Dirəkdən, almadan, araqdan danışdı, hakim hövsəldən çıxdı - Rabitə işi
Bizi izləyin

Hadisə

Dirəkdən, almadan, araqdan danışdı, hakim hövsəldən çıxdı - Rabitə işi

Prosesdə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov ifadə verib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov ifadə verib.

Səhrab Hümbətov bildirib ki, qeyri-rəsmi sənədləşdirmə aparmayıb: "Vəzifəm mühasib olub. Rəsmi sənədlər əsasında dövlət orqanlarına hesabat vermişəm. Qanunsuz heç bir iş görməmişəm. Əməkhaqqım 500 manat olub".

Mühasibin sözlərinə görə, ona 32 min 400 manatlıq ittiham verilib: "Mənim evimi də görə bilərsiz. Bu qədər pulu mənimsəməmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, materalları rəhbərlik alıb, sənədləşmə aparılıb, qəbul edilən materallarla bağlı tərtib olunan məxaric-ordenlərinə imza atıb: "İmza atmağa rəhbərlik göstəriş verib. Bütün işlər sənədləşmə üzərində aparılırdı. Əsas məsul şəxs Namazalı müəllim olub (təqsirləndirilən Namazalı Məmmədov nəzərdə tutulur-red.). Mən haqq-hesabda məsul şəxs olmamışam".

Təqsirləndirilən şəxs əlavə edib ki, 2 yaşlı xəstə qızına dərman alıb: "Qızım xəstəydi, dərmanlar da bahaydı. Buna görə də Namazalı müəllimdən pul istəyirdim. O da mənə köməklik göstərirdi".

O, heç bir pul mənimsəmədiyini, buna cəhd belə etmədiyini söyləyib. Tikinti işi görüb, amma Rabitə Nazitliyi pulu ödəməyib: "Mənə nazirlik 16 min manat borcu var".

Səhrab Hümbətov vəzifə saxtakarlığı etmədiyini də bildirib: "Tikinti işlərində bizə heç bir irad tutulmayıb. Bundan başqa, tikinti işinin birbaşa mənə adiyyəti yox idi. Mənə mütəşəkkil dəstə tərkibində ittiham verilib. Bu barədə anlayışım belə yoxdur. Heç bir qruplaşmada iştirak etməmişəm, heç kimdən göstəriş almamışam".

Namazalı Məmmədov bildirib ki, rəhbəri olduğu qurumda Səhrab Hümbətov mühasib olub və material alınmasında iştirak etməyib. Əlavə edib ki, Səhrab Hümbətovun qızının müalicəsinə xeyriyyəçilik məqsədi ilə şəxsi hesabından kömək edib.

Namazalı Məmmədovun vəkili Könül Əliyeva bildirib ki, təqsirləndirilən Səhrab Hümbətovun ifadəsində ziddiyyətlər var. Vəkil onun istintaq ifadəsinin elan edilməsini istəyib.

Səhrab Hümbətovun ifadəsi elan edilib. O, istintaqa ifadəsində bütün göstərişləri Namazalı Məmmədovdan aldığını deyib. Bildirib ki, sənədləşmə və pul köçürülmə işini görüb, amma malların qəbulunda iştirak etməyib.

Səhrab Hümbətov qeyd edib ki, cəmiyyətin kassasında olan pullar Namazalı Məmmədovun öhdəsində olub. Deyib ki, Namazalı Məmmədov qızının müalicəsi üçün şəxsi hesabından 10 min manat verib, əlavə haqq almayıb.

Səhrab Hümbətov istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, qızının müalicəsi üçün ona əməkhaqqından əlavə pul verilib: "Bunu Namazalı Məmmədovun özü də təsdiqləyə bilər".

Onun sözlərinə görə, pulun bank hesabından çıxarılması sənədində imzası olmayıb. Vidadi Zeynalov və Məhəmməd Məmmədovu şəxsən tanımayıb: "Vidadi Zeynalovu ilk dəfə burada görmüşəm".

Daha sonra “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov ifadə verib. O, 7 milyon 700 min manat mınimsəmədə ittiham edilir.

Emin Məmmədov ifadəsində respublikada görülən quruculuq işindən danışıb. Qeyd edib ki, ölkəmizin inkişafında Rabitə və Texnologiya Nazirliyinin də mühüm rolu olub: "Bugünkü inkişaf göz qabağındadır, bu gün hamının cibində telefon var. Bunlar bizim gördüyümüz işlərin nəticəsidir".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində optik rabitənin qurulması üçün xəndıklərin qazılmasından, kabellərin çəkilməsindən, həmçinin buna sərf olunan xərclərdən danışıb. Qeyd edib ki, kabellərin çəkilməsi böyük xərclər tələb edib. Rabitə üçün əsas dirək şam ağacından hazırlanır, həmin dirək də qır qazanında düzəldilir. Dirəyin biri istintaq tərəfindən 70 manata qiymətləndirilib, amma dirəyin biri 250 manata başa gəlib.

Təqsirləndirilən şəxsin ifadəsi hakimi hövsələdən çıxarıb. Hakimin ifadəni kəsməsi isə vəkil Vüqar Xasayevin etirazına səbəb olub. Vəkilin fikrincə, Emin Məmmədov verilən ittiham üzrə danışır.

Daha sonra ifadəsini davam etdirən Emin Məmmədov Quba almasının qiymətindən bəhs edib. Deyib ki, Qubadan gətirilən almanın maya dəyəri 70 qəpikdir, bazarda üstünə 1 manat qoyub, 1 manat 70 qəpiyə satırlar. Bu zaman hakim deyib ki, Quba almasının paytaxtda gətirilməsi üçün böyük vəsait tələb olunmur: "Böyük maşənlarla gətirilən mallardan danışın".

Emin Məmmədov daha sonra rayonlarda rabitə çəkilişimşndən söz açıb. Qeyd edib ki, fəhlələrə yemək, çay veriblər, əlavə xərcləri çıxıb.

O bildirib ki, 70 manata dirək təklif edən şirkət flrıldaqçıdır: "Abşeronda 9 il əvvəl dirək basdırmışıq. Gedin baxın, işimizə qiymət verin. Dirək ən aşağı hədd 50 ilə nəzərdə tutulur. Belə fırıldaqçılar bizim də işimizə mane olur. Mən rabitəçiyəm, işimin öhdəsindən yaxşı gəlirəm. Mənim gətirdiyim 200 manatlıq dirəyi kənara qoyurlar, fırıldaqçıların gətirdiyi dirəklərdən istifadə edirlər. Həmin alverçinin gətirdiyi dirəklərdən istifadə mənim şəxsiyyətimə toxunur.

Rabitəçilər içki içən olurlar, bu, heç kimə sirr deyil. Amma beyinləri işləyir, əlləri qızıl olur. Mən içən olmasam da, molla da deyiləm. Şaxtada işləyən fəhlələrimə özüm araq alıb verirdim ki, əlləri donmasın, işlərini görə bilsinlər".

Proses günün ikinci yarısında davam edəcək. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm