İqtisadi gündəm
Əhməd Əhmədzadə görüləcək işləri açıqladı
“Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz
fəaliyyətiniz, gərgin əməyiniz, qətiyyət və əzmkarlığınız, milli
maraqları və mənəvi dəyərləri ahəngdar şəkildə uzlaşdırmağınız
sayəsində dünyanın ən sürətlə inkişaf edən, sabit və qüdrətli
dövlətinə çevrilmişdir”.
Publika.az-ın məlumatına görə, bunu yanvarın 27-də Heydər Əliyev
Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına
həsr olunan konfransda çıxışı zamanı “Meliorasiya və Su
Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə
deyib.
Ə.Əhmədzadənin sözlərinə görə, bu yüksəlişin bir sirri, bir səbəbi
də vardır ki, bu da Sizin müəllifi olduğunuz respublika
iqtisadiyyatının hərtərəfli inkişafını təmin edən, real icra
imkanlarına söykənən, çoxsaylı Dövlət proqramlarının qəbul
edilməsi, bu proqramların həyata keçirilməsi üçün respublikanın
potensialının səfərbər edilməsi, ən başlıcası isə bu böyük miqyaslı
işlərə Sizin şəxsən rəhbərlik, nəzarət etməyiniz, kömək və
tələbkarlıq göstərməyinizdir. Bu gün keçirilən tədbir bunu bir daha
təsdiq edir:
“Ölkə iqtisadiyyatının inkişafında öz yeri olan meliorasiya və su
təsərrüfatı sahəsinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən
göstərilən diqqət və qayğı, onun həmişəyaşar ideyaları bu gün Sizin
rəhbərliyiniz altında uğurla davam etdirilir. Bunun nəticəsi olaraq
son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış,
sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə
kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin
bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. 171
min hektar sahədə suvarılan torpaqların su təminatı və 178 min
hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 20 min hektar
yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş,
1194 ədəd subartezian quyusu qazılmışdır. Sel və daşqınlara qarşı
Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə,
bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.
Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur
layihələri olan su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü və
Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və
Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun
tikintisi və digər iri layihələr bilavasitə Sizin rəhbərliyiniz,
daimi nəzarətiniz, yaxından köməyiniz və qayğınız sayəsində qısa
müddət ərzində başa çatdırılmışdır”.
Onun bildirdiyinə görə, “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı
meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Həmin tədbirlər üzrə 2014-cü ildə müvafiq işlər həyata
keçirilmişdir. Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına
əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə
başlanılmışdır və hazırda bu işlər davam etdirilir:
“Sizin, 2014-cü il iyulun 22-də yeni inşa olunan
Taxtakörpü-Ceyranbatan kanalından suyun Xızı rayonunun torpaq
sahələrinə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması
mərasimində iştirakınız zamanı Taxtakörpü su anbarının tikintisi
ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların
istifadəyə verilməsinin sürətləndirilməsi barədə verdiyiniz
tapşırıqların icrası olaraq, ilkin mərhələdə rayonun 3400 hektar
torpaq sahələrində meliorativ tədbirlərin həyata keçirilməsinə
başlanılmışdır.
2014-cü il noyabrın 15-də Sizin iştirakınızla açılış mərasimi
keçirilmiş Su Elektrik Stansiyası ilə birgə Şəmkirçay su anbarının
tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və
Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su
təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan
sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir
şəhərlərinin içməli su ilə təmin edilməsi və ildə 56 milyon kilovat
elektrik enerjisinin istehsal edilməsi mümkün olacaqdır.
2014-cü ildə Dünya Bankının krediti hesabına respublikanın 8
rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri
infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, 10
rayonda isə 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin
təmir-bərpası işləri başa çatdırılmışdır. Müvafiq Sərəncamınızın
icrası olaraq respublikanın 32 rayonunun 223 yaşayış məntəqəsində
əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçün 250, ümumilikdə isə 305 ədəd subartezian quyuları
qazılmışdır”.
Ə.Əhmədzadə deyib ki, ölkədə iri taxılçılıq təsərrüfatlarının
yaradılması barədə verdiyiniz tapşırığa əsasən Füzuli və Ağcabədi
rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq
sahələri suvarma suyu ilə təmin edilmiş, Neftçala rayonunda isə bu
məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının
tikintisi işləri davam etdirilmişdir:
“İstismar tədbirləri və əsaslı təmir işləri üçün ayrılmış vəsait
hesabına su anbarlarında, hidroqovşaqlarda, 67 kilometr suvarma və
kollektor-drenaj şəbəkəsində, 90 hidrotexniki qurğuda, 71 nasos
stansiyasında, 91 subartezian quyusunda və bir sıra digər
obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri görülmüşdür.
Kür, Araz və onlara qovuşan çaylarda 91 kilometr məsafədə
sahilbərkitmə və torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri
görülmüşdür.
Bildiyiniz kimi, 2014-cü ildə havaların kəskin isti və quraq
keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik
normalardan xeyli az olmuş, bir sıra dağ çaylarının suyu tamamilə
qurumuşdur. Mingəçevir, Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər
su anbarlarında toplanılmış su həcmləri də normadan az olmuşdur.
Lakin ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə
malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində
yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin
azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt
şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və
kənd təsərrüfatının su təminatını ödəmək üçün əlavə olaraq 260
milyon kubmetrə yaxın su verilməsi mümkün olmuşdur. Görülmüş
təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri
əsasən suvarma suyu ilə təmin edilmiş, respublika üzrə bütün kənd
təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə
suvarılmışdır.
Cənab Prezident, Sizin 2015-ci il 12 yanvar tarixli Sərəncamınızla
2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan
edilməsi bizim məsuliyyətimizi xeyli artırır. Bu məqsədlə 2015-ci
ildə də konkret tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Sizin Sərəncamınızla Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma
sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına
Xızı rayonunda ümumilikdə 7100 hektar (5415 hektar yeni suvarılan),
Siyəzən rayonunda isə 4670 hektar (3963 hektar yeni suvarılan)
sahədə meliorativ tədbirlər başa çatdırılacaqdır. Bu da yeni
istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd təsərrüfatı
müəssisələrinin yaradılmasına imkan verəcəkdir. Şabran rayonunda
isə yaxın vaxtlarda meliorativ tədbirlərin layihə sənədləri başa
çatdırılaraq bu işlərə başlanılacaqdır. 20 min hektara yaxın əkin
sahələrinin su təminatının yaxşılaşdırılması üçün ümumi sututumu 20
milyon kubmetr olan Tovuzçay su anbarının, Şəmkirçay su anbarı
zonasında isə əkin sahələrini suvarma suyu ilə təmin edəcək
magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə
veriləcəkdir.
Sizin Sərəncamınızla ehtiyat fondundan ayrılan vəsait hesabına 34
şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin
suvarılması, habelə əhalinin içməli suya olan tələbatının
ödənilməsi məqsədilə 300 subartezian quyusu qazılacaqdır.
Dünya Bankının krediti ilə respublikanın 8 rayonunda içməli su və
kanalizasiya sistemlərinin yenidən qurulması, 15 rayonda
təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin təmir-bərpası və
tikintisi işləri davam etdiriləcəkdir”.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO