Pul mübasihəsi ana söyüşü, söyüş isə qətllə nəticələndi - CİNAYƏT
Bizi izləyin

Hadisə

Pul mübasihəsi ana söyüşü, söyüş isə qətllə nəticələndi - CİNAYƏT

Məhkəmə prosesi başa çatıb.

Qətl törətməkdə təqsirli bilinən Şəki rayon sakini, 1975-ci il təvəllüdlü 2-ci qrup əlil Fərhad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Fərhad İsmayılov 24 iyun 2012-ci ildə, saat 1 radələrində yaşadığı evin yaxınlığından keçən Samir Məmmədovla mübahisə edib. Mübahisə zamanı hər iki şəxs sərxoş olub. Fərhad İsmayılov hesab edib ki, Rusiya Federasiyasının Komi Respublikasında fəhlə işləyəndən sonra Samir Məmmədovun qardaşı ona çatmalı olan pulu verməyib. O, bu məsələdə Sabiri günahkar bilib.

Mübahisə zamanı Samir Məmmədov Fərhad İsmayılovun qohumlarının ünvanına nalayiq söyüşlər söyüb. Sonra Fərhad İsmayılovu yerə yıxaraq sifət və baş nahiyəsinə yumruqla zərbələr vurub.

Bu zaman Samir Məmmədov Fərhad İsmayılovun sağlamlığına zərər vurmayan xəsarətlər yetirib. Fərhad İsmayılov qisas almaq məqsədilə Samir Məmmədovu öldürmək qərarına gəlib. O, cibindən çıxardığı bıçaqla Samir Məmmədova üç zərbə vurub. Samir Məmmədov qonşuları tərəfindən Şəki mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fərhad İsmayılov barədə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qatilin barəsində uzun müddət niyə hökm çıxarılmayıb?

Qeyd edək ki, Fərhad İsmayılovun barəsində uzun müddət məhkəmə hökmü çıxarılmayıb. Buna səbəb isə onun cinayət əməlini törədərkən və hazırki psixi vəziyyətinin düzgün qiymətləndirilməməsi olub. Fərhad İsmayılovun əsaslı və uzunmüddətli müayinə məqsədi ilə stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi məsləhət görülüb. Buna görə də cinayət işi üzrə məhkəmə istintaqının gedişi dayandırılıb və Fərhad İsmayılovun barəsində komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin olunub. Ekspertizanın 2013-cü il tarixdə verdiyi rəydə qeyd olunub ki, Fərhad İsmayılov Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və anlaqlı hesab olunub.

Növbəti dəfə Fərhad İsmayılovun barəsində tibbi ekspertizanın rəyi 2016-cı ilin avqustun 13-də açıqlanıb. Həmin rəydən görünür ki, cinayət əməlini törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və ya kəmağıllıq keçirməyib. Bu ekspertizanın rəyi açıqlanandan sonra Fərhad İsmayılovun barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.

“İtləri açaraq həyətə buraxdım”

Məhkəmədə ifadə verən Fərhad İsmayılov bildirib ki, iyunun 23-ü saat 22-23 radələrində yaşadığı evdə olarkən Samir Məmmədovun təklifi ilə evin yaxınlığındakı bulağın başında içki içiblər: “Söhbət zamanı Samir Rusiyada qohumlarımın yanında işləməsinə görə çatacaq pulun hamısının ona göndərilmədiyini bildirdi və söyüş söyərək mübahisə etdi. Mən isə ona məhəl qoymayaraq evimə getdim. Evdə yatmazdan əvvəl isə hər axşam olduğu kimi, həyətə bağladığım itləri açmağa getdim. Lakin nə qədər çalışsam da, itlərin kəndirlərini aça bilmədim. Buna görə də, evdən bıçağı götürüb kəndirləri kəsərək itləri həyətə buraxdım”.

“Məni təhqir etdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, itləri açaraq evə tərəf qayıdanda gecə saat 1 radələri olub: “Həmin vaxt Samir darvazadan məni səslədi. Səsə küçəyə çıxdım. Darvazanın qarşısında Samir yenidən pulunun verilmədiyini və mənim bundan xəbərim olduğunu bildirdi. Ünvanıma ana söyüşləri işlədərək nalayiq sözlərlə məni təhqir etdi. Ona evə getməsini, bu söhbəti səhərə saxlamasını təklif etsəm də, məndən əl çəkmədi. Samirdən 10-15 metr aralansam da, mübahisəni davam etdirdi. O, yumruqla sol qaşıma vurdu. Məni yerə yıxdı, başıma, qulağıma yumruqla bir neçə zərbə vurdu. Yıxılanda sol qolumun dirsək nahiyəsi çınqıl daşlara sürtünərək soyuldu. Özüm də bilmədən ehtiyatsızlıqdan Samiri bıçaqla vurdum. O, üzərimdən durandan sonra evimə gəldim. Həyətdəki əl-üz yuyulan yerdə əllərimi yudum, üzərindəki qan izlərinin yuyulması üçün isə bıçağı suyun altına qoydum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samir Məmmədovu bıçaqla vuran zaman sərxoş olub: “Samirin Rusiyada işləməsi ilə bağlı əmək haqqının bir hissəsini, yəni 1450 manatı 23 iyun 2012-ci ildə qardaşım Əlibaba ona çatdırmağım üçün mənə verib. Həmin gün pulu Samirə çatdırmışam. Əlibabanın Samirə əlavə 500 manata yaxın borcu olub. Lakin qardaşımın imkanı olmadığından pulu göndərə bilməyib. Samir də içkili olduğundan bu məsələdə günahkar məni bilib və aramızda mübahisə, dava-dalaş yaranıb”.

“Ərimi qətlə yetirməsinin dəqiq səbəbi barədə heç nə bilmirəm”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Limon Məmmədovanın sözlərinə görə, iyunun 24-də, gecə əri Samiri yaxın qonşusu Fərhad İsmayılov evlərinin qarşısında bıçaqla vuraraq öldürüb: “Samir və Fərhad sonuncunun Rusiyada yaşayan qardaşı Əlibabanın yanına gedərək tikintidə işləyib. Bir müddət işlədikdən sonra hər ikisi, əvvəlcə Samir, sonra isə Fərhad kəndə qayıdıblar. Samir gəldikdən sonrakı günü Əlibaba onun pulunun bir qismini yollayıb. Fərhad İsmayılovun 24 iyun 2012-ci ildə ərim Samir Məmmədovu qətlə yetirməsinin dəqiq səbəbi barədə heç nə bilmirəm”.

Qatilə 11 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fərhad İsmayılov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, adam öldürmə qəsdən yox, özünü müdafiə edərkən baş verib.

Fərhad İsmayılov işinə yenidən baxılmasını və ədalətli qərarın qəbul edilməsini apelyasiya instansiyası məhkəməsindən xahiş edib.

Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Fərhad İsmayılovun apelyasiya şikayəti təmin edilməyib. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm