Soyqırımın canlı şahidi: “Türklər gələnə qədər ot tayasında gizləndik”
Bizi izləyin

İqtisadi gündəm

Soyqırımın canlı şahidi: “Türklər gələnə qədər ot tayasında gizləndik”

Ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilərin kütləvi soyqırımı əməlləri təkcə Bakı ilə məhdudlaşmırdı.

Publika.az xəbər verir ki, Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri Xasməmmədov 1918-ci il martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı: “Martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır”.

Ermənilər Şamaxının 83 kəndinə hücumlar təşkil etdi, 53 kənd yerlə-yeksan edildi, minlərlə insan qətlə yetirildi. Təkcə Şamaxının 2 kilometrliyində yerləşən Əngəxaran kəndində erməni quldurları dəhşətli qırğınlar həyata keçirdilər.

Müdafiəsiz kəndə soxulan düşmən tərəfindən Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. Şamaxını hər tərəfdən mühasirəyə alan ermənilərə qarşı vuruşan könüllü dəstələr də olub. Tarixi məlumatlara görə, bu dəstələrdən birinə Şamaxı qəzasının rəisi olmuş Azad bəy Qocamanbəyov, başqa birisinə türk zabiti Osman Əfəndi başçılıq edirmiş.


Təhlükəni əvvəldən hiss edən A. Qocamanbəyov bir az silah-sursat toplaya bilib. Məhz buna görə bəzi qırğınların qarşısının alınmasında bu amil az rol oynamayıb. Osman Əfəndinin azsaylı dəstəsi də düşmənə xeyli müqavimət göstərib.

Əngəxaran kəndinin ən nüfuzlu ağsaqqallarından olan mərhum Xanbaba Əliyev bu faciəni gözləri ilə görənlərdən olub.

Araşdırmaçı – jurnalist Anar Turan Publika.az-a açıqlamasında babası Xanbaba Əliyevin həmin dövrlə bağlı xatirlərini bölüşür. Həmin vaxt 8 yaşı var imiş. Ermənilər kəndə qəfil basqın etdiyindən və kənd əhalisi silahsız olduğundan müqavimət göstərə bilməyiblər.

“Atam bizi gecə ilə Məlhəm kəndindən olan bir dostunun yanına apardı və onun evində yerləşdik. Artıq atamın bir neçə dayısı, qohumları qətlə yetirilmişdi. O bizi düz 3-4 gün ot tayasının içində gizlətdi. Atamın dostu olan bu Məlhəm sakininin malakan kəndi sayılan Çuxuryurdda xeyli tanışı var idi. Ona görə ermənilər malakanların tövsiyəsi ilə ona toxunmadılar. O da bizim ailəni erməni-rus dəstələrindən xilas edə bilmişdi. Atamın xeyli mal-qara sürüsü var idi. Atası Bəyalı bəydən qalmışdı. Sonra eşitdik ki, atam itkin düşüb. Mal-qara sürüsü də yoxdur. Biz daha heç vaxt onu görmədik. Onu da digər həmkəndlilərimiz, qohumlarımız kimi öldürmüşdülər. Sonra ermənilər eşitdi ki, türklər gəlir, çəkilib getdilər. Yalnız bundan sonra evindən-eşiyindən didərgin düşüb dağlara, başqa kəndlərə pənah aparan əngəxaranlıların sağ qalmış hissəsi öz dağılmış kəndlərinə qayıtmağa başladı. Onlar bizi yalnız türk-müsəlman olduğumuza görə öldürürdülər. Holokost deyirlər, bizim elin faciəsi Holokostdan da dəhşətli idi. Sonradan eşitdik ki, Şamaxıda Acıdərə yaxınlığında türklər həmin daşnakları məhv ediblər”, - deyə babası A. Turana həmi dövrü xatırlayarkən danışıb.

Qeyd edək ki, Şamaxının bu kəndinin gördüyü zərər digər kəndlərdən daha dəhşətli olub. Hətta Şamaxı ziyalısı Seyfəddin Qəniyevin araşdırmaların görə, Əngəxaranda 510 nəfər qətlə yetirilib. Onlardan 70 nəfərinin başı “Qanlı dərə” və ya “Əngəxaran dərəsi” adlanan yerdə vaxtilə Şamaxıda qəssab işləmiş bir erməni tərəfindən kəsilib. Kənddəki 186 evdən 181-i yandırılıb, 7 aşığın külliyyatı məhv edilib, bir aşıq isə qanına qəltan edilib.
Bütövlükdə, Şamaxı qırğınlarında cəllad Lalayevin başçılıq etdiyi qoşun tərəfindən qəzanın 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetiriblər. Onlardan da 4190-ı kişi, 2560-ı qadın, 1277-si uşaq idi. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət, şəhərin bütün evlərini yandıraraq məhv ediblər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə sayılan və 800 yaşı olan “Cümə məscidi” yandırılıb. Bu faktları Fövqəladə Təhqiqat Komissiyasının tərtib etdiyi aktlar da təsdiqləyir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm