BMT-də Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ qaldırıldı
Bizi izləyin

İqtisadi gündəm

BMT-də Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ qaldırıldı

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev yanvarın 30-da BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə dinc vətəndaşların müdafiəsi məsələsinin müzakirəsinə həsr edilmiş 7374-cü iclasında çıxış edib.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, Y.Əliyev çıxışında dinc vətəndaşların müdafiəsi məsələlərin müzakirə edilməsi üçün iclas çağırılmasına görə Çilinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsinə təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, mülki əhalinin müdafiəsi humanitar, hüquqi və siyasi öhdəliklər olub, bütün subyektlər tərəfindən müvafiq öhdəliklərə və normalara riayət edilməsinə təminat vermək üçün səylərin birləşdirilməsini tələb edir. O vurğulayıb ki, Azərbaycan silahlı münaqişə qurbanları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün zəruri şərt olan beynəlxalq humanitar hüquqa uyğunluğun təmin edilməsi mövqeyini dəstəkləyir və münaqişə iştirakçılarının hərəkətlərinin beynəlxalq humanitar hüquqa uyğunluğunu möhkəmlətmək üçün İsveçrənin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə təşəbbüsünü yüksək qiymətləndirir.

Y.Əliyev beynəlxalq hüquq normalarını və münaqişə aparan tərəflərin öhdəliklərinə toxunaraq bildirib ki, əsas problem təkcə öhdəliklərə tez-tez riayət edilməməsi deyil, cəzasızlıq şəraitinin özüdür. Diplomat qeyd edib ki, münaqişələr nəticəsində öz doğma yurdundan qovulmuş mülki əhalinin müdafiəsinə xüsusi diqqət yetirilməlidir.

Y.Əliyev deyib: “Azərbaycan məcburi köçkünlərin problemləri və onların öz evlərinə qayıtmaq hüquqları barədə məlumatın artırılmasına yönəlmiş səyləri dəstəkləyir”. O qeyd edib ki, dinc vətəndaşların hərbi qulluqçu kateqoriyasına aid olmadıqlarını göstərən kifayət qədər fakt olmasına baxmayaraq, onların statusunun şübhə altına alınması faktı da mülki əhalinin hüquqlarının pozulmasında təşviş doğuran məqamdır.

Y.Əliyev vurğulayıb: “İnsanların girov götürülməsi, qanunsuz tutulub saxlanması və təqib edilməsi beynəlxalq humanitar hüququn ciddi pozuntularıdır”. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən hərbi işğalının davam etməsi faktını vurğulayaraq bildirib ki, Azərbaycanın üç vətəndaşı – Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bu hüququn normalarına uyğun olmayan rəftar beynəlxalq humanitar hüququn pozulmasına aid ən son nümunədir.

Azərbaycan Respublikasının daimi nümayəndəsi daha sonra iclas iştirakçılarına azərbaycanlı girovların işi və onların hüquqlarının erməni işğalçı qüvvələri tərəfindən pozulması ilə bağlı faktlar təqdim edib. O vurğulayıb ki, Həsən Həsənov erməni hərbi qulluqçuları tərəfindən 2014-cü il iyulun 11-də öldürülüb, lakin onun cəsədi Azərbaycan tərəfinə yalnız 2014-cü il oktyabrın 2-də Beynəlxalq Qırmızı Xalq Komitəsinin köməyi ilə təhvil verilib. Digər iki girov – Şahbaz Quliyev və Dilqəm Əsgərov uydurma təxribatlarda ittiham edilərək Azərbaycanın işğal olunmuş ərazilərindəki həbsxanaya salınıb. Y.Əliyev iclas iştirakçılarına müraciətlə qeyd edib ki, bu mülki şəxslər öz ərazisində və Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində girov götürülüb və Azərbaycan Respublikasının qanunlarından başqa heç kəs və heç nə Azərbaycan vətəndaşlarının öz ərazisində sərbəst yerdəyişməsini məhdudlaşdıra və ya qadağan edə bilməz.

O vurğulayıb ki, Ş.Quliyev və D.Əsgərovun üzərində qondarma məhkəmə prosesi və çıxarılan hökm qanunsuzdur.

Sonda Y.Əliyev insan hüquqlarının müdafiəsi üzrə bütün müvafiq beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, nə qədər ki, gec deyil, nə qədər ki, bu dinc vətəndaşlar sağdır, onların həbsdən azad olunmasına kömək etməyə çağırıb. O, Azərbaycanın mülki əhalisinin nümayəndələrinin azad edilməsi üçün uzun müddət göstərilən səylərə görə, bu qanunsuz hökmü rədd etmiş ölkələrə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm