• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Zakir Həsənovdan hərbçilərə müraciət

Zakir Həsənovdan hərbçilərə müraciət

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 mart 2015-ci il tarixli Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara müraciət edib.


Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir: "Bu gün Siz həyatınızın ən şərəfli günlərindən birini yaşayırsınız. Ümummilli liderimiz Heydər Əliyev vaxtı ilə demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatnı bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.

Siz elə bir vaxtda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırsınız ki, bu günlər Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri mövqelərimizə hücum etmiş erməni işğalçı qüvvələrinin layiqli cavablarını verərək rəşadət, cəsarət və peşəkarlıq nümunələri göstərmişlər. İndi hər yerdə Azərbaycan əsgərinin şərəfinə xoş sözlər eşitmək olar. Xalq öz Ordusuna inanır və ona güvənir.


Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev 19 mart 2015-ci ildə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən ümumxalq şənliyində çıxış edərkən demişdir: Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlük əldə etmişik... Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır.


Bu, Siz əsgərlərin xidmətinə ölkə rəhbərliyinin verdiyi ən yüksək dəyərdir. Əminəm ki, Siz orduda aldığınız təlim-tərbiyə və təcrübəni mülki həyatda da dövlətimizin qüdrətlənməsinə, orduya vətənpərvər gənclərin hazırlanmasına həsr edəcək, orduda komandirlərin etimadlarını doğrultduğunuz kimi, arxa cəbhədə də valideynlərinizin ümidlərini doğruldacaq, ata-ananıza layiqli övlad, Vətən üçün dəyərli vətəndaş olacaqsınız".


Nazirin sözlərinə görə, orduya çağırılan gənclər isə bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri vardır: "Lakin öz Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar edilmiş, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə rəhbərliyinin hörmət və məhəbbətini qazanacaqdır.


Torpaqlarımızın bir hissəsi düşmən işgalındadır. Qarşınızda duran ən mühüm vəzifə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Bu vəzifəni uğurla həyata keçirmək üçün siz də Ali Baş Komandanın əmrlərinə hazır olmalı, əsgər həyatının hər anından səmərəli istifadə etməlisiniz.


Xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara nümunəvi xidmətlərinə görə təşəkkür edir, Vətənə layiqli övladlar yetişdirdiklərinə görə valideyinlərə minnətdarlığımı bildirir, gənc-əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirərək Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazmağı arzulayıram".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR