• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qarsda Heydər Əliyev adına liseyin açılışı keçirilir - YENİLƏNİB

Qarsda Heydər Əliyev adına liseyin açılışı keçirilir - YENİLƏNİB

Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan sənaye liseyinin açılışı keçirilir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak edirlər.

Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

Prezident İlham Əliyev mərasimdə geniş nitqlə çıxış edib.

"İlk növbədə, yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam. Bunu ifadə etmək istəyirəm. Xüsusilə qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan sənaye liseyinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm".

Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir: "O, daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk. Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".

Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişib. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır".

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, açılış mərasimində Rəcəb Tayyib Ərdoğan da çıxış edib.

Liseyin fəaliyyətə başlamasında əməyi keçən hər kəsə təşəkkür edən Türkiyə prezidenti deyib: “Biz iki dövlət, bir millətik. Azərbaycana qurtuluş gətirən Qafqaz İslam Ordusunun yarısı bu torpaqların igidləridir, digər yarısı azərbaycanlı qardaşlarımızdır. Vahabzadə demişkən, biz bir ananın iki oğluyuq”.

Türkiyə prezidenti qeyd edib ki, Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın ağrısını Anadoludakı vətəndaşlar ürəyində hiss edir.

Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR