Hadisə
Polis rəisi: “Evimi satıb arvadımın borcunu qaytardım” - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.
İttihama görə, Leyla Əkbərova Binəqədi rayon Polis İdarəsi narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Leyla Əkbərova vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə Leyla Əkbərovanın həyat yoldaşı, Binəqədi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərov ifadə verib.
Mahir Əkbərov qeyd edib ki, üç il əvvəl Leyla Əkbərovadan ayrılıb, onunla nikahdan üç uşaqları olub. Sabiq polis rəisi qeyd edib ki, keçmiş həyat yoldaşının bir neçə adama borcu olub: “Bir neçə adam gəlib Leylanın borcu olduğunu söylədi. Həmin pulları qaytardım. Sonra bu işlərdən bezib, ondan ayrılmaq qərarına gəldim. Hətta evimi də satdım, arvadımın borcunu qaytardım. Guya mən Dəyanət Məmmədova ikinci təhsil diplomu almaq adı ilə ondan pul almışam. Bu, yalandır”.
Zərərçəkmiş Dəyanət Məmmədov çıxış edərək qeyd edib ki, Mahir Əkbərov ondan Naxçıvan Dövlət Universitetində ikinci təhsil diplomu almaq adı ilə 12 min manat pul alıb: “Həmin pulu “Arpaçay” restoranında Mahirə verdim. O, həmin yerə polis maşını ilə gəlmişdi”.
Sabiq polis rəisi isə deyilənlərin hamısının yalan olduğunu, bütün əməlləri keçmiş arvadının törətdiyini iddia edib.
Leyla Əkbərova deyib ki, keçmiş əri Mahir Əkbərov günahsızdır: “Mahiri bu zülmə mən salmışam. Özüm günahkaram. Bu günahımın nəticəsi olaraq da üç uşağımın atasını bu hala saldım”.
Zərərçəkmişlər isə Leyla Əkbərovanın bu sözlərinə etiraz ediblər Onlar bildiriblər ki, müttəhim qorxduğu üçün ərini məsuliyyətdən kənarda qoymağa çalışır.
Zərərçəkmişin vəkili Vasif İsrafilov Mahir Əkbərovun Dəyanət Məmmədovla 12 min manat sövdələşməsini sübut edən “WhatsApp” danışıqlarını məhkəməyə təqdim edib.
Hakim Rahib Salamov bildirib ki, həmin danışıqlar Mahir Əkbərova qarşı ittihamların əsaslı olduğunu sübut edir. Hakim əlavə edib ki, həmin sübutların əsaslı olduğunu araşdırmaq lazımdır.
Mahir Əkbərov zərərçəkmişin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübuta etirazını bildirib. O qeyd edib ki, həmin “WhatsApp” danışıqları gerçək deyil.
Proses dekabrın 15-də davam edəcək.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA