• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ərdoğan Xocalı ilə bağlı tədbirə yüksək vəzifəli adamlarını göndərdi - FOTO

Ərdoğan Xocalı ilə bağlı tədbirə yüksək vəzifəli adamlarını göndərdi - FOTO

Bu gün axşam Ankarada Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mərasim və foto-sərgi keçirilib.

Publika.az-ın Ankarada olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın və digər rəsmi şəxslərin qatıldığı mərasimdə, Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, Ankarada təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrinin təmsil edən insanlar iştirak ediblər. Əvvəlcə tədbirin keçirildiyi məkanda Xocalı soyqırımını əks etdirən və Azərbaycanın dilbər guşəsi olan Qarabağa dair nadir fotolardan ibarət sərgilər ziyarət olunub. Xocalı soyqırımına dair sərginin keçirildiyi salonda zaman-zaman Azərbaycana qarşı törədilən işğalçılıq siyasətinin acı nəticələrinə dair sənədli film nümayiş olunub.

Mərasimin rəsmi hissəsi AzeDer-in sədri Rəşad Abdullayevin çıxışı ilə başlayıb. Xocalı soyqırımını ermənilərin uzun illərdən bəri Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlisi olduğunu diqqətə çatdıran PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, işğalçı Ermənistanın keçmiş və hazırkı rəhbərləri müasir dünyanın gözü qarşısında həyata keçirilən bu hərbi cinayətdə iştiraklarını etiraf etməklə və bundan qürur duyduqlarını bildirməklə, əslində sülhsevər dünya ictimaiyyətinə qarşı meydan oxuyublar.

Ə.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi-psixoloji sabitliyinə, intellektual enerjisinə qarşı yönəldilmiş məqsədyönlü təcavüzdür: “Hər il dünyanın ayrı-ayrı ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı minlərlə anma mərasimləri keçirilir, kitablar yazılır, filmlər çəkilir. Məqsəd, Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını, o cümlədən saxta “erməni soyqırımı” iddiasını ifşa etməkdir. Bu cür tədbirlərin bir qismi Azərbaycan dövləti tərəfindən, digər qismi isə Azərbaycan və Türkiyə diasporu tərəfindən həyata keçirilir. Xocalı soyqırımı ilə bağlı keçirilən builki tədbirlər həm də qondarma “erməni soyqırımı”nın yüz illik tədbirləri ilə üst-üstə düşdüyündən, Türkiyə və Azərbaycan diasporları birlikdə bu tədbirləri təşkil edirlər. Bizə ünvanlanmış yalanları ifşa etmək istəyirik və Xocalı soyqırımının gerçəkliklərini və reallıqlarını dünyaya çatdırmaq istəyirik”.

23 il bundan qabaq ermənilərin törətdiyi vəhşilikləri, insanlıq əleyhinə olan günahları dünyaya çatdırmaq lazımdır. Bu hadisənin səbəbkarları, onu törədənlər, bütün dünyaya bəlli olsun və bunun günahkarları beynəlxalq hüquq qarşısında öz cəzalarını alsınlar. Azərbaycan bunları etməklə, Ermənistandan qisas almaq istəyində deyil. Biz qisasçı olmamışıq. Bundan sonra da olmayacağıq. Amma hər bir hadisəni törədən öz məsuliyyətini dərk etməlidir və törətdiyi hadisənin beynəlxalq hüquq qarşısındakı yükünün məsuliyyətini bilməlidir”. Türkiyə xalqının hər zaman Azərbaycanla həmrəy olduğunu bildirən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın isə qeyd edib ki, onun ölkəsi Ermənistanın Türkiyə və Azərbaycanla xoş münasibətdə olmasını, o cümlədən bütün Qafqazda sülh və əmin-amanlıq istəyir: “Lakin bunun üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialara son qoyulmalıdır”.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Xocalı soyqırımını ilk növbədə insanlığa qarşı törədilmiş hərbi cinayət olduğunu bəyan edib. Onun sözlərinə görə, dünya ictimaiyyətinin bu məsələyə biganə qalmağa mənəvi haqqı yoxdur. Daha sonra mərasim iştirakçıları Qarabağ bölgəsindən olan həmyerlimiz Rəşad Zeynallının çıxışını ürək sızıltısı ilə dinləyiblər. Şəhidlərimizin ruhuna rəhmət diləyən natiqlər, əminliklə bildiriblər ki, dünya ictimaiyyəti tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması daha sürətlə həyata keçiriləcək, Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə dair qərar və qətnamələri həyata keçəcək. Qeyd edək ki, mərasimdən sonra Əli Həsənov Azərbaycan və Türkiyə media təmsilçilərinə geniş müsahibə verib.

Vasif Həsənli – Ankara

Xəbər lenti

DAHA ÇOX XƏBƏR