bədəninin hansı əzalarını nümayiş etdirir və ya hansı lafları edir. Onları maraqlandıran və düşündürən yalnız və yalnız əlinə mikrofon verəcəkləri şəxsin ödəyəcəyi məbləğdir. Tamaşaçı zövqü, tamaşaçı istəyi köhnə əyyamlarda qalıb. Tamaşaçıya işləyən daha yoxdur. Hamı özü üçün əlləşib-vuruşur. Telekanallarımızda səviyyəsizliyin, zövqsüzlüyün, savadsızlığın, tərbiyəsizliyin, iyrəncliyin, hər cür çirkinliyin, ədəbsizliyin, bir sözlə - rəzalətin baş alıb getməsinin əsl səbəbi bax, budur.

Nələr baş verir efirimizdə: özünü kişi hesab edən birisi "etiraflar”da bulunub bir qadın müğənni ilə çoxillik intim münasibətlərindən könül rahatlığı ilə danışır. Qadın müğənni bir ailənin dağılmasına səbəb olduğunu "qürurla” təsdiqləyir. Bir tərəfdə digəri boğula-boğula, özlüyündə belə hesab edir ki, guya mahnı ifa edir. Zahiri görünüşünün multi-filmlərdəki ifritə qəhrəmanına bənzədiyinin də heç fərqində deyil. Eləcə də, o xanımı efirə dəvət edənlər də bunun fərqinə varmırlar. Pul ödəyib efirə çıxıb da, ondan. Digəri bir dəstə mahnısını gəmiyə yığıb uzaq Ərəbistan sahillərinə daşıyır. Gedib oralarda da bu xalqı abırsız edib geri qayıdırlar. Bu insanların qafa çalışmasına heyrət edirsən. Evlərini, mənzillərini, ləl-cəvahiratlarını reklam edənlər aşağılığın ən son həddini nümayiş etdirir. Fikir verin, tamaşaçının yadında sənəti, istedadı ilə qalmaq şansını itirənlər mənzilində döşəməyə düzdüyü parketin qiyməti ilə yaddaşlara "həkk” olmaq istəyir. Üç-dörd mərtəbəli villalarını, mətbəxlərindəki soyuducunun ağzına kimi dolu buzdolabını ekrandan xalqın yoxsul, zavallı kəsiminin gözünə soxmağın adı ancaq ədəbsizlikdir. Musiqiyə sayğısızlıq, səviyyəsizlik musiqi alətlərinə münasibətə də sirayət edib. Yaşlı-başlı qarmon çalan çörək qazandığı musiqi aləti ilə nadancasına qarmonu əlində fır-fır fırladıb, qarşısındakının başına keçirmək həddinə çatırsa, dünən atlanıb ortaya düşmüş "aşıq”dan əlbəttə, milli varlıq hesab etdiyimiz sazı az qala ayağı ilə çalacaq qədər təlxəklik nümayiş etdirəcəyinə heç də şaşırmamalıyıq. Sazın başına elə bir oyun açırlar ki, bəşər xəlq olunandan belə alçaqlıq nümunəsi görünməyib. Amma bizim efirlər bunu bütün dünyaya sərgiləyir. Adını da "şou” qoyurlar. Daha bilmirlər ki, şou ilə təlxəklik, hoqqabazlıq arasında yerlə-göy qədər fərq var. Şounu da səviyyəli, ədəbli təşkil etmək mümkündür. Necə ki, bunu qonşu dövlətlərin efir ustaları edir. Niyə biz Türkiyə və ya Rusiya telekanallarını tənqid etmirik? Halbuki bizim telekanallar "ştampovka” ilə, oralardakı efir layihələrini surətçıxarma yolu ilə transfer etməklə məşğuldurlar. Bədbəxtlər, köçürmənisə də, səviyyəli icra edə bilmirlər. Olmayan xüsusiyyəti hardan əldə etsinlər ki! Demək, məsələ şou-proqramlarda deyil, səviyyəli proqram hazırlamaqdadır ki, bu da bizim telekanallarda yoxdur. Bizimkilər mırt vurmağı, klounluq etməyi yaxşı bacarır. Hansı aparıcı istəyirsə ki, yalançı reytinq əldə etsin, proqrama mütləq düşük, bambılı birisini çıxarırlar. Amma öz iyrəncliklərindən həzz alır, çirkab içində olduqlarının fərqinə varmadan adlarının önünə "sevilən”, "məşhur”, "tanınmış” ifadələrini qoşdurmaqla xam xəyallara qapılırlar. Efirlərdə elə bir bazar yaranıb ki, alan da, satan da eyni yolun yolçularıdır. Amal və məramları da yalnız maliyyə imkanlarını genişləndirmək və əlbəttə ki, toy tutmaqdır. Kim efirə çox çıxırsa, onu toylara daha çox dəvət edirlər. Müğənnilərimizin peşəsi efirə çıxmaq və toya getməkdir. Efirlərimiz də toyda qazanan müğənnilərin hesabına pul qazanmaq məqsədilə müğənnilərə sarmaşıblar; ölsən də, əldən verən deyiləm. Bunlar da efirlərə çıxmaq üçün sanki sıraya düzülüblər və həftəlik cədvəl tərtib ediblər. Həftənin 7 günü növbə-növbə hansı telekanalda qonaq olacaqlarının siyahısını tutublar. Bir telekanalda səhər gördüyün müğənni günorta bir başqa efirdə, axşam başqasında, gecə də bir başqasında olur. Kimin hansı verilişdə qonaq olacağını təxmin etmək asan bir işdir. Onlar da efirə çıxıb xalqın başına "ağıl” qoyurlar. Bir ağılları, səviyyələri, dünyagörüşləri olsa, yenə dərd yarıdır. Rəzalət bundadır ki, ailəsi olmayan ailə möhkəmliyindən danışır, guya "sənətə görə” ərindən ayrılan müqəddəs dəyərlərdən bəhs edir, xalqın qız-gəlininə "doğru yol” göstərir. Əxlaqi dəyərləri ayaqlar altına atanlar efirə əsl qəhrəman, "ulduz” kimi dəvət olunur. Və iş o yerə çatır ki, torpaq uğrunda, şərəf və ləyaqətlə döyüşüb fiziki cəhətdən əlil olanları "kartofa” bənzədirlər. Özləri mənəvi əlil olduqları halda!..

Dünya 21-ci əsrdədir. Deyəsən, bizimkilərin bundan xəbəri yoxdur. Ayılın, artıq. Bəyənmədiyiniz, "kitayski” deyib əlinizin dalı ilə itələdiyiniz mallar istehsal edən Çin dünya iqtisadiyyatının başında dayanır. Sizin rəzalət dolu telekanallardan fərqli olaraq tamaşaçıya məlumat verməyi, maarifləndirməni ümdə vəzifəsi sayan Türkiyə telekanallarından birində srağagün Çinin yüksəlişini göstərən sənədli film - bəlgəsəl nümayiş olunurdu. Bu tip filmləri bizlər yalnız əlamətdar günlərdə - ya işğal, ya da matəm tarixlərində görə bilirik. Onda da əsasən vaxtı keçmiş teleməhsullar olur - yeni nəsə hazırlayan yoxdur. Yadımda ikən bir faktı xatırladım. Bir vaxtlar ATV telekanalının beynəlxalq yayımı vardı. Təkcə orada insana lazımlı olacaq proqramlar efirə verilirdi. İndi bu işi təkcə "CBC” telekanalı üzərinə götürüb, bir qədər də "İnter.az” telekanalının öhdəsinə düşüb. Yerdə qalan telekanallarımız şouya köklənib. Şou-proqramları efir vaxtına güclə sığışdırırlar. Hətta "18 üstəgəl” xəbərdarlığı ilə yayımlanan kriminal verilişlər də vaxt qıtlığından axşam saat 8-də yayımlanır. Çünki 21:00-dan oyana şou-proqramların inhisarındadır. Qayıdaq, Çinlə bağlı bəlgəsələ. Bizim "qıyıqgöz” deyib bəyənmədiyimiz çinlilər bəşər övladını heyrətə salan işlərlə məşğuldurlar. Külək, günəş enerjisini insanlığın istifadəsinə çıxaran qurğular kəşf edir, poliqonlar salırlar. Paytaxtda deyil, 4-cü dərəcəli şəhərlərində elə binalar inşa edir, elə bir işıqlandırma sistemi düzəldirlər ki, baxdıqca adamın gözü qaralır. Bu çinlilər 3D printerinin köməyi ilə dünyada bir ilkə - 5 mərtəbəli bina inşasına imza atdılar artıq. Bizimkilər də bir "ilkə” imza atıblar; Manaf Ağayevin "Cip”inin şüşəsini sındıracaq qurğu "ixtira” ediblər. Axırda da o boyda müğənnini heçə endirib, guya ki, əleyhdarlarının göndərdiyi 1000 səs müqabilində vurub maşının şüşəsini sındırıblar. Və bunu da "realiti-şou” adına yazırlar. Yazıqlar olsun!.. Bizimkilər müğənnilərin başına aftafa-ləyən suyu tökməyi "planlaşdırdıqları” vaxtlarda Türkiyədəki "O səs Türkiyə” yarışmasının münsiflər heyəti Azərbaycanda kimsənin sahib çıxmadığı "Avroviziya” iştirakçısı Elnur Hüseynovu "müəzzəm” səsli müğənni adlandırıb finala vəsiqə verir. Fərqiniz budur, məncə. Başınız pul saymaqdan ayrılsa, bəlkə nələr baş verdiyinin fərqinə vararsınız.../şeqr.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm