• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

BMT-nin Ankaradakı ofisi önündə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - FOTO

BMT-nin Ankaradakı ofisi önündə azərbaycanlı girovlarla bağlı aksiya keçirilib - FOTO

Bu gün Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin birgə təşkilatçılığı ilə (ASİM-DER) Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda öz yaxınlarının qəbirlərini ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi önündə etiraz aksiyası keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, aksiyada BDM sədri İsmayıl Ağayev, ASİM-DER başqanı Göksəl Gülbəy, Türkiyə millət vəkilləri Ali Özgündüz, Mustafa Balbay, Türkiyənin keçmiş naziri Sadi Somuncuoğlu, Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı İsa Yaşar Tezel, TADEF başqanı Aziz Kayqısız, İğdır Azərbaycan Evi Dərnək başqanı Sərdar Ünsal, QAT-ın Türkiyə təmsilçisi Cəfər Dal, Ankara-Azərbaycan Tələbələr Birliyi nümayəndəsi Zöhrab İsmayıllı, Ankarada oxuyan azərbaycanlı və türk tələbələr, sıravi vətəndaşlar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən BDM sədri İ.Ağayev ermənilər tərəfindən girov götürülmüş D.Əsgərov və Ş.Quliyevə qarşı qondarma “məhkəmə” hökmünə beynəlxalq təşkilatların ikili standartla yanaşdığını bildirib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini, eyni zamanda, azərbaycanlı girovlara qarşı qeyri-insani əməllərini qeyd edərək dünya birliyini işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Daha sonra çıxış edən ASİM-DER başqanı G.Gülbəy deyib: “Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı qardaşlarımıza qarşı qurulan “məhkəmə” prosesini və onun çıxardığı “hökmü” tanımırıq və girovların dərhal azad edilməsini tələb edirik. Qondarma “məhkəmə”nin Ermənistanda deyil, məhz Qarabağda qurulması həm Azərbaycan, həm də Türkiyə dövlətinə göndərilən bir mesaj idi. Onlar Qarabağı Ermənistan torpağı kimi qələmə verməyə çalışmışlar”.

Aksiyada Türkiyə millət vəkilləri A.Özgündüz, M.Balbay da çıxış edərək, azərbaycanlı girovlara qondarma “məhkəmə” qurulmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, BMT-nin və digər beynəlxalq təşkilatların bu məsələyə ciddi yanaşmalı olduqlarını və bu məsələni Türkiyə Böyük Millət Məclisində də qaldıracaqlarını bildiriblər.

Sonra çıxış edən Türkiyənin keçmiş naziri S.Somuncuoğlu, Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı İ.Y.Tezel, TADEF başqanı A.Kayqısız, İğdır Azərbaycan Evi Dərnək başqanı S.Ünsal, QAT-ın Türkiyə təmsilçisi C.Dal bildiriblər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməli, girovları dərhal azad etməlidir. Ermənistan dövləti türk xalqına qarşı yetərincə soyqırım törədib. Girov götürülən bir vətəndaşa işgəncələr edərək öldürmək ən böyük savaş suçudur, bu qərarı verənlər və həyata keçirənlər cəzalandırılmalıdır.

Sonda Ermənistanın girovları azad etməsi və ermənilərin girovlara qarşı həyata keçirdiyi işgəncələrin cəzalandırılması ilə bağlı qətnamə BMT-nin nümayəndəsinə təqdim edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR