Məhkum Lamiyə, alt-üst olmuş həbsxana qanunları, romantik gecə və yiyəsiz uşaq…
Bizi izləyin

İqtisadi gündəm

Məhkum Lamiyə, alt-üst olmuş həbsxana qanunları, romantik gecə və yiyəsiz uşaq…

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilən və bu yaxınlarda həbsxanada uşaq dünyaya gətirən Lamiyə Quliyeva son bir neçə gün ərzində mətbuatın gündəmini zəbt edib.

Qadın cəzaçəkmə müəssisəsində evli və nişanlı olmadan dünyaya uşaq gətirmənin mümkünlüyü Penitensiar Xidmət tarixində görünməmiş hadisədir.

Hüquq müdafiəçisi, siyasi məhbuslarla bağlı İşçi Qrupunun üzvü Sahib Məmmədov məsələnin gündəmdə olmasında o qədər də maraqlı deyil. Hətta o qədər maraqlı olmayıb ki, Lamiyə Quliyeva ilə də görüşməyə zərurət görməyib.

O, Publika.az-a bildirib ki, mətbuatın yazdığı kimi cəzaçəkmə müəssisəsində zorlama faktı ola bilməz: “Mən bu işlərə qarışmağı şəxsi həyata müdaxilə kimi qiymətləndirirəm. Düşünmürəm ki, burada mətbuatın yazdığı kimi, hər hansı zorlama faktı olub. Məsələ könüllü baş verdiyinə görə burada kriminal elementlərin axtarılmamasını məsləhət görürəm”.

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov da 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın cəzaçəkmə müəssisəsində zorlama ehtimalından danışıb: “Zorlama şəxsin iradəsinin əleyhinə baş verən bir hadisədir. Əgər şəxsin razılığı varsa, bu, zorlama deyil. Əgər həmin şəxsin narazılığı yoxdursa, biz həmin məsələni araşdıra bilmərik. Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu həbsxanada da nikahdan kənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər. Amma cəzaçəkmə müəssisəsi starteji və məhdud bir yerdir”.

V.Məhərrəmov starteji və məhdud cəzaçəkmə müəssisəsində cinsi əlaqənin baş tuta biləcəyi görüşlərdən danışaraq bildirib ki, bunun üçün məhkumla uzunmüddətli görüş təyin olunmalıdır. Uzunmüddətli görüşdə isə yalnız məhkumun ailə üzvləri iştirak edə bilərlər.

Kifayət qədər ağır cinayətdə - qətldə təqsirləndirilərək haqqında 3 dəfə cinayət işi qaldırılmış və prosesin ilk günlərindən boğazadək qərəzli münasibətin göstərildiyi Lamiyə Quliyeva birdən-birə bu qədər hörmətli oldu ki, onun şərəfinə bütün həbsxana qanunlarını alt-üst edərək öz istəyilə romantik gecə təşkil olunsun və bunun nəticəsində uşaq dünyaya gətirsin.

İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudovun sözlərinə görə, Lamiyə ilə bağlı işgəncə iddiası varsa, bu hallar mütləq araşdırılmalı, baş verənlərə aydınlıq gətirilməlidir.

Ötən gün mətbuatda yayılan informasiya isə onsuz da kifayət qədər qarışıq olan məsələni bir qədər dolaşdırır. Məlumata görə, Ombudsman aparatının əməkdaşları uşağın atası olduğu iddia edilən məhkumla da görüşüblər və adının açıqlanmasını istəməyən məhkum Lamiyə ilə bir müddət eyni Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. Mətbuatın yazdığına görə, o, izahatında onu da yazıb ki, Lamiyə onun spermasından istifadə edərək süni mayalanma edib. Ombudsman aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli Publika.az-a məhkum Lamiyə Quliyevanın həmin məhkumun spermasından istifadə edərək süni mayalanma yolu ilə dünyaya uşaq gətirməsi faktını inkar edib: “Bu məsələnin araşdırılmasıyla bağlı Ombudsman tərəfindən Milli Preventiv Mexanizm Qrupuna tapşırıq verilib. Kimlərsə bizim adımızdan istifadə edirlərsə, bu bizlik deyil. Biz nə araşdırmışıqsa, bununla bağlı rəsmi açıqlama vermişik. Məhkum Lamiyə Quliyevanın digər məhkumun spermasından istifadə edərək süni mayalanma yolu ilə dünyaya uşaq gətirməsi ilə bağlı deyilənlər yalandır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Publika.az-a açıqlamasında məsələ ilə bağlı heç bir şərh verməyəcəyini və gələn həftə məhkumla görüşəcəyini bildirdi. O həmçinin belə bir halla ilk dəfə qarşılaşdığını və hüquqi baxımdan cəzaçəkmə müəssisəsində süni mayalanmanın mümkünlüyü barədə məlumatsız olduğunu deyib.

Məlumat üçün bildirək ki, Azərbaycanda süni mayalanmanın qiyməti 5-8 min manat arasında dəyişir. Bu qədər böyük məbləğ müqabilində və xəstəxana şəraitində mümkün olan əməliyyatı cəzaçəkmə müəssisəsində həyata keçirmək qeyri-mümkündür.

Gülnar Əliyeva

P.S. Görəsən, hələ də bu uşağın leylək tərəfindən göylərdən gətirildiyinə inananlar varmı?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm