• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyədə TANAP-ın əsası qoyulur

Türkiyədə TANAP-ın əsası qoyulur

Bu gün Türkiyənin Qars vilayətinin Səlim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin iştirakı ilə “Trans Anadolu Təbii Qaz Boru Xətti” (TANAP) layihəsinin təməlatma mərasimi keçiriləcək.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük investisiya layihəsi olan TANAP Türkiyəyə enerji dəhlizi mövqeyini qazandıracaq, 20 vilayətdən keçərək Avropaya enerji nəql edəcək

Publika.az-ın məlumatına görə, bununla da layihənin Türkiyə ərazisindən keçən hissəsinin tikintisinə başlanılacaq. Artıq sözügedən mərasimə hazırlıq işləri də tam yekunlaşıb. Mərasim öncəsi Qarsda minlərlə insanın iştirakı ilə böyük bayram coşqusu yaşanır.

Qars şəhəri başdan-başa iki ölkə bayraqları ilə bəzədilib, müxtəlif konsert proqramları təşkil olunur.

Xatırladaq ki, “Trans Anadolu Təbii Qaz Boru Xətti” (TANAP) layihəsi Türkiyə və Azərbaycanın bu günə qədər müvəffəqiyyətlə icra etdikləri ən önəmli enerji layihələrindən biridir.

TANAP təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 10-11 milyard ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanacaq, Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə - Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir.

TANAP layihəsinin işə düşməsi “Şahdəniz-II” layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR