MTN: Avropa Oyunları daha sayıq olmağı tələb edir - FOTO
Bizi izləyin

İqtisadi gündəm

MTN: Avropa Oyunları daha sayıq olmağı tələb edir - FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN), Gənclər və İdman Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

MTN-in İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra konfransı açan AzTU-nun rektoru, professor Havar Məmmədov təhsil ocağında belə mühüm mövzuda tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayan rektor bu ənənənin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Rektor Azərbaycan gənclərinin ictimai-siyasi, hərbi, sosial-iqtisadi, elmi-mədəni və ölkə həyatının digər sahələrindəki milli maraqların qorunmasında, eləcə də milli təhlükəsizlik və başqa hüquq mühafizə orqanlarının sıralarında milli təhlükəsizliyimizin təmin olunmasında fəal rol oynadıqlarını qeyd edib. Bildirilib ki, gündən-günə inkişaf edən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhdlə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev konfransda geniş məruzə ilə çıxış edərək universitetin pedaqoji heyətini və tələbələrini MTN-in kollektivi adından salamlayaraq onlara uğurlar arzulayıb. Ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl islahatlar sayəsində təhsil sahəsində də uğurların artdığını vurğulayan nazir müavini bu gün müstəqil Azərbaycanın dinamik inkişafına töhfə verən yüksək ixtisaslı mütəxəssislər arasında AzTU-nun da minlərlə yetirməsinin olduğunu qeyd edib. E.Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanları yaranmasının 96-cı ildönümünü ölkəmizin həyatında böyük siyasi və tarixi nailiyyətlər fonunda qarşılayır. Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində mühüm uğurlara imza atır. Dövlətimizin başçısının söylədiyi kimi, inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olan Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb.

Bu gün ölkəmizin dünya miqyasında ilk növbədə sabitlik, təhlükəsizliyinin etibarlı təminatı, bütün sahələrdə dinamik inkişaf ilə səciyyələndirildiyini söyləyən E.Əliyev bildirib ki, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan artıq yerləşdiyi regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir. Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Ona görə də indiki mərhələdə təhlükəsizlik məsələləri ölkəmiz üçün daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: “Bizim uğurlu inkişafımızı istəməyən qüvvələr də var. Biz onları bilirik və mübarizə aparırıq. Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalı, təhlükəsizliyimiz təmin olunmalıdır”.

Qeyd olunub ki, bu gün müasir milli təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı sipəridir, xalqın, dövlətin və hər bir fərdin təhlükəsizliyini təmin edir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən təhlükəsizlik imkanlarına malikdir.

Şərəfli və fədakar yol keçən milli təhlükəsizlik orqanlarının fəaliyyətinin siyasi quruluşdan asılı olmayaraq, bütün zamanlarda gərəkli olduğunu bildirən E.Əliyev məlumat verib ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahının nəzdində Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunduğundan Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürüb.

General-mayor E.Əliyev Azərbaycan təhlükəsizlik orqanlarının milliləşməsi prosesində ömrünün 25 ilini bu orqanların sıralarında öz xalqına həsr edən görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, sıravi əməkdaşdan ən yüksək vəzifəyə - Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə və general rütbəsinə yüksələn ilk azərbaycanlı olan Heydər Əliyevin misilsiz xidmətlərindən biri Azərbaycan xalqının milli genofondunu, milli mədəni irsini xilas etməsidir. Ulu öndər Heydər Əliyevin o vaxt təhlükəsizlik orqanlarının rəhbəri təyin edilməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı oldu. Bu dövrdə respublika dövlət təhlükəsizlik orqanları ilk dəfə olaraq milli kadrlar hesabına formalaşmağa və möhkəmlənməyə başladı. Həmin vaxtadək bu orqanlarda əməkdaşların 80-90 faizini digər millətlərin təmsilçiləri təşkil edirdilər.

Bu səlahiyyətli orqanda özlərinə “isti yuva” salan ermənilər milli genofondumuzu məhv etmək üçün dəridən-qabıqdan çıxırdılar. Məhz Heydər Əliyev bunların qarşını qətiyyətlə aldı, böyük məharət və ustalıqla təmizləmə prosesini həyata keçirdi. Ulu öndər xalqımızın mənafelərini, milli mənəvi irsini, milli təfəkkür və dəyərlər sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, dəyanət nümayiş etdirdi. Milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc əməkdaşların keçmiş SSRİ-nin xüsusi təyinatlı təhsil müəssisələrinə göndərilməsi, ümumiyyətlə, milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin bu sahədə milli hisslərə söykənən misilsiz fəaliyyəti daim böyük ehtiramla xatırlanacaq.

Qeyd olunub ki, qloballaşma proseslərinin vüsət aldığı müasir dövr milli təhlükəsizlik sahəsində adekvat ixtisaslı tədbirlərin həyata keçirilməsini zəruri edir. Beynəlxalq maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycanın son illərdə dinamik inkişafı, tranzit əhəmiyyətinin artması, transkontinental neft-qaz kəmərlərinin işə düşməsi, dünyada siyasi-hərbi müstəvidə cərəyan edən hadisələr, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır və mübarizənin keyfiyyətcə yeni formada, müasir tələblərə uyğun aparılmasını vacib edir. Fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirməsi, dini və milli tolerantlığı ilə tanınan Azərbaycanda bu amil xüsusilə aktualdır. Azərbaycan üçün təhlükəsizlik məsələlərinin önəm kəsb etməsi həm də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün bu gün də davam etməsi ilə şərtlənir. Münaqişənin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyədək həllini tapmaması, zəbt olunan torpaqlarda terrorçuların hazırlanması, narkotik vasitələrin kultivasiyası, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki Cənubi Qafqaz regionu, hətta beynəlxalq aləm üçün real təhlükədir.

Nazir müavini bildirib ki, bu gün ölkəmizin yüksək iqtisadi inkişafı və düşünülmüş milli təhlükəsizlik strategiyası mənafelərimizə yönələn hər cür təhdidlərə qarşı adekvat və preventiv tədbirlərin görülməsinə imkan verir. Ümummilli liderin Azərbaycanın milli təhlükəsizliyinin, milli maraq və dövlətçilik mənafelərinin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt dövlətimizin başçısı İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir, qloballaşan müasir dövrün tələblərinə uyğun olaraq məzmun və keyfiyyətcə daim zənginləşdirilir.

Vurğulanıb ki, son illər terrorçuluqla mübarizə üzrə aparılan fəaliyyət nəticəsində terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə, konstitusiya quruluşunun əsaslarının dəyişdirilməsi kimi ictimai təhlükəli əməllər törədən və ya törətməyi planlaşdıran terrorçu və dini radikal-ekstremist qruplar, qanunsuz silahlı dəstələrə qarşı uğurlu kompleks tədbirlər həyata keçirilib. Azərbaycan vətəndaşlarının dini radikal ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə hallarına qarşı həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada və İraqda qanunsuz hərbi birləşmələrin tərkibində hərbi təlim keçərək döyüş əməliyyatlarında iştirak etdikləri, eləcə də Pakistanda və Əfqanıstanda fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olduqları müəyyənləşdirilən bir sıra Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində son illər ərzində 5 tondan artıq ağır tərkibli narkotik vasitə milli təhlükəsizlik orqanları tərəfindən aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən enerji təhlükəsizliyi strategiyası üçün əlverişli şəraitin yaradılmasında MTN-in də yaxından iştirak etdiyini vurğulayan Elçin Əliyev qarşıya qoyulan vəzifələrin icrası zamanı nazirliyin digər dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini söyləyib. Bildirilib ki, hazırda MTN 70-dən artıq xarici xüsusi xidmət orqanı və beynəlxalq təşkilatla əməkdaşlıq münasibətlərinə malikdir. Nazirlikdə vətəndaşlarımızın informasiya əldə etmək hüququna, aşkarlıq prinsipinə, ümumiyyətlə, ictimaiyyətlə əlaqələrin səmərəli təşkilinə diqqətlə yanaşılır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yürütdüyü siyasi kursa MTN də öz funksiya və səlahiyyətləri çərçivəsində töhfə verməyə çalışır. Bu istiqamətdə səylər daha da gücləndirilib, erməni terroru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çoxsaylı sənədli materialların video, foto, elektron, çap və digər vasitələrin bütün dünyada yayılması davam etdirilib.

Bildirilib ki, bu gün Yaxın Şərqdə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, müxtəlif radikal meyillərin, mütəşəkkil cinayətkarlığın doğurduğu digər təhdidlərə baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf dinamikası qorunub saxlanıb. Geniş coğrafiyanı əhatə edən bu təhlükələr ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli mühüm tədbirə - birinci Avropa Oyunlarına hazırlıq görüldüyü bir vaxtda hərtərəfli və daha sayıq olmağı tələb edir.

Erməni terror təşkilatlarının daim təhdid etdiyi Azərbaycanı bu gün transmilli, mütəşəkkil cinayətkar şəbəkələr kimi formalaşan beynəlxalq terrorçu təşkilatlar da öz hədəfinə çevirmək niyyətindədir. Buna görə də terrorçuluq kimi ümumi bəla ilə mübarizədə cəmiyyətin, xüsusilə gənclərimizin, tələbələrin birgə səyləri, sayıqlığı, insanlarımızın məlumatlılığı olduqca mühüm amillərdir.

Vurğulanıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə gənclərimizin bütün qayğı və problemlərinə, eləcə də istəklərinə cavab verən çoxsaylı layihələrin, Dövlət proqramlarının reallaşdırılması bu sahədə ardıcıl dövlət siyasətinin uğurla həyata keçirildiyini göstərir. Bütün bunlar bizi malik olduğumuz dəyərləri, əldə olunan sabitliyi, milli birliyi və tolerantlığı qorumağa səfərbər etməlidir. Gənclərimiz dövlətin, xalqın sabahının onlardan asılı olduğunu bir an belə unutmamalıdırlar. E.Əliyev bildirib ki, milli təhlükəsizliyə töhfə ailədən və təhsil müəssisəsindən başlayır. Bu, vətəndaşlıq məsuliyyətinin dərk edilməsi, qanunçuluğa riayət, müntəzəm çalışmaq, öyrənmək və hərtərəfli mütəxəssis kimi yetişməkdir. Əminik ki, gənclərimiz Ulu öndərin xalqın işıqlı gələcəyinə ünvanlanan ideallarına sadiq qalacaq, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Sonra AzTU-nun professoru, tarix elmləri doktoru Şikar Qasımov çıxış edərək Azərbaycanın milli təhlükəsizlik orqanlarının şərəfli yol keçdiyini bildirib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini vurğulayıb. Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərimizin üzərinə düşən vəzifələrdən danışan professor onların yüksək təhsil almalarının, mənəvi dəyərlərimizə sahib çıxmalarının, milli vətənpərvərlik ruhunda böyümələrinin vacibliyini qeyd edib.

Universitetin tələbəsi Arzu Xəlilova Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək həyata keçirilməsi sahəsində mühüm dövlət proqramlarının qəbul olunduğunu, gənclərin təhsil imkanlarının, dünyagörüşünün, intellektual səviyyələrinin artırılması istiqamətində tədbirlərin reallaşdırıldığını söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasındakı xidmətlərindən danışan A.Xəlilova Azərbaycan ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, bu sahədə gənclərimizin fəaliyyətinin əlaqələndirilməsində Heydər Əliyev Fondunun da xüsusi rolunu diqqətə çatdırıb. O, çıxışının sonunda gəncləri Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək Azərbaycanın sürətli inkişafında, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməyə çağırıb.

Konfransa yekun vuran AzTU-nun rektoru Havar Məmmədov Azərbaycanın təhlükəsizliyinin, sürətli inkişafının təmin olunmasında gənclərin rolunu yüksək qiymətləndirərək onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Çıxışlardan sonra milli təhlükəsizlik orqanlarının fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm