Bacısını küçənin ortasında güllələdi: "Əxlaqsızlıq edirdi..." – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

Bacısını küçənin ortasında güllələdi: "Əxlaqsızlıq edirdi..." – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Qobustan rayon sakini, 1963-cü il təvəllüdlü Nadir Abdulaliyev odlu silahdan açdğı atəşlə bacısı Aybəniz Lətifovanı güllələyib.

Publika.az xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində banklardan birinin qarşısında baş verib.

Hadisə zamanı güllə yarası alan1965-ci il təvəllüdlü Aybəniz Lətifova vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən həbs edilib.

Qeyd edək ki, Nadir Abdulaliyev və zərərçəkən Aybəniz Lətifova doğma bacı-qardaş olmaqla bərabər onlar həm də qudadılar.

İki maddəli cinayət işi

Nadir Abdulaliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilib.

İbtidai istintaq başa çatandan sonra cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rauf Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nadir Abdulaliyev bildirib ki, bacısı və eyni zamanda oğlu Cavidin qaynanası olan Aybəniz Lətifova son 7-8 il ərzində əxlaqsız həyat tərzi sürdüyünə görə aralarında ciddi narazılıqlar yaranıb: “Dəfələrlə bacıma bu əxlaqsız yoldan əl çəkməsini demişəm. Amma Aybəniz sözlərimə məhəl qoymayıb”.

“Aybəniz bankın yanında...”

Nadir Abdulaliyevin bildirdiyinə görə, 2015-ci ilin fevral ayının əvvəllərində Aybəniz ona zəng edib: “Aybəniz oğlum Cavid həbsdə olduğuna görə, qızı Sevdanı özünün saxlayacağını və buna görə ona pul ödəməli olduğunu bildirdi. Eşitdiyim bu sözlərdən əsəbiləşdim. Eləcə də əxlaqsız həyat tərzi sürdüyünə görə Aybənizi cəzalandırmaq qərarına gəldim. Martln 9-da Aybənizə zəng edərək ona pul verməyə razı olduğumu, lakin həmin pulu bankdan kreditlə götürəcəyimi bildirdim. Aybəniz səhərisi gün təxminən saat 14 radələrində Xırdalan şəhərində yerləşən “Dəmir bank”ın yanında görüşməyimizi təklif etdi”.

“Atəş açdım və o...”

Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi günü Aybənizlə görüşə gedərkən evində saxladığı silahı da götürüb. Amma təqsirləndirilən şəxsin dediyinə görə, silahı bacısını vurmaq üçün götürməyib: “1985-ci ildə RusiyaFederasiyasının Strejevoy şəhərində yaşayarkən əldə etdiyim və daimi yaşamaq üçün Azərbaycana qayıdarkən özümlə gətirdiyim tüfəngi və patronları polisə təhvil vermək qərarına gəldim. Bu məqsədlə tüfəngi gizlətdiyim yerdən götürdüm və Aybənizlə görüşə getdim. Saat təxminən 14 radələrində görüş təyin etdiyimiz yerə çatdım. Bacımın artıq orada məni gözlədiyini gördüm. Bu zaman Aybənizə yaxınlaşaraq bildirdim ki, əxlaqsız həyat sürməyin bir tərəfə, indi də məndən pul istəyirsən? Bacım həm əxlaqsız həyat tərzi sürdüyünü etiraf etdi, həm də məndən pul istədiyini dilə gətirdi. Həmin an əsəbiləşdiyimdən tüfənglə Aybənizin ayaqları altına bir dəfə atəş açdım. Bunu görən Aybəniz qorxaraq yaxınlıqdakı ticarət mərkəzi istiqamətində qaçmağa başladı. Mən də onun arxasınca qaçaraq daha bir dəfə atəş açdım. Yenə də güllə Aybənizin ayaq nahiyəsinə dəydi. Həmin vaxt ətrafdakı tanımadığmı şəxslərdən biri tüfəngi əlimdən aldı. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları məni Abşeron rayon Polis Şöbəsinə apardılar”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Aybəniz Lətifova qardaşının ifadəsindən fərqli danışıb. Onun sözlərinə görə, 2014-cü ilin avqust ayında qızı Sevdanın əri və eyni zamanda qardaşı Nadirin oğlu olan Cavid Abdulaliyev məhkum olunub: “Bundan sonra qızımı və nəvəmi saxlamaqda çətinlik çəkdim. Bunun üçün dəfələrlə qardaşıma oğlunun ailəsinin dolanması üçün maddi köməklik göstərməsini xahiş etmişəm. Lakin, hər dəfə bu xahişimdən sonra Nadir əsəbiləşib”.

“Ayağımdan vurdu”

Zərərçəkimişin sözlərinə görə, martın 9-da Nadir ona zəng edərək pul verməyə razılaşdığını, lakin pulu bankdan götürmək lazım olduğunu deyib. Aybəniz Lətifova qeyd edib ki, qardaşına bankdan pul götürməsi üçün də zamin duracaq: “Bu məqsədlə ailə başçımı itirməyə görə aldığım müavinətə dair arayışı da götürərək Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Mega sity Abşeron” MMC-nin önünə gəldim. Təxminən 15-20 dəqiqə sonar Nadir də oraya gəldi. Orada nadir məndən pul istədiyimi soruşdu. Mən də pul istədiyimi deyən zaman Nadir dublyonkasının altından tüfəng çıxardaraq bir dəfə atəş açdı. Nadirin məni öldürəcəyindən qorxuya düşdüm və qarşıdakı ticarət mərkəzinə tərəf qaçmağa başladım. Bu zaman Nadir ikinci dəfə atəş açdı və güllə ayağımdan dəydi. Həmin an yerə yıxıldım. Bundan sonra tanımadığı bir şəxs məni xəstəxanaya apardı. Qardaşımdan şikayətim yoxdur”.

Məhkəmənin hökmü ilə Nadir Abdulaliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Nadir Abdualiyevin daha ağır cəza ilə cəzalandırılmasını istəyib.

Nadir Abdulaliyevdə apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 228.1-ci maddələrinə tövsüf olunmasını istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya protestini və şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, tərəflərin şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm