Nazirlik: Qiymətlər sabitdir, artım müşahidə edilmir
Bizi izləyin

İqtisadi gündəm

Nazirlik: Qiymətlər sabitdir, artım müşahidə edilmir

Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi 21 fevral 2015-ci il tarixindən etibarən qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin gündəlik keçirdiyi monitorinqlər zamanı topdansatış müəssisələri tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi ərzaq məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Aparılmış yoxlamalar zamanı bir sıra ticarət obyektlərində malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadılması halları da aşkar edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbirlər görülüb.

Bununla yanaşı, Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətləri də operativ olaraq araşdırılır. Aparılmış araşdırmalar zamanı bəzi təsərrüfat subyektləri tərəfindən məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Görülmüş tədbirlərin nəticəsi olaraq, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir, artım müşahidə edilmir.

Bununla belə, İqtisadiyyat və Sənaye Nazirliyi intensiv nəzarət tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm