• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Bakı 2017 - IV İslam Həmrəyliyi Oyunları” – RƏSMİ MÜQAVİLƏ

“Bakı 2017 - IV İslam Həmrəyliyi Oyunları” – RƏSMİ MÜQAVİLƏ

Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunları - Bakı 2017-yə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.

Trend xəbər verir ki, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.

İmzalanmadan öncə mərasimdə çıxış edən Ç.Hüseynzadə Azərbaycanın bu oyunların keçirilməsinə tam hazır olduğunu deyib: ”Bu gün çox böyük tədbir həyata keçirilir. Bu, bizim üçün məsul və fərəhli bir gündür. Azərbaycan bütün İslam Oyunlarında fəal iştirak edib və böyük nəticələr qazanıb. Hesab edirik ki, bu oyunların Azərbaycan idmançıları üçün böyük əhəmiyyəti var və böyük fəxrlə yarışların keçirilməsinə hazırlaşırıq. Bu gün qonaqlar oyunların keçirildiyi arenalarına baxış keçirib. Bu gün əminliklə demək olar ki, Azərbaycan bu oyunların keçiirlməsinə tam hazırdır. Biz bu oyunların yüksək səviyyədə keçirilməsinə nail olacağıq”.

Vitse-prezident bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda hələlik 2017-ci ildə təxminən may ayında keçirilməsi planlaşdırılır: "Oyunların keçirilməsi müqəddəs Ramazan ayının nə vaxta düşməsindən asılı olacaq. Oyunlar Ramazan ayından əvvəl keçiriləcək. Oyunlarda təxminən 19-20 idman növü təmsil olunacaq. Yarışların proqramı Avropa Oyunlarının proqramına yaxın olacaq, amma fərqli idman növləri də olacaq. Məsələn, ağırlıqqaldırma".

Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud İslam Həmrəyliyi Oyunlarına böyük maraq göstərdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Onun fikrincə, Azərbaycanın bu oyunlara ev sahibliyi etməsi idman yarışlarının uğur qazanacağına inama dəlalət edir: “Bakıda keçiriləcək bu oyunlar ən böyük idman oyunlarından biri olacaq. Allahın izni ilə buna nail olacağıq. İnanıram ki, bu oyunlar İslam ümmətinə, qardaşlıq və birlik dəyərlərinə xidmət edəcək”.

A.Rəhimov bəyan edib ki, Azərbaycan son illər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin, Azərbaycan qısa müddətdə müstəqillik əldə etməsinə baxmayaraq, aparıcı İslam ölkələrindən birinə çevrilə bilib. Nazir bildirib ki, Bakıda keçiriləcək İslam Oyunları bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkənlənməsinə kömək edəcək.

Gənclər və idman naziri bildirib ki, Avropa Oyunlarındakı atletlər kəndi İslam Həmrəyliyi Oyunlarında da idmançıların ixtiyarına veriləcək: "Onların qidalanması üçün də maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur".

Mərasimdə Bakı 2017-yə həsr olunmuş videoçarx nümayiş olunub.

Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddi şəhərində İHİF-in 8-ci Baş Assambleyasında 4-cü İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi barədə qərar qəbul edilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR